“Ermənilərin bütün vaxtlardakı işğalında Rusiya fəal iştirak edib” — Xocalının deputatından sülhməramlılara ETİRAZ

GÜNDƏM 12 noy 2021, 13:02
“Rusiya sülhməramlılarının Xankəndidə yerləşən hərbi şəhərcikdə ermənilər tərəfindən sülhməramlıların şərəfinə qoyulan abidə ruslarla ermənilər arasında olan münasibətin tarixi həqiqətinin əksidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. 

Deputat bildirir ki, vaxtilə erməniləri dünyanın müxtəlif bölgələrindən xüsusilə, İrandan və Türkiyədən yığıb gətirən, bizim ata-baba torpaqlarımızda məskunlaşdıran və onlara “Ermənistan” adında dövlət yaradan əvvəl Çar Rusiyası, sonra da Sovet hökuməti olub: 

“Bu gün də bu ənənəni Rusiya Federasiyası çox yüksək səviyyədə davam etdirir. Onlar erməniləri daim müdafiə etməklə məşğuldur. Bu abidə və başqa abidələr də onların şərəfinədir. Burada yeni bir şey demirik, bu, tarixi həqiqətdir. Tarixə nəzər salsaq görərik ki, Sovet hökuməti 1920-ci ildə 9 min kvadrat kilometrlik İrəvan xanlığı, Azərbaycanın tarixi əraziləri alınaraq ermənilərə verilib və Ermənistan dövləti yaradılıb. Ondan sonra o dövlətin əraziləri, kimin torpaqları hesabına genişləndirilib Sovet dövründə? Bizim Azərbaycanın torpaqları hesabına genişləndirilib. Sirr deyil ki, ermənilərin bütün vaxtlardakı işğalında Rusiya fəal iştirak edib. Əlbəttə ki, bu məsələ gizlin deyil, tarixi həqiqətdir. Xocalı soyqırımının törədilməsində o vaxt ki, 366-cı alayın fəaliyyəti də danılmazdır. Torpaqlarımızın işğal olunmasında rus silahının, əsgərlərinin iştirakı danılmaz faktdır. Bu gün də o proses sülhməramlı adı altında, onun bayrağı altında davam edir. Yəni ruslarla ermənilərin tarixən bir olduğunu, rusların həmişə ermənilərin müdafiəçisi olduğunu, onları qoruduğunu təsdiq edən nümunəvi bir sübutdur. Biz bundan nəticə çıxarmalıyıq!”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top