Əsaslı təmir olunan “Şair Sabir” gəmisi yenidən xarici sulara yola salınıb


İQTİSADİYYAT 25 sen 2021, 21:44
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Sabir” universal yük gəmisi əsaslı təmir olunub.

Bu barədə ASCO-dan məlumat verilib.

Bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər vaxtında və uğurla başa çatdırılıb.

Plana uyğun olaraq gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları), hava kompressorları təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri, maşın şöbəsi və göyərtəsi abraziv qumla tam təmizlənərək rənglənib. Heyətin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində yenilənib.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən Xəzərdənkənar sularda yükdaşımalara cəlb edilib. Belə ki, “Şair Sabir” gəmisi yerli karbamidlə yüklənmiş vəziyyətdə Türkiyəyə doğru səfərə yola düşüb.

Qeyd edək ki, “Şair Sabir” gəmisi 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Uzunluğu 108,33 metr, eni 16,74 metr olan üzən vasitə 5 200 ton yükgötürmə qabiliyyətinə malikdir.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top