Qubadlı dağları yenidən gülüstana dönür

QARABAĞ 20 okt 2021, 18:58
10 yaşımı yenicə tamamlamışdım. Onda ilk dəfə idi ki, Qubadlı haqqında bu qədər geniş məlumat eşidirdim. Xəbərlərin çoxluğu altında qalıb sıxılmışdım. Özü də ağrılı-acılı məlumatlar. O məlumatlar ki, hələ uzun müddət sinəmizi dağlayacaq, hələ uzun müddət köks ötürərək xatırlayacaqdıq. Xəbərlərin ağırlığı ona inanmamağa vadar edirdi. Bəlkə də acı, real olanlara inanmaq istəmirdik. 10 yaşlı yeniyetmə olaraq aldığım xəbərlərin dəhşətini daha çox ətrafımdakı insanların keçirdiyi təlaşdan, həyacanından, qəm-qüssəyə qərq olmasından anlayırdım. Sonralar düşünəndə başa düşəcəkdim ki, gör, o vəhşəti yaşayan yeniyetmələr hansı hallara düşüb, hansı dəhşətləri yaşayıblar.

Milli Qəhrəman Çingiz Mustafayevin titrək səsindən eşitdiyim “Qubadlı” kəlməsini və fəryadını heç vaxt unutmayacaqdıq. 

31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Qubadlı rayonunun işğalı nəticəsində 29997 nəfər soydaşımız məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Onlar respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilsələr də bu “müvəqqətilik” 30 il çəkdi. Necə deyərlər bir igidin ömrüdür bu müddət. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. İndi bu rəqəmləri oxuyanda millətimizi sevməyənlərə statistika kimi görünə bilər. Lakin o rəqəmlərin hər birinin altında bizim soydaşlarımızın acı taleyi, insan faciəsi dayanır. 

Rayonun coğrafi mövqeyinə və təbiətinə nəzər yetirdikdə onun Azərbaycan üçün əhəmiyyətini bir daha anlamış oluruq. Qubadlı ölkəmizin  cənub qərbində yerləşməklə, səthi əsasən dağlıqlardan ibarətdir. Rayon qərbdən 120 km məsafədə Ermənistanla, şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Ümumilikdə rayonda 79812 hektar torpaq fondu vardır. İşğala qədər bundan 14956 hektarı əkin, 850 hektarı çoxillik bitki, 631 hektarı biçənək, 17192 hektarı örüş-otlaq, 543 hektarı həyətyanı, 13160 hektarı meşə, 582 hektarı bağ və üzümlüklər idi. Rayonun ərazisindən Bərgüşad, Həkəri çayları və onların qolları (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axır. İşğaldan öncə Qubadlıda 13160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə və faydalı qazıntı ehtiyatları ilə də zəngindir. Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Göründüyü kimi həm coğrafi mövqeyi, həm içməli su və təbii ehtiyatları ilə böyük əhəmiyyət daşıyan Qubadlı Azərbaycanın ayrılmaz hissəsidir. Ona görə də Vətən Müharibəsi zamanı, digər ərazilərimizdə olduğu kimi, Qubadlının da azad edilməsi üçün igidlərimiz çox mükəmməl, uğurlu hərbi əməliyyat keçirdilər. Belə ki, rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər 30 il işğal dövrü ərzində güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. 

Beləliklə müzəffər Azərbaycan Ordusu öz qələbəsi ilə daha bir acımızı bizə  unutdurdu. Bunun ardınca 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi. 

Qubadlının işğaldan  azad edilməsindən sonra ermənilərin törətdikləri hərbi cinayətlər bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. İşğal müddətində rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurulmuşdu. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınmışdı. Bundan əlavə rayonun təbii ehtiyatlarını isə vəhşicəsinə talan etmişlər. 
Müzəffər sərkərdə, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, düzgün qərarları və möhkəm iradəsi sayəsində, digər rayonlarımız kimi, Qubadlı da  işğaldan azad edildi. 2020-ci il 23 dekabrda Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə olmaqla yanaşı düşmənin sonunu surətləndirdi. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. 

Hər kəs bilməlidir ki, Azərbaycanın igid oğlanları döyüşərək, canlarını vətən üçün fəda edərək Qubadlını işğaldan azad edib. İgidlərimiz döyüş meydanında düşmənə qalib gəldi. Şəhərin azadlığı uğrunda çox ağır, şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar. 

Seymur Qasımbəyli

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top