Rafiq Hüseynov: "Karyeramı bitirib millinin məşqçisi olmaq istəyirəm"

İDMAN 09 okt 2021, 10:14
"Nəhayət, dünya çempionu oldum. İki ay öncə demişdim ki, bu titulu qazanaraq tarix yazmaq istəyirəm. Və mən bunu etdim. Artıq yalnız zövq almaq, sırf hobbi kimi güləşə bilərəm".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında qızıl medal qazanması barədə Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

82 kq çəki dərəcəsində finalda türkiyəli Burhan Akbudakı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı ən çətin görüşünün yarımfinala təsdüf etdiyini söyləyib: "Çünki rəqibim rusiyalı Adlan Akiyev Avropa çempionudur. Düşünürəm ki, final görüşüm yarımfinal kimi ağır olmadı. Hətta deyərdim ki, asan alındı. Qalib gəldiyim üçün xoşbəxtəm".

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki, final qarşılaşmasından öncə atası ilə danışaraq dünya çempionatından sonra karyerasını bitirmək istədiyini deyib: "Amma atam dedi ki, dostum, 5-6 ay dincəldikdən sonra yenidən güləşmək istəyə bilərsən. Bilirəm ki, karyeramı bitirməyimi istəmədiyi üçün belə dedi. İndi dəqiq heç nə deyə bilmərəm. Millinin məşqçisi olmaq istəyirəm. Lakin federasiya 2024-cü il Paris olimpiadasınadək güləşməyimi istəsə, davam edəcəyəm. Güləşi sevirəm. Bu, mənim işim deyil, həyat tərzimdir".

Qeyd edək ki, bu, Rafiq Hüseynovun karyerasında ilk dünya çempionluğudur.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top