Ramaldanov: "Türkiyə və Rusiya regionda sabitliyin qorunmasında maraqlıdır"

GÜNDƏM 15 sen 2021, 13:00
“Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı region üçün reallıqdır. Azərbaycan Prezidenti İlham Əliyev də bu barədə mövqeyini açıqlayaraq bildirib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə beynəlxalq aləm üçün dostluq, qardaşlıq nümunəsi ola bilər. Türkiyə ilə münasibətlər regionda sabitliyin təmin olunmasına yönəlmiş əlaqələrdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi eskpert Şair Ramaldanov bildirib.

O, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığın məqsədlərindən birinin regionda sabitliyi qorumaq olduğunu qeyd edib:

“Son vaxtlar keçirilən birgə təlimlər də regionda sabitliyi və sülhü təmin etmək üçün atılan addımlardır. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında yaxın gələcəkdə bir çox yenilik görə bilərik. Əməkdaşlıq inkişaf etdikcə yeni mərhələlər yaranır, hədəflər müəyyənləşir. Bu baxımdan, Azərbaycan-Türkiyə əməkdaşlığı vaxt keçdikcə yeni səviyyə qazanır. Ona görə də, artıq biz indiyə qədər həyata keçirilməyən birgə əhəmiyyətli tədbirlərin və təlimlərin şahidi oluruq. Zaman keçdikcə təlimlərin əhatəsi genişlənir, Silahlı Qüvvələrin sahələrini və növlərini əhatə edir. Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı davam edəcək və genişlənəcək. Hərbi elmin inkişafı, iki qardaş ölkənin arasında əlaqələndirmə və uzlaşdırmanın genişləndirilməsi də prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycanda Türkiyə ordusunun kiçik bir modeli qurula bilər. Biz artıq bu istiqamətdə işlərə başlamışıq və əməkdaşlığı davam etdiririk”.
 
Ekspert hərb sənayesində də iki ölkə arasında əməkdaşlığın genişləndiyini vurğulayıb:

“Azərbaycanın hərbi sənayesi müasir hərbi məhsul istehsal etməyə imkan verir. Azərbaycanın hərb sənayesində istifadə edilən cihazlar ən yeni nəsil cihazlardır. Bu, yeni silahların və texnikaların istehsalına imkan verir. Bu məsələdə də Türkiyə ilə birgə layihələrin hazırlanması, müəssisələrin yaradılması istiqamətində işlər davam etdirilir. Kadrların hazırlığında və digər sahələrdə də Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə təcrübələrindən istifadə edir. Düşünürəm ki, bu istiqamətlər üzrə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı özünün ən yaxşı səviyyəsindədir. 

Müasir dövrdə, müxtəlif risklərin və geosiyasi müstəvidə ikili standartların olduğu bir vaxtda, təəssüf ki, regionla bağlı müxtəlif güc dövlətlərinin mənfi niyyətlərinin şahidi oluruq. ABŞ-ın Ermənistandakı səfirinin keçmiş Dağlıq Qarabağın statusu ilə bağlı fikir səsləndirməsi buna əyani sübutdur. Bu hallar göstərir ki, regionla bağlı hələ də risklər var və biz müharibədən sonrakı sabitliyi qorumaq üçün çalışmalıyıq. Bunun üçün də güclü ordusu olan ölkə ilə hərbi əməkdaşlıq və təlimlər həyata keçirməliyik. Türkiyə dövlət başçısı Rəcəb Tayyip Ərdoğan da regionda sülhə yönəlmiş fikirlər səsləndirir”.

Ekspertin fikrincə, Türkiyənin sülh və əməkdaşlıq istiqamətindəki maraqları regionda böyük layihələrə gətirib çıxara bilər:

“Ermənistan da bu layihələrin bir parçası ola bilər. Rusiya da Azərbaycan və Türkiyə kimi bu layihələrdə maraqlıdır. Artıq bu istiqamətlər görünür. Bu baxımdan, Türkiyə ilə Rusiyanın arasında ziddiyyətin olduğunu düşünmürəm. Hər iki ölkə də regionda sabitliyin qorunmasında  maraqlıdır. Onların bir-birinə zidd yox, əksinə bir-birini tamamlayan iştirakını görmək olar. Ümid edirəm ki, bütün maneələrə baxmayaraq, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanacaq. Bundan sonra proseslər daha sürətli davam edəcək və biz regionda daha fərqli mənzərənin şahidi olacağıq. Bu baxımdan, hazırkı ikili əlaqələr böyük əhəmiyyət daşıyır. Türkiyə hər zaman Azərbaycan Ordusunun formalaşmasında iştirak edib”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top