Qazın və işığın yeni qiymətinə etiraz edənlərin məqsədi safdır?

GÜNDƏM 18 okt 2021, 13:06
İki gündür bir qism insan işığın və qazın qiymətinin qalxması ilə bağlı sicilləmə statuslar paylaşır. Əksəriyyəti də media nümayəndələri… Saqqızlanmış ifadələr, "bolota"dan səslənən klassik boğuntu və ənənəvi öskürək səsləri baş aparır. Sanki boks əlcəklərini geyinib rinqdə havaya yumruqlar yağdırırlar. Kimin kimə nə kini, umacağı, qəzəbi varsa, üstünə qusur.

Qazın və işığın yeni qiymətinə eitraz edən jurnalistlərin əksəriyyətinin altında bahalı maşını, yaxşı gəliri və işıqlı yaşam, ev şəraiti var. İnciməsinlər. Onları hamımız tanıyırıq. Sağlıqlarına qismət, amma… Sizdə olan bu maddi nemətlər bizdə və çoxlarında yoxdur, barı azacıq düşünün. Həqiqətən də bu adamların dərdi 1-2 qəpikdir? Bəlkə xalqı düşünürlər? Buna da inanmıram! Allah sizi niyə güldürmür, bilmirəm. Gün ərzində 50 manatlıq benzin tökür maşınına, mənə zəng edib qiymət artımına böyürə-böyürə etiraz edir.

Tarif Şurasının qərarını əsaslandırmağa çalışan bir qrup jurnalistləri də hökumətə yaltaqlanmaqda ittiham edirlər. Bu ittihamı da həmkarları səsləndirir. Məntiqlə yanaşsaq, kim düz edir, bu qərarı normal şəkildə şərh edən jurnalistlər, yoxsa öz həmkarlarını hədəf seçən jurnalistlər?

İttihama baxın: Niyə saytlar qazın və işğın qiyməti ilə bağlı “qalxdı” yox, “dəyişdi” yazıblar. Tutaq ki, hamı “qalxdı” yazdı, o zaman nə dəyişəcək? Ay xanım, ay bəy, qısası mediadan niyə alırsan!?

Evdə gülə-gülə, kafedə yeyib içə-içə, parkda gəzə-gəzə bir-iki cümlələlik yarılağlağı, yarıciddi statuslar paylaşıb qazın, işğın yeni qiymətinə etiraz edənlərlər həqiqətən 2 qəpiyin davasını edirlər? Əsla!

44 gün ərzində Azərbaycana müharibənin hər günü 50 milyona başa gəlirdi. Kiçik rəqəm deyil, eləm!?

Müharibənin fəsadlarının aradan qaldırılması, şəhid ailələrinin, qazilərin problemlərinin həlli, Qarabağın bərpasına xərclənəcək vəsaitlərin bundan dəfələrlə çox olacağını dərk etmək belə çətindir?

Mən demirəm ki artımdan əldə oluna gəlir bu məsələlərə sərf olunacaq. Amma normal və sivil dildə iqtisadçılar da, aidiyyatı qurumlar da qazın və ektrikin qiymətindəki dəyişikliyin vacibliyini detallı izah etdilər.

Dedilər ki, bu hakimiyyət Qarabağı azad edə bilməz. Amma Qarabağ azad edildi.

Dedilər, bu hakimiyyət Ermənistana dəstək verən Fransaya heç nə deyə bilməz. Amma İlham Əliyev başqa olmaqla, bütün xalq Fransaya öz yerini göstərdi.

Dedilər, İran Ermənistan deyil, bizi məhv edərlər. İndi İran “şirə” dönüb” qarşımzıda quyruq bulayır.

Axır ki, bu ölkədə bu ciddiyəti anlayan zümrə tapıldı. Halbuki 30 il ərzində Azərbaycan müxalifətinin məğlubiyyətinin də əsas səbəbi İlham Əliyevi ciddiyə almaması idi. İllərdir Əliyevi ittiham edənlər tarixi həqiqətlərin qarşısıda aciz qaldılar.

Bəlkə də bu ölkədə ayda 5 manat işıq, qaz pulu ödəməyə imkanı çatmayan ailələr var. Və onların səsi çıxmır. Ancaq özünü 5 manata ehtiyac duyan adam kimi aparan media “təəssübkeşləri”nin bu halı adamda təkcə təəssüf və ikrah yaratmır.

Mən, orta məktəbdə oxuyanda bir cırıq ayaqqabını 4 il geyinən adamam! Vaxtilə kasıblığın da, çarəsizliyin də dibini yaşamış, ümidsizliyin qoltuğu altında kürəyi əzilmiş, ermənilərlə üzbəüz səngərdə ac-susuz, yuxusuz dayanan adamam! Mənə və ya başqasına 2 qəpiyin hansı “möcüzə”sindən dərs keçəcəksiniz, anlamıram…

Öz həmkarlarını qarğışa, söyüşə məruz qoyan və onları yaltaqlıqda ittiham edən əziz həmkarlar! Vallah, kənardan hamı aydın görünür. Mən demirəm ki, hər şey yaxşıdır, əladır.

Amma nəyəsə etiraz edəndə də çalışın bu etirazı bekarçılqıdn etməyin!

Hərəyə bir keçə yamamayın, hansısa jurnalistə, məmura kininiz varsa, fürsəti düz seçin...

Samir Feyruzov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top