“Bir çox universitetin "COVID" pasportlarını yoxlamaq üçün avadanlıqları yoxdur” — Ekspert

GÜNDƏM 29 sen 2021, 18:46
Xəbər verdiyimiz kimi, bir il altı aydan sonra ilk dəfə bu gün tələbələr əyani təhsilə başladı. Bu, həm də böyük izdihama səbəb oldu. Bunun əsas səbəbi isə tələbələrin "COVID" pasportunun yoxlanması olub. Bu, həm vaxt itkisi, həm də pandemiya qaydalarının pozulması deməkdir. Bəs vəziyyətin belə olmaması üçün əvvəldən hansı tədbirlər görülməli idi və ya görülə bilərdi? Bu məsələdə əsas məsuliyyət kimlərin üzərinə düşür?

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, ali təhsil müəssisələri bu prosesə lazımi səviyyədə hazırlaşa bilməyib:

“İlyarımdan sonra ali və orta ixtisas təhsili müəssisələrindən əyani təhsilin bərpa edilməsi ilə sıxlığın yaranacağı gözlənilən idi. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yaşı 18-dən yuxarı olan tələbələrin dərs prosesində iştirakına məhdudiyyət qoyulur. Əvvəldən bu gündən 250 minə qədər şəxsin təhsil müəssisələrində iştirakı proqnozlaşdırılırdı ki, onlardan təxminən 200 mininin yaşı 18-dən yuxarıdır. Təhsil müəssisələrinin bir gün ərzində həmin şəxslərin "COVID" pasportlarının yoxlaması sıxlığın yaranması demək idi. Məyusedici haldır ki, bəzi universitetlər bu halı proqnozlaşdıraraq, qabaqlayıcı tədbirlər görməyiblər. Xatırlatmaq lazımdır ki, dərslərin başlanması ilə bağlı qərar xeyli əvvəl verilib və bu kimi problemlərin yaşanmasını ehtimal etmək o qədər də çətin deyildi. Bununla bağlı ali təhsil müəssisələrinə də məlumat verilib. Çünki bir çox universitetin "COVID" pasportlarını yoxlamaq üçün lazımi avadanlıqları yoxdur. Biz də buna görə təklif etdik ki, xüsusi proqram təminatlı avadanlıqlar quraşdırılsın. Bu, problemi birdəfəlik həll etməyə imkan verir, çünki təhsil alanların "COVID" pasportu tək bu gün deyil, hər gün yoxlanılacaq. Xüsusi avadanlıqların təşkili ilə hər gün yarana biləcək sıxlıq aradan qaldırılmış olardı”.

Ekspert qeyd edib ki, təhsil müəssisələri bu prosesdə dünya təcrübəsinə istinad etməlidir:

“Digər tərəfdən, təkliflərin biri də o idi ki, təhsil müəssisələrinə giriş bir neçə qapıdan tənzimlənsin və bu barədə əvvəldən universitetlərin sosial şəbəkə hesablarından tələbələrə məlumat verilə bilərdi. Həmçinin, fakültələrdə dərs saatları fasilələrlə təşkil oluna bilərdi. Təhsil müəssisələrinin girişində uzaqdan “Face control”, yəni üz tanıma proqramı təmin edilməli və onda temperaturu ölçmək üçün xüsusi proqram təminatı yerləşdirilə bilərdi. Bununla da, hər gün tələbələri yoxlamaq lazım olmayacaq. Təəssüf ki, hələ də ali təhsil müəssisələrində təhsil alanların temperaturu əl üsulu ilə və sadəcə bir nəfər tərəfindən yoxlanılır. Lakin üz tanıma proqramı vasitəsilə bu prosesi sürətli şəkildə həll etmək olar. Bunun üçün sadəcə "COVID" pasportu olan şəxslərin elektron bazası lazımdır ki, onların da adı sistemdə var. Ənənəvi yoxlanış üsulu növbəti günlərdə tələbələrin dərsə gecikməsinə də səbəb olacaq. Yəni, sadəcə rəqəmsallaşma ilə prosesi həll etmək olardı. İndiki situasiyada isə təəssüf ki, ali təhsil müəssisələri universitetlərin girişinə bir əməkdaş təhkim etməklə kifayətlənib”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top