Politoloq: "İran müharibənin bu qədər qısa müddətdə Ermənistanın darmadağını ilə başa çatacağını gözləmirdi"

GÜNDƏM 21 sen 2021, 14:15
“İranın Ermənistana yardımı, xüsusilə torpaqlarımızın işğal altında olduğu dövrdə həm Azərbaycan, həm də Ermənistanla münasibətləri Azərbaycan tərəfindən heç də birmənalı qarşılanmır. Faktiki olaraq, İran işğalçı Ermənistanı dəstəkləyib və onun blokadadan çıxmasına, işğalın davam etməsinə şərait yaradıb. Həmçinin, bir il əvvəl başlanan 44 günlük Vətən müharibəsində də İran rəsmi dairələrinin açıqlamaları Ermənistana dəstək ruhunda idi. İran Azərbaycan Ordusunun gücünü düzgün qiymətləndirməyərək səhv etdi. İran müharibənin bu qədər qısa müddətdə Ermənistanın darmadağını ilə başa çatacağını gözləmirdi”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib.

O, İranın həm müharibədən əvvəl, həm də müharibə dövründə Ermənistana dəstək verməkdən çəkinmədiyini, buna yalnız soydaşlarımızın müəyyən mənada mane olduğunu vurğulayıb:

“Müharibə dövründə də İran ərazisindən müxtəlif təyinatlı yük daşıyan avtomobil karvanları Ermənistana gedirdi. Bu yüklərin arasında hərbi və qeyri-hərbi yüklər vardı. Həmin vaxt İran ərazisində yaşayan milyonlarla soydaşlarımız İranın bu siyasətinə çox ciddi şəkildə etiraz etdilər. Bu etirazlar Cənubi Azərbaycanın əksər böyük şəhərlərini əhatə etdi. İran rejimi ölkədə yaşayan Azərbaycan türklərinin etirazlarından sonra öz siyasətində müəyyən dəyişiklik etməyə başladı. Ərazilərimizin işğaldan azad olunmasından sonra da İran rəsmi dairələri ritorikanı dəyişməyə başladılar. 

İran Azərbaycana qarşı bu cür qeyri-dost və qeyri-qonşuluq, iki ölkə arasında əməkdaşlığa yönəlmiş hərəkətlər etdiyi müddətdə, yenidən etirazlarla qarşılaşacaq. Azərbaycan dövləti İkinci Qarabağ müharibəsindən sonra yeni reallıqlar yaradıb. İran artıq bu reallıqlarla hesablaşmalıdır. İran artıq qəbul etməlidir ki, Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad edib və region üçün olduqca əhəmiyyətli başlanğıc, reallıq yaradıb. İran Azərbaycanın bu mövqeyinə hörmətlə yanaşmalı, həmçinin Azərbaycan və Türkiyənin təklif etdiyi regional əməkdaşlıq formatlarında aktiv iştirak etməlidir. Təəssüf ki, biz hələ ki, bu cür fəaliyyəti İran tərəfindən görmürük. Əksinə, nəinki Ermənistanla sıx əlaqələr yaradır, hətta rusiyalı sülhməramlıların məsuliyyət zonasında olan seperatçı erməni terrorçularına dəstək verməklə məşğuldur. İran bu addımlarına, həmçinin Azərbaycana münasibətini gərgin saxlamağa davam etsə, İran ərazisində yaşayan soydaşlarımız tərəfindən sərt reaksiya ilə qarşılaşacaq. Soydaşlarımızın İrana qarşı etirazı istisna deyil və hər an gözlənilir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top