Azərbaycanın Qoşulmama Hərəkatında fəaliyyəti hər iki tərəfə nələr qazandırıb?

GÜNDƏM 11 okt 2021, 21:47
Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Hərəkatın 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı (videoformatda) zamanı bir sıra məqamların üzərində xüsusi olaraq dayandı. Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyini vurğulayan Prezident Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Hərəkatın yeddi ölkəsinin verdiyi dəstəyin dəyərli olduğunu bildirdi.

Prezidentin bu xatırlatması təsadüfi deyildi. Çünki bu hadisə həm Qoşulmama Hərəkatının artan nüfuzunun, beynəlxalq aləmdə qərarların qəbuluna təsir etməsinin, həm də Hərəkatın öz prinsipial mövqeyinə, beynəlxalq hüquqa möhkəm sadiqliyinin göstəricisi kimi tarixə həkk olunub.
Həmin vaxt nə baş vermişdi?

Vətən müharibəsi zamanı 25 illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasının yadına Qarabağ münaqişəsi düşmüşdü, 29 sentyabr və 19 oktyabrda müzakirələr təşkil edilmişdi. Hansı ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etsə də, onların icrası ilə bağlı hər hansı müzakirələr təşkil etməmişdi. Şura sonuncu belə müzakirəni 1995-ci ildə keçirmiş, sonra bir dəfə də olsun bu məsələyə qayıtmamışdı. Danılmaz faktdır ki, qeyd olunan qətnamələrdə Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilsə də, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulansa da, Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılması tələb olunsa da, ötən 25 ildə bunun həyata keçməsi üçün hər hansı addım atılmadı.

Və birdən-birə Vətən müharibəsində Azərbaycanın cəbhədə irəlilədiyi, qələbəyə yaxınlaşdığı bir ərəfədə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar müzakirələr keçirildi, Şuranın sədri adından bəyanat layihəsi hazırlandı. Rusiya və Fransa tərəfindən ərsəyə gətirilən bəyanat layihəsində Şuranın məlum qətnamələrinə hər hansı istinad isə öz əksini tapmamışdı.

BMT Təhlükəsizlik Şurasının özünün qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli bəyanatın qəbul edilməsi isə baş tutmadı. Məhz Şuranın qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent, Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, qətnamələrə istinadın bəyanata daxil olunmasına israr etdilər. Hərəkata üzv dövlətlərin prinsipial və ədalətli mövqeyindən sonra məlum bəyanat layihəsi rəsmən geri götürüldü.
Bunun müharibənin getdiyi bir zamanda Azərbaycan üçün əhəmiyyətini anlatmağa lüzum yoxdur.

Hərəkatın bu haqlı mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, Bandunq prinsiplərinə sadiqliyin nümayiş ilə yanaşı, Azərbaycana hörmətin əyani nümunəsi idi.
Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir və ötən dövrdə Hərəkatın beynəlxalq nüfuzunun güclənməsinə önəmli töhfələr verib. Hərəkatın sədri kimi Azərbaycan fəal surətdə çoxtərəfli diplomatiyanı, həmçinin multilateralizmi təşviq edib və bu, dünya birliyi tərəfindən təqdir olunub. Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi, BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamənin qəbul edilməsi kimi təşəbbüsləri

Qoşulmama Hərəkatının imicinin möhkəmlənməsinə böyük töhfə verib. Faktlara diqqət edək:

- Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürüb, pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən olub. Azərbaycan Hərəkatın sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib (Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası);

- Ölkəmiz “Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı açıq mövqe ortaya qoyub, Hərəkatın adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb, həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunub;

- Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb ki, bunun 5 milyonu zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldilib. Bununla yanaşı, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilib (dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edilib);

- Azərbaycanın sədrliyi dövründə Hərəkatın beynəlxalq müstəvidə daha da güclənməsinə xidmət edən addımlar atılıb, qurumun digər təşkilatlarla əməkdaşlığının qurulmasında mühüm işlər görülüb. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə mövzusunda keçirilmiş sammitində tarixdə ilk dəfə olaraq Avropa İttifaqının yüksək rəsmiləri çıxış edib. Bu, Avropa İttifaqı kimi nüfuzlu qurumun artıq Hərəkatın mövcudluğunu, gücləndiyini qəbul etməsi idi. Zirvə görüşünə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də qatılıb;

- Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atıb. Həmçinin, artıq Hərəkatın Gənclər Şəbəkəsinin təsis iclası keçirilib və s.

Siyahını daha da genişləndirmək mümkündür. Sadalananlar 2019-ci ildən sonra Qoşulmama Hərəkatı çərçivəsində görülən işlərin nə qədər əhəmiyyətli və geniş spektrli olduğunu görmək üçün yetərlidir.

Bu tarixi hadisələr paralel olaraq Azərbaycanın beynəlxalq münasibətlər sistemində oynadığı rolu və Prezident İlham Əliyevin lider kimi şəxsi nüfuzunu qabarıq formada ortaya qoyur. Diqqət etsək görərik ki, dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan Covid-19 pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü sayəsində mümkün oldu. Azərbaycan belə önəmli mövzuda qlobal liderliyi öz üzərinə götürdü və Azərbaycanın “orta güc” olduğu faktoru açıq şəkildə göründü. Azərbaycan oynadığı rolla isbat etdi ki, ərazisi və əhalisi çox böyük olmayan ölkə qlobal səviyyədə necə nəhəng işlər görə bilir.

Bütün bunlar onunla tamamlandı ki, cari ilin iyul ayında Qoşulmama Hərəkatına üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Belə ki, Hərəkat üzvləri Azərbaycana müraciət ünvanlayaraq, sədrliyi əlavə bir il müddətinə həyata keçirməyi xahiş etdilər və ölkəmiz öz növbəsində bu təklifi qəbul etdi.

Hərəkat üzvləri tərəfindən Azərbaycanın sədrliyinin bir il uzadılmasına dair qərarın verilməsi qurum üzvlərinin Azərbaycana olan etimadının, inamının növbəti təzahürü olmaqla, cənab Prezidentin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir. Eyni zamanda, bu qərar Azərbaycanın ədalətə, beynəlxalq hüquqa və multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək dəyərdir.
Şübhə yoxdur ki, Azərbaycanın Hərəkata sədrliyi uğurla davam edəcək, ölkəmizin fəaliyyəti qurumun gələcək sədrləri üçün nümunə rolunu oynayacaq.

Onu da vurğulamaq vacibdir ki, ötən zaman kəsiyində Azərbaycan Prezidenti BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının nüfuzunun daha da artmasına, mövqelərinin güclənməsinə olduqca önəmli töhfələr verib. Bununla yanaşı, bu quruma üzvlük və sədrlik Azərbaycana Ermənistanın təcavüzünə qarşı mübarizədə güclü, yekdil beynəlxalq dəstək qazandırıb. Ölkəmizin keçmiş münaqişə ilə bağlı mövqeyi Hərəkatın sənədlərində birmənalı şəkildə dəstəklənib. Bu gün isə Prezident İlham Əliyev bu mötəbər beynəlxalq tribunadan Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qalmasını elan edir, Azərbaycanın gələcəklə bağlı mövqeyini dünyaya çatdırır...

Əməkdar jurnalist Elman Babayev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top