Bakıda gənc oğlan telefonla danışan sevgilisinə dəhşət yaşatdı — Şok olay

KRİMİNAL 20 sen 2021, 11:48
Bakının Xətai rayonunda 1988-ci il təvəllüdlü Səməd Babayev qeyri-rəsmi yaşadığı Nərminəyə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Səməd bu ilin yanvarın 15-də, saat 21 radələrində yaşadığı evdə qeyri rəsmi nikah münasibətində olduğu Nərminə ilə mübahisə edib. 

Mübahisə zəminində Səməd Nərminəyə yumruq və təpik zərbələri ilə qəsdən vurub, ona xəsarət yetirib. 

İstintaq orqanı tərəfindən Səmədin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Səmədin barəsində olan cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.
 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, Nərminəni 2019-cu ildən tanıyır: “Nərminə ilə qeyri rəsmi nikah münasibətində olub və həmçinin bizim övladlarımız var.  2 il müddətində Nərminə ilə birgə kirayədə yaşamışıq”. 

Təqsirləndirilən şəxsin sözlərinə görə, yanvarın 15-də, təxminən saat 21 radələrində icarə əsasında yaşadıqları evdə olduğu zaman qeyri rəsmi nikah münasibətində olduğu Nərminə ilə aralarında mübahisə yaranıb: “Aramızda yaranan mübahisəyə səbəb Nərminəyə bacısı ilə mobil telefon vasitəsi ilə çox danışmasına öz iradımı bildirməyim olub. Evdə olarkən Nərminə bacısına zəng etdi və bacısı ilə xeyli danışdı. Ona bacısı ilə həddindən çox danışdığını və həmin vaxt ərzində övladlarını diqqətdən kənarda qoyduğunu deyərək öz iradımı bildirdim. Nərminə isə iradıma sərt reaksiya verərək etiraz etməyə başladı”.

Səməd qeyd edib ki, bununla da onların aralarında yaranmış mübahisə böyüməyə başlayıb və o, yumruq zərbəsi ilə Nərminənin qabirğa hissəsindən bir dəfə vurub: “Həmin vaxt zərbənin təsirindən Nərminə müvazinətini itirdi və yerə yıxıldı. Nərminənin ağrıdığını görərək onu müayinə olunması üçün xəstəxanaya aparmaq istədim. Nərminə onu vurduğum üçün məndən küsdü və bütün təkidlərimə baxmayaraq müayinə olunması üçün birgə xəstəxanaya getməyə etiraz etdi. Səhəri Nərminə övladlarımızı da götürdü və Mingəçevir şəhərinə valideynlərinin yanına getdi. Nərminənin mənə qarşı əsəblərinin soyuması üçün bir müddətlik Mingəçevir şəhərinə valideynlərinin yanına getməsinə etiraz etmədim. Orada olduğu zaman ağrıdığı üçün xəstəxanaya getdi və müayinə zamanı Nərminəyə yetirdiyim zərbənin nəticəsində qabırğalarının sınması müəyyən olundu”. 

Səməd deyib ki, bundan sonra Nərminə onu bağışlamayaraq ərizə ilə polisə şikayət edib. O, əməlindən peşman olduğunu deyib. 

Məhkəmənin hökmü ilə Səməd 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top