500 manatlığımızın üzərindəki Xudafərin körpüsü İranı niyə qıcıqlandırıb?

GÜNDƏM 15 noy 2021, 18:56

Qarabağ Zəfərinin birinci ildönümü münasibətilə çapdan çıxan və üzərində Xudafərin körpüsünün şəklinin yer aldığı yeni 500 manatlıq əskinas İranı qıcıqlandırıb. Qonşu ölkənin əksər mətbuat orqanında yer alan iddiaya görə guya Xudafərin körpüsü İranın Milli Sərvətləri siyahısına salınıb və bu onlara qarşı hörmətsizlikdir.

Maraqlıdır ki, erməni terror qruplaşmasının bir vaxtlar Qarabağda Xudafərin körpüsünün dizaynı ilə əskinasları çap etməsi İran üçün heç bir problem yaratmasa da, Azərbaycanın qanuni əskinaslarda öz milli tarixi və mədəni irsini çap etdirməsi İranı niyə qəzəbləndirib? 

Millət vəkili Fazil Mustafa Bizim.Media-ya açıqlamasında sözügedən iddianın fərdi qaydada ortaya atıldığını və aranı qarışdırmaq üçün düşünülən bir addım olduğunu hesab edir:
 

“Hazırda İranla münasibətlərimizdə problem yoxdur və çalışırıq ki, normal olsun. İnanmıram ki, İran hökumətindən belə bir mövqe bildirilsin.

Ola bilsin ki, müstəqil jurnalsit və ya hansısa məmur bu məsələni gündəmə gətirib. Amma səfeh bir iddiadır.

Biz Xudafərin körpüsünü çiynimizə alıb, harasa daşımamışıq ki? Körpü yerində durur.

Bizim də milli sərvətimiz və dəyərimizdir. Sərvətimizi də əskinasımızın üzərində həkk etmişik, burada nə var ki?

İslam 50-dən artıq ölkənin mənəvi dəyəridir. İndi kimsə İslam simvolundan istifadə etsə, İran qıcıqlanmalıdır ki, biz İran İslam Respublikasıyıq, niyə İslamın adını götürmüsünüz, məndən icazə almalısız? Belə bir axmaqlıq və səviyyəsiz yanaşma olar? Xudafərin körpüsü İranın da dəyəridirsə olsun, lap yaxşı...Qoy İran da körpünü pulunun üzərinə həkk etsin. Biz niyə etiraz etməliyik? Söhbət xəritədən və ya ərazidən gedirsə, onda etiraz etsinlər ki, bizim ərazimizi hansısa yerdə göstərmisiz”. 

Deputatın fikrincə, bu məsələdə ümumi milli sərvətdən söhbət gedir, bunun ərazi iddiası və siyasi tələbə heç bir aidiyyəti yoxdur: 

“Bu, nəyə təsir edən bir məsələdir ki? Atəşgahı pulun üzərində əks etmişik. İndi Hindistandan zərdüştlüləri qalxsın ki, bizim simvolumuzu niyə pulun üzərində əks edirsiz? Azərbaycanın mənəvi abidələrini, məsələn Ərk qalasının şəklini pulumuzun üzərində verməyək ki, İran inciyəcək? Onda şerlərdən, şadlıq evlərindən Xudafərin sözünü yığışdıraq ki, İranın xoşuna gəlmir? Yaxud bizdə Təbriz küçəsi var, yığışdıraq? Həmin iddianı məntiqsiz, mənasız və savadsız yanaşma hesab edirəm”. 

Məlumat üçün bildirək ki, Xudafərin körpüsü XI əsrə aid olan Azərbaycanın milli-mədəni dəyərlərini göstərən ən mühüm tarixi və unikal abidələrindən biridir. 15 aşırımlı Xudafərin körpüsü 1027-ci ildə Azərbaycan hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa etdirilib. 11 aşrımlı körpü isə XIII əsrdə Elxanilərin Azərbaycanda hakimiyyəti dövründə inşa və yaxud bərpa edilib.

Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunan Xudafərin körpüsü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağılmış və sonradan bərpa edilib.

Təbii qayalar üzərində inşa edilən Xudafərin körpüsünün bir hissəsi dövrümüzədək gəlib çatıb. Tarixə şahidlik edən bu körpü qədim və orta əsrlərdə kommunikasiya vasitəsi kimi böyük rol oynayıb, Azərbaycan ellərinin cənubdan Qarabağa gedən köç yolunun əsas qovşağı olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top