“Azərbaycan rus sülhməramlılarının fəaliyyətindən narazı olduğunu sərt şəkildə elan etməlidir” — AÇIQLAMA

GÜNDƏM 15 noyabr 2021, 11:35
“Bəyannamənin imzalamasından bir ildən artıq vaxt keçir. Bu müddətdə rus sülhməramlılarının bir çox təxribatlarının şahidi olduq və hələ də davam edir. Bura bəyannamənin bir neçə bəndinin yerinə yetirilməməsindən tutmuş, erməni silahlılarının tərksilah edilərək Qarabağdan çıxarılması, bilavasitə sülhməramlıların Laçın dəhlizinə nəzarət, İran tırlarının, erməni yaraqlılarının, Ermənistan rəsmilərinin Qarabağ ərazisinə icazəsiz girişi daxildir. Eyni zamanda, sülhməramlıların sayının icazəsiz artırılması, Qarabağdakı özbaşına inşaat, humanitar fəaliyyətləri və ən nəhayət isə son günlərdə Şuşadakı postumuzda əl qumbarası ilə əsgərlərimizə edilən hücumla əlaqəli baş verən hadisələr bu məkrli təxribatlar sırasındadır. Bir illik fəaliyyət üçün sadalanan təxribat və fəaliyyətsizliklər bir daha onu göstərir ki, rus "sülhməramlıları" Qarabağa sülh yaratmaq üçün deyil, əksinə sülhə mane olmaq üçün gəliblər”.

Bunu Demokrat.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. 



Politoloq hesab edir ki, rus sülhməramlılarının bundan sonrakı fəaliyyəti heç də bundan fərqli olmayacaq, hətta getdikcə daha dağıdıcı hal alacaq: 

“Azərbaycan dövləti və ordusu rus sülhməramlılarının fəaliyyətindən narazı olduqlarını kəskin və sərt şəkildə elan etməlidir. Hətta, bu fəaliyyətdən ciddi narazı olduqlarını bildirməlidirlər. Rus sülhməramlıları hələ ki, mövcud olduqları yerdə heç bir sülh yarada bilməyiblər, daha doğrusu yaratmaq istəməyiblər. Bu baxımdan, onlardan xeyirxah missiya gözləmək sadəlövhlükdür. Ordumuz hər gün erməniləri təzyiq altında saxlamalı, gərginliyi davam etdirməlidir. Heç bir erməni özünü Qarabağ ərazisində rahat hiss etməməlidir. Bu gərginlik sonda sülhməramlıların da fəaliyyətinin qənaətbəxş olmadığı görüntüsünü yaradacaq və dörd ildən sonra onların fəaliyyətinin nəticəsiz olduğunu əsas gətirilərək, ərazidən çıxarılmasını tələb etmək üçün Azərbaycanın əlinə bəhanə verəcək. Qeyd edim ki, 44 günlük müharibənin son günündə imzalanan kapitulyasiya bəyannaməsi doğru addım idi. Amma Rusiya qoşunlarının Qarabağa "sülhməramlı" adı altında yerləşdirilməsi çox məkrli və uzun müddətli təxribat planının bir tərkib hissəsi idi”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top