"Azərbaycan heç vaxt Ermənistanın nazı ilə oynayan deyil" — Azər Həsrət

GÜNDƏM 08 dekabr 2021, 18:38
“Ermənistanın davranışları həmişə cığallıq üstündə qurulub. Rasional, ağlabatan, hər iki tərəf üçün məqbul olan təkliflərə Ermənistan cığallıqla yanaşıb”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, ermənilər heç vaxt bunun qarşı tərəfə də xeyiri olsun deyə, bir düşüncə ilə hərəkət etməyib:

“Ermənistanı idarə edənlər həmişə düşünüb ki, xeyiri olan bir şey varsa, mütləq onu əngəlləmək lazımdır. Daha düşünməyiblər ki, bunun qarşı tərəfə xeyiri olacaqsa, həm də onların özlərinə xeyiri olacaq. Zəngəzur dəhlizi ilə bağlı durum da eynidir. Təbii ki, bu dəhlizin açılması Azərbaycanın özündən çox Ermənistana fayda verəcək. Çünki blokada şəraitində olan Ermənistanın bu dəhlizlə çox vacib, həyati əhəmiyyətli nəfəsliyi açılmış olacaq. Ermənistan 30 illik rəzalətdən və səfalətdən qurtulmaq üçün bir imkan qazanacaq. Ancaq görünən odur ki, bunlar onun fərqində deyillər. Ola bilər ki, fərqindədirlər, sadəcə olaraq, Azərbaycana da bir faydası olar deyə, bunu əngəlləmək istəyirlər. Bu isə dövlətçilik təfəkkürü deyil. Ermənistanı idarə edən siyasi liderlərin bu çatışmazlığı həmişə olub, bu gün də var”.

Analitik qeyd edib ki, Nikol Paşinyan daim bizim bölgənin hesabatları ilə hərəkət etməmək üçün çalışır:

“O, daha çox Qərbin, sorosçuların cızdığı xətt üzrə hərəkət etmək istəyir. Ona görə də problemlər bu cür uzun müddət ərzində çözülə bilmir. Keçən il müharibə bitəndən dərhal sonra Azərbaycanın verdiyi mesajlar vaxtında diqqətə alınsaydı, Azərbaycanın sərgilədiyi xoşmərama uyğun davranılsaydı, indi Zəngəzur dəhlizi məsələsi tam olaraq həllini tapmışdı. Mən demirəm ki, yol açılmış olacaqdı, orada hələ uzun müddət yol tikmək lazımdır. İkinci bir tərəfdən də, Azərbaycan ilə Türkiyə arasında olan kommunikasiyalar bərpa olunacaqdı. Ermənistan isə rahat şəkildə öz iqtisadiyyatını bərpa edəcəkdi. Amma öz günahları üzündən bunu hələ də edə bilmirlər. Azərbaycan isə heç vaxt Ermənistanın nazı ilə oynamayıb və oynayan da deyil. Ötən gün Cənab İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışı artıq çox şeydən xəbər verdi. Bağlı qapılar arxasındakı müzakirələrin hansı məcrada getdiyi haqqında çox ciddi bir xəbərlər idi. İstənilən halda, Azərbaycan qalibdir və qalib olaraq da bu sürəci davam etdirəcək”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top