Suqovuşanın işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlıq nümunəsidir — Vüqar Rəhimzadə

GÜNDƏM 04 okt 2021, 17:54
«44 günlük Vətən müharibəsinin hər gününü tariximizə qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu   2020-ci il oktyabrın 3-də Tərtər rayonunun  Suqovuşan (keçmiş Madagiz) qəsəbəsini və Talış kəndini  Ermənistan silahlı qüvvələrinin işğalından azad etdi. Artıq həmin vaxtdan bizi bir illik zaman məsafəsi  ayırır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev  oktyabrın 3-də  Bərdə və Tərtər rayonlarına səfəri çərçivçəsində Suqovuşan qəsəbəsində və Talış kəndində bayrağımızı ucaltdı. Bu mühüm hadisənin çox dərin   rəmzi mənası və əhəmiyyəti vardır. 30 ilə yaxın dövrdə torpaqlarımızın işğaldan azad edilməsi, üçrəngli bayrağmızın bu ərazilərdə dalğanlanması arzusu ilə yaşayan xalqımız artıq  bir ildir ki,  bu reallığın sevincini yaşayır. Ölkə Prezidentinin işğaldan azad edilmiş torpaqlarımıza  səfərləri zamanı bayrağımızın ucaldılması mərasiminin xüsusi qeyd olunması isə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha bu  ciddi mesajı çatdırır: Bayrağımız torpaqlarımızda  daim  dalğalanacaq, biz doğma Qarabağımızda   əbədi yaşayacağıq.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, 2020-ci il oktyabrın 3-də Suqovuşan qəsəbəsinin  və Talış kəndinin  işğaldan azad olunması Azərbaycan Ordusunun gücünün, qüdrətinin əyani təcəssümü, əsgər və zabitlərimizin qəhrəmanlıq nümunəsidir: «Bu yerləri işğaldan azad etmək naminə  ölümün gözünə dik baxmaq, müqəddəs məqsəd uğrunda  savaşa atılmaq  xalqımızın böyüklüyünü göstərir. Hər iki yaşayış məntəqəsində  Dövlət bayrağının ucaldılması ilə şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiram ifadə olundu. Qələbəmiz  isə birliyimizin, həmrəyliyimizin, «Dəmir yumruq» kimi birləşməyimizin təqdimatı oldu. Bu birlik, eyni zamanda, orduya dayaq oldu, Müzəffər Ali Baş Komandana  arxa olaraq Zəfərimizi təmin etdi. Azərbaycan Ordusu düşmənin başını əzdi, dünyanın hərb tarixinə yeni parlaq  səhifə yazdı. «Qarabağ Azərbaycandır və nida işarəsi» devizi  Vətən müharibəsinin  rəmzinə çevrildi.»

Suqovuşan qəsəbəsinin  və Talış  kəndinin strateji əhəmiyyətindən bəhs edən V.Rəhimzadə vurğulayıb ki,  bu ərazilərdə  düşmənin çox böyük canlı qüvvəsi və hərbi texnikası cəmləşmişdi: «Kəndlərin azad olunması  bölgədəki strateji yollara  nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti, manevrləri üçün çox böyük problemlər, məhdudiyyət yaradıldı. Vətən müharibəsinin  son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmədi.  Azərbaycan Ordusunun taktiki addımları və manevr  imkanları düşünülmüş addımlar idi. Bir sözlə, sentyabrın 27-də müharibənin  ilk günündə əldə edilmiş qələbələrdən sonra strateji əhəmiyyətli Suqovuşan qəsəbəsinin  və Talış kəndinin azad edilməsi ordumuza, xalqımıza əlavə mənəvi güc verdi.»

«Ölkə Prezidentinin  “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışında iştirakı da bir çox məqamların təqdimatıdır» söyləyən  YAP Xətai rayon təşkilatının sədri bildirib ki,  bu mühüm hadisə Suqovuşan su anbarına nəzarətin təmin edilməsi, Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonların su təminatı probleminin həlli deməkdir: «Əvvəlki illərdə Suqovuşan su anbarına nəzarət edən ermənilərin ekoloji terror törətmələri,  bu məsələnin Avropa Şurası Parlament Assambleyasında  müzakirəyə çıxarılması  və məruzənin qəbul olunması da məlum olaylardandır.  Torpaqlarımızın işğaldan azad edilməsi malik olduğumuz sərvətlərimizin, resurslarımızın qorunmasını və onlardan səmərəli istifadəni təmin edir. Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışı, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlinin qoyulması da səfərin  əhəmiyyətli hadisələrindən oldu. Bir daha bu reallığa işıq salındı ki, bölgələrin inkişafı, tərəqqisi  infrastruktur layihələrinin  uğurlu icrasından asılıdır. Ümumilikdə tarixi Zəfərimizdən sonra ilk addımlar bu ərazilərdə  müasir yol infrastrukturunun yaradılması istiqamətində görülən  işlərlə xarakterizə olunur. Bir daha tam əmin oluruq ki, atılan hər bir addım Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verəcək.»

V.Rəhimzadə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin döyüş meydanında məğlubiyyətlərlə  barışmayaraq  baş nazir Nikol Paşinyanın tapşırığı ilə  iki dəfə Gəncə şəhərini, daha sonra Bərdə və Tərtəri raket atəşinə tutmalarından  bəhs edərək bildirib ki, cənab İlham Əliyevin səfər çərçivəsində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxması və onun əvəzinə  inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olması bir daha  erməni vəhşiliklərinin təqdimatında  mühüm rol oynadı. Belə ki, müharibə dövründə Ermənistan ordusunun dinc azərbaycanlı əhaliyə qarı törətdiyi cinayətlər, şəhər, qəsəbə  və kəndlərin raketlərdən atəşə tutulması, dinc insanların hədəfə götürülməsi  hərbi cinayətdir. Ermənistan beynəlxalq hüquqa zidd bu kimi əməllərinin cəzasını alacaq.  30 ilin işğalına 44 gündə son qoyub ədaləti bərpa, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edən Azərbaycan  ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti nəticəsində  Ermənistanın törətdiyi bu cinayətlərə görə cəzalandırılacağına nail olacaq.»

Müharibə vaxtı zərər çəkmiş vətəndaşların yaşayış və digər problemlərinin həlli ilə bağlı görülən işlərdən bəhs edən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev  hər zaman hər bir Azərbaycan  vətəndaşının yanındadır: «Onların problemləri, qayğıları dam dövlətin diqqət mərkəzindədir.  Hər addımda özünə diqqət və qayğının şahidi olan  ölkə əhalisinin Prezidentinə sevgisi böyükdür. Prezident  İlham Əliyevə  Zəfər qazandığmız gündən bugünədək ünvanlanan təşəkkür məktubalarında da  bu  inam və etimad öz əksini tapır. Torpaqlarımızın xilaskarı kimi adını tarixə yazan dövlət başçısı  İlham Əliyevin vurğuladığı kimi, bundan sonra qalib xalq və müzəffər ölkə kimi işğaldan azad etdiyimiz torpaqlarımızda əbədi yaşayacağıq.»

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top