“Rusiya Azərbaycana nimçədə heç nə verməyəcək” —​ Elxan Şahinoğlu

SİYASƏT 30 sen 2021, 15:50
“Əsas müzakirə predmeti Suriya və Liviya olub. Ən əsas da, Suriya. Çünki Suriyada vəziyyət çox mürəkkəbləşib. Rusiya təyyarələri İdlib şəhərini bombardman edib və bu normal olaraq Türkiyənin maraqlarına ziddir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O, ötən gün Soçidə baş tutan 3 saatlıq Rusiya Prezidenti Vladimir Putin və və Türkiyənin dövlət başçısı Recep Tayyip Ərdoğan görüşünün nəticələrini şərh edib.
Politoloq, həmçinin, danışıqlar Qarabağ mövzusunun da müzakirə edildiyini söyləyib:

Qarabağla bağlı da fikir mübadiləsi aparılıb, çünki görüşdən əvvəl də mətbuat üçün açıq hissədə Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qarabağ məsələsində Türkiyənin rolunu yüksək qiymətləndirir. Ən əsası, monitorinq mərkəzi məsələsində. 

Soçi görüşünə qədər Qarabağ mövzusunda müəyyən narahatlıqlarımız vardı, indi də var. Laçın dəhlizi məsələsi ilə yanaşı, qanunsuz erməni birləşmələrinin tərksilah olunmaması və s. Ola bilsin ki, Türkiyə prezidenti Ərdoğan bu narahatlıqlarımızı Putinin nəzərinə çatdırıb”.

Analitik hesab edir ki, bir görüşlə və müzakirələrlə bu mövzular həll olunası deyil, amma hər halda Türkiyə-Rusiya dialoqunun davam etməsi Azərbaycan üçün çox faydalıdır:
“Rusiya Azərbaycana nimçədə heç nə verməyəcək. 27 ildən çox müddətdə danışıqlar getdi, amma xeyrimizə olan bir addım atılmadı. Öz gücümüzə keçən il işğal altında olan torpaqların böyük bir hissəsini azad etdik. Qalan ərazilərin yurisdiksiyamıza keçməsi üçün təzyiqi artırmalıyıq ki, bu məsələlər həll olunsun. Rusiya tərəfi bizə Şuşanın kəndlərini, Xocalını, Xocavəndi, Ağdərəni, Xankəndini rahat şəkildə geri qaytarmayacaq. Bu istiqamətdə görüləcək işlər çoxdur”.

“Bir daha qeyd edirəm ki, bircə görüşlə irəli bir addımların olacağını zənn etmirəm. Bu görüşlərin keçirilməsi və dialoqların davam etməsi həm region, həm də Azərbaycan üçün vacibdir. Rusiya qonşu dövlət, Türkiyə isə strateji müttəfiqimizdir. Ona görə də bu dialoqların davam etməsi xeyrimizədir”, – deyə mütəxəssis fikirlərini tamamlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top