Ermənistanın Oxçuçayı çirkləndirməsinin qarşısını almaq üçün proqram hazırlanır

GÜNDƏM 29 okt 2021, 11:45
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Demokrat.az xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində hərbi-siyasi, sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli ilə bağlı Fəaliyyət Planı” üzrə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.

Ermənistan ərazisindən mütəmadi çirklənməyə məruz qalan Oxçuçayda aparılan monitorinqlərin genişləndirilməsi, o cümlədən fiziki-kimyəvi analizlərlə yanaşı biomonitorinqlərin aparılması, ağır metallara həssas indikator növlərin müəyyən edilməsi və belə növlərin biokütləsinin hesablanması üzrə tədqiqatların aparılması üçün elmi institutlar cəlb olunmaqla plan-proqramın hazırlanmasına başlanılıb.



“Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər, o cümlədən işğaldan azad olunan ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədilə Qoruq ərazisində ekoloji vəziyyətin qiymətləndirilməsi istiqamətində görülən işlər və planlar haqqında müzakirələr aparılıb.

Artıq bir-neçə ildir ki, dostluq və qardaşlıq rəmzi olaraq “Gələcəyə nəfəs ol” kampaniyası çərçivəsində Türkiyədə aparılan ağacəkmə tədbirlərinə ölkəmiz də qoşulur. Hər il olduğu kimi bu ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək ağacəkmə tədbirləri işğaldan azad edilmiş ərazilərdə ətraf mühitin sağlamlaşdırılması ilə bağlı hədəflərimzə uyğun olaraq bu dəfə Qarabağ və Şərqi Zəngəzurda da geniş miqyasda keçiriləcək.

Görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturu layihələrinin icrasında ətraf mühit məsələləri, peyk təsvirləri əsasında işğaldan azad edilmiş ərazilərdə meşə ehtiyatlarının ilkin qiymətləndirilməsi haqqında qrup üzvlərinə məlumat verilib.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top