"Bəzi məscidlərə kitab rəfi yerləşdirməklə... " — Elşad Miri

GÜNDƏM 17 iyul 2025, 18:52
"Bu çox gözəl ideyadır. Lakin yeni deyil. Sadəcə yeni layihə kimi təqdim edilərək iş gördükləri təəssüratı yaratmağa çalışırlar. Ölkədəki məscidlərdə bu cür kitab rəfləri olub. İllərdir getdiyim məscidlərdə buna şahid olmuşam, hətta ordakı bəzi kitablar barədə vaxtilə çalışdığım mətbu orqanlarda yazılar da dərc etdirmişəm. İndi Dini Komitə həmin kitab rəflərini “kitabxana” ifadəsiylə dəyişib böyük layihə kimi təqdim edirlər".

Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib. 

İlahiyyatçı bildirib ki, ölkəmizdə 2000 məscidin olduğu deyilir:

"Hər məsciddəki kitab rəflərinə 200 kitab yerləşdirilsə 400 min kitab edir. Bu isə milyonlarla məbləğ deməkdir. Yenə də gözəldir. Çünki təki bu cür xeyirli işlərə vəsait ayrılsın. Dünyanın müxtəlif ölkələrindəki məscidlərində bunu görmək mümkündür. Möhtəşəm görüntüdür. Bunu Dini Komitənin etməyin əvəzinə, məsciddə gələn insanların vasitəsilə etmək daha gözəl deyilmi? Demək olar ki, hər həftə cümə günləri məscidlərin elektrik enerjisi, qaz təchizatı və sairlərin ödənilməsi barədə elanlar edilir və vəsaitlər yığılır. Bu kitabxanalar üçün camaata elan etmək daha gözəl olmazmı? Hər kəs ya kitab üçün dəstək olar, ya da bu sahədə evdə oxunmamış qalmış dini kitabları gətirilərək məscidlərin kitabxlarına hədiyyə verilər. Çünki tarixdə elə alimlər olublar ki, vəfat etdikləri təqdirdə kitablarını mədrəsə funksiyanı həyata keçirən məscidlərə bağışlayırdılar. Məsələn, təkcə əl-Vaqidi vəfatından sonra 2000-dən çox kitabını bağışlamışdı. Bağdaddakı Beytul Hikmə adlanan kitabxanaya alimlər şəxsi kitablarını vəsiyyət edirdilər".

"Məscidlərin kitabxalarına hansı kitablar verilir? Bu kitabların siyahısını kim və kimlər nəyə əsasən müəyyənləşdirirlər? Sosial şəbəkələrdəki paylaşılan həmin kitab rəfinin şəkillərinə baxırsan ki, kitabların içində heç dini məzmunlu kitablar yoxdu. Heç Cəlil Məmmədquluzadənin də əsərlərini görmədim. “Molla Nəsrəddin” jurnalına da şahdi olmadım. Heydər Əliyevin dinlə əlaqəli çıxışlarından ibarət kitabı da gözümə dəymədi. 

Bu gün müsəlmanlar dinlərinin əsas kitabı olaraq qəbul etdikləri Quranı, tərcüməsini oxumadıqları halda imamlar həmin kitab rəflərinə doldurulan kitablardan imamlar hər cümə günü xütbədə sitatlarmı gətirəcəklər?Yoxsa namazdan başqa qalan vaxtlarda oturub həmin kitabları müzakirəmi edəcəklər?

Bir nüansı da öyrənmək istəyərdim. Bu kitablar təkcə məsciddə oturub oxumaq üçündür, yoxsa evə aparmağa da icazə verəcəklər? Yoxsa kitablar boşaldıqca Dini Komitə tender elan edib kitablar alıb oranı doldurmaqla işini davammı etdirəcək?  Bəlkə artıq onlayn kitablar oxumaq mümkün olduğuna görə Dini Komitə hər məscidə planşet layihəsini həyata keçirib orda ancaq onlayn oxumaq üçün də şərait yaratsın? Səsli kitablar üçün telefonlarda işləyəcək tətbiqlər həyata keçirsinlər. Hər kəs şəxsi telefonuyla QR kodu oxuyub kitab menyusuna girib istifadə etsinlər?

Lakin bu gün texnologiya əsrində  jurnalistlər üçün mediatur təşkil edərək bəzi məscidlərə kitab rəfi yerləşdirməklə guya böyük iş görürləmiş kimi ictimai fikir yaratmağa çalışmaq sadəcə əbəslə məşğul olmaq və ucuz PR vasitəsidir".


Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu məscidlərdə "Hər məsciddə kitabxana" layihəsinə başlayır.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
17 iyul 2025, 23:10
Top