“Qarabağdakı son proseslər türk dövlətlərinin birləşməsinə qarşı yönəlib” AÇIQLAMA

GÜNDƏM 15 noy 2021, 18:49
“Son dövrlər Türkiyənin dünyada nüfuzu artmaqdadır və türk dövlətlərini öz ətrafında birləşdirir. Bunun sübutu olaraq, ötən gün İstanbulda türk dövlətləri bir araya gəldi. Təbii ki, bu birləşməni həm regionda, həm də bütün dünyada gözü götürməyən qüvvələr var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

Politoloq qeyd edib ki, bir sıra qlobal güclər bu birləşmənin, yaxınlaşmanın qarşısını almağa çalışır:

“Dünyanın digər nöqtələrindən buna vasitə, yol tapa bilmirlər. Məhz buna görə də Qarabağdan, Azərbaycan torpağından erməninin əlindən istifadə edərək bunu etməyə çalışırlar. Amma Qarabağda baş verən son hadisələr sadəcə türk dövlətlərinin birləşməsinə qarşı yönəlməyib, eyni zamanda Azərbaycan-Türkiyə arasında gedən proseslərə mane olmağa doğru istiqamətlənib”. Ə.İbrahimov diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə yaxınlaşması, o cümlədən Zəngəzur dəhlizinin açılması istiqamətində gedən proseslər bir çox dövlətləri bu gün çox narahat edir: “Bildiyiniz kimi, təxminən bir ay bundan qabaq Ermənistan Azərbaycanla yüksək səviyyədə danışıqların aparılmasına razı olduğunu ifadə etmişdir. Azərbaycan prezidenti Cənab İlham Əliyev də verdiyi bəyanatlarda bu danışıqlarda iştirak etməyə hazır olduğunu bildirdi. Lakin bundan sonra Ermənistan tərəfi bir qədər geri çəkildi. Hazırda sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılmasıyla bağlı müəyyən ləngimələr törədən qüvvələr var. Təbii ki, bu qüvvələr də Qarabağda təxribatlar törədirlər, bu üç dövlətin sülh şəraitində yaşamasını qarşısını almaq istəyirlər. Qarabağda olan proseslər və təxribatlar həm Türk dövlətlərinin birləşməsinin qarşısını almağa, həm də regionda gedən pozitiv proseslərin qarşısını almağa istiqamətlənib. Düşünürəm ki, bu təxribatlar proseslərə mane ola bilməyəcək. Hesab edirəmki, Türk dövlətlərinin yaxınlaşmasını qarşısını ala biləcək elə bir qüvvə olmayacaq. Müəyyən qədər bu proses ləngiyə bilər, ancaq gələcəkdə irəliyə doğru gedəcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top