Deputat: “Paradın ən önəmli məqamlarından biri Ərdoğanın bu təntənəli mərasimdə iştirakı idi”

GÜNDƏM 11 dek 2021, 13:46
“Ötən il Azadlıq meydanında keçirilən Zəfər paradı növbəti tarixi hadisə idi”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.  Deputat vurğulayıb ki,  44 günlük Vətən müharibəsində Azərbaycan siyasi-diplomatik-hərbi gücünü dünyaya nümayiş etdirdi: 



“Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusundan biri kimi düşməni döyüş meydanında darmadağın etdi. “Keçilməz” Ohanyan səddi, məğlubedilməz erməni mifi dağıldı. Ermənistan ordusu 10 mindən artıq fərarisi ilə, əsgərlərin zəncirlə postlara bağlanması ilə yadda qaldı. Amma Azərbaycan hərbçisi döyüş meydanından bir addım belə geri çəkilmədi. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda  tezliklə sağalaraq, döyüş meydanına qayıdırdılar. Bu isə Azərbaycan xalqının böyüklüyü, yüksək mənəvi ruhun göstəricisi idi”.

Könül Nurullayeva diqqətə çatdırıb ki, Azərbaycan yeni nəsil müharibənin qalibi kimi tarix yazdı: “Zəfər paradında nümayiş edilən silahlar dünya mətbuatının gündəmi oldu. Paradda Azərbaycan ordusunun yeni, altıncı korpusunun yaradıldığı da məlum oldu. Bu isə yeni ordu korpusu, ondan çox yeni hərbi hissənin komplektləşdirilməsi deməkdir. Bu paradın ən önəmli məqamlarından biri qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu təntənəli mərasimdə iştirakı idi. Bu, bir daha sübut etdi ki, Türkiyə bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Ərdoğan da paradda qeyd etdi ki, “Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq.” Müzəffər Ali baş komandan İlham Əliyev Zəfər paradında bəyan etdi ki, biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Son bir il ərzində Azərbaycan öz sərhədlərində möhkəmləndi, işğaldan azad olunmuş ərazilərin genişmiqyaslı bərpası davam edir. Azərbaycan bölgənin rifahı naminə fundamental addımlar atır. Son bir ildə bölgədə güc nisbəti yenə Azərbaycanın xeyrinədir. Bundan sonra Azərbaycanın mövqeyi daha da möhkəmlənəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top