İlin ən mühüm təyinatlarını onlar aldı...

GÜNDƏM 17 dek 2021, 09:22
Son illərdə Azərbaycan hökumətində kadr islahatları aparılır. Başa çatmaqda olan 2021-ci ildə də bu proses davam etdi.

Bu məqamda 2021-ci ildə reallaşan mühüm postlara təyinatları təqdim edirik.

General-polkovnik Kərim Vəliyev

Kərim Vəliyevin Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə gətirilməsi  2021-ci ilin ən mühüm təyinatı olduğunu desək, yəqin ki, yanılmarıq. O, bu postda hələ 2020-ci ilin sonlarından Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsindən azad edilən Nəcməddin Sadıkovu əvəzlədi.



Kərim Vəliyev müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi təyin olunmazdan öncə müdafiə nazirinin müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Gənclər və idman naziri Fərid Qayıbov

İlin digər mühüm təyinatlarından biri Fərid Qayıbovun gənclər və idman naziri təyin olunmasıdır. O, bu postda mərhum nazir Azad Rəhimovu əvəzlədi.



Fərid Qayıbov nazir təyin olunmamışdan öncə Azərbaycan Gimnastika Federasiyasının baş katibi vəzifəsində çalışırdı. Onun nazir təyin olunmasından sonra idman sahəsində müəyyən qədər canlanma hiss olunur.

Mədəniyyət naziri Anar Kərimov

Anar Kərimov 2021-ci ildə mədəniyyət naziri təyin olunsa da, onun sözügedən quruma gəlişi daha əvvələ təsadüf edir. Anar Kərimov Əbülfəs Qarayevin vəzifədən azad olunmasından sonra Mədəniyyət Nazirliyində birinci müavin kimi işə başlayıb və nazirin səlahiyyətlərini icra edib.



Anar Kərimov birinci müavin təyin olunmazdan əvvəl Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi vəzifəsində çalışıb. O, 2021-ci ilin yanvarında mədəniyyət naziri təyin edilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Mədəniyyət naziri ilə həmyaşıd olan Rəşad Nəbiyev də nazir vəzifəsinə 2021-ci ilin yanvarında təyin olunub. 44 yaşlı məmur, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilməzdən öncə, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri idi.



Əlavə edək ki, Prezident İlham Əliyevin bu ilin oktyabrında imzaladığı sərəncamla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılıb.

Nazir əvəzi Teymur Musayev

Teymur Musayev Oqtay Şirəliyevin səhiyyə naziri vəzifəsindən azad edilməsindən sonra, səhiyyə nazirinin birinci müavini təyin edilib və quruma rəhbərlik ona həvalə olunub. O, bu təyinata qədər Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri olub.



SOCAR-da yeni vitse-prezidentlər

Zaur Qurbanovla Kənan Nəcəfovun Dövlət Neft Şirkətinə vitse-prezident təyin edilmələrini də mühüm təyinatlardan hesab etmək olar. 

Kənan Nəcəfov yeni təyinata qədər İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Zaur Qurbanov isə Azərbaycan İnvestisiya Holdinqin direktor müavini olub.



Xatırladaq ki, bu il SOCAR-ın 4 vitse-prezidenti - Mikayıl İsmayılov, Bəhram Hüseynov, Tofiq Qəhrəmanov və David Məmmədov vəzifədən azad ediliblər.

Emin Məmmədov

Siyasi əhəmiyyəti olmamasına baxmayaraq, Emin Məmmədovun “Azərxalça”nın sədri vəzifəsinə gətirilməsi də yaddaqalan təyinatlardandır. 

Nəzərə alaq ki, o, bu postda sabiq və mərhum sədr Vidadi Muradovu əvəzlədi. “Azərxalça” ASC-nin İdarə heyətinin keçmiş sədri vəzifədə olduğu müddət ərzində ümumilikdə dövlət büdcəsindən 3 milyon 572 min 427 manat mənimsəməkdə ittiham olunurdu.



Emin Məmmədov Azərbaycanın xalq rəssamı Səlhab Məmmədovun oğlu, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun isə qardaşıdır. O, yeni vəzifəsinədək Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri olub.

Emin Hüseynov 

O, bu ilin mayında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Emin Hüseynov bundan əvvəl Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi olub. 



Dövlət başçısı İlham Əliyevin bir neçə gün öncə imzaladığı sərəncamla Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv edilib. Emin Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top