"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin səhhəti pisləşdi — Məhkəmə

SOSİAL 11 okt 2021, 18:25
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində təkrar dindirilməyə çağırılmış mühasib Samirə Quliyevanın gəlmədiyi elan edilib.

İlqar İsmayılovun vəkilləri ötən məhkəmə iclasında "İdeal Kompani"də mühasib işləmiş Samirə Quliyevanın əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb və təmin olunub. Çünki İlqar İsmayılovun şirkətin xəzinəsinə 2 milyon manat mədaxil etdiyini təsdiqləyən qəbzlərdə mühasibin imzası var. O da bundan əvvəl məhkəmədə dindiriləndə imzaların ona məxsusluğunu təsdiqləyib. Məhkəmə qərar verib ki, Samirə Quliyeva növbəti məhkəmə iclasına da çağırılsın. Daha sonra məhkəmədə sənədlərin tədqiqinə başlanıb. Cinayət işi materiallarında olan, İlqar İsmayılov haqqında 2017-ci ildə başlanmış, 2018-ci ilin yanvarında xitam verilmiş cinayət işi ilə bağlı sənədlər elan olunub. O sənədlərdən məlum olur ki, həmin vaxt da iş adamı "İdeal"ın xəzinəsindən mənimsəmədə ittiham olunub. Lakin audit rəyi əsasında cinayət işinə xitam verilib. Rəy İlqar İsmayılovun şirkətin direktoru olduğu 2016-cı ilə qədərki dövrü əhatə edib. Audit rəyində qeyd olunub ki, cəmi 46 min manatlıq kənarlaşma aşkarlanıb. Həmin məbləğ də İsmayılov tərəfindən şirkətə ödənilib. Ona görə də cinayət işinə xitam verilib.

Vəkillər bildirib ki, İlqar İsmayılovun direktor olduğu 2006-2016-cı illərlə bağlı araşdırma aparılıb, hüquqi qiymət verilib. Lakin indiki halda, yenə də o, eyni dövr üzrə eyni əməldə ittiham olunur və bu da qanuna ziddir. Çünki qanun şəxsin eyni əmələ görə iki dəfə cəzalandırılmasını qadağan edir. Hakim bildirib ki, bu məsələyə müşavirə otağında qiymət veriləcək. Daha sonra iş materiallarında olan sənədlər, o cümlədən "İdeal"ın xəzinəsindən pul çıxarılması haqda məxaric qəbzləri elan edilib. Məlum olub ki, o vəsaitləri İsmayılovun çıxardığı iddia olunsa da, sənədlərdə onun imzası yoxdur. İş adamı həmin vəsaitləri şirkətdən götürmədiyini, imzası olmayan qəbzlərin də saxta olduğunu bildirib. Proses oktyabrın 18-də davam edəcək. Məhkəmədən sonra İlqar İsmayılovun səhhəti pisləşib. Vəkil İlhamə Həsənovanın bildirdiyinə görə, bununla əlaqədar məhkəmə binasına təcili yardım çağırılıb. İttihama görə, İlqar İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. İstintaq orqanı tərəfindən onun basində Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top