"Azərbaycan nə vaxtsa İran sularına daxil olsa, onda narazılığını bildirər" — Deputat

SİYASƏT 14 sen 2021, 20:00
"Azərbaycan Xəzərin Azərbaycana məxsus hissəsində təlimlər keçir. Bunun İrana nə dəxli var? Azərbaycan nə vaxtsa İran sularına daxil olsa, onda narazılığını bildirər".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Millət vəkili hesab edir ki, Azərbaycanın Xəzərin özünə aid hissəsinə, öz ərazisində təlimlər keçməsi heç bir halda İranı narahat etməməlidir:

"Deyirlər ki, guya Xəzəryanı dövlətlərin imzaladığı əsasən digər ölkələrin Xəzərdə mövcudluğu yolverilməzdir, onların Xəzərə daxil olmasına qadağa qoyulub. Lakin İran məsələyə səhv yanaşır. Bu təlimləri həyata keçirən Azərbaycandır. Azərbaycan əməkdaşlıq və zəngin təcrübəsinin öyrənilməsi üçün Türkiyəni dəvət edib. Azərbaycanın Xəzərdə zəngin enerji yataqları, neft və qaz kəmərləri var. Xəzərdəki yataqların və xətlərin təhlükəsizliyi bizim üçün vacibdir və bu təhlükəsizliyin artırılması üçün Azərbaycan təbii olaraq təlimlər həyata keçirir. Azərbaycan bu təlimlərdə özünün etibar etdiyi və strateji müttəfiqi olan Türkiyənin dəstəyini alır. Bu, çox normal və təbii bir haldır. Bunun nə İrana, nə də digər dövlətlərə aidiyyatı yoxdur. Bu təlimlərdən kimsə narahat olmalıdırsa, qoy Ermənistan bu narahatlığı yaşasın. İran niyə narahat olur ki, Azərbaycan özünün Laçın ərazisində Türkiyə ilə birgə təlimlər keçir? İran niyə narahat olur ki, Azərbaycan ərazisində Türkiyə və Pakistan hərbçiləri ilə təlimlərə başlayıb? İran nəyə əsasən bu məsələlərdən narahat olur? Bunlar Ermənistanı narahat etməlidir".

"İran bu addımları ilə Azərbaycana münasibətdə səmimi olmadığını göstərir. İran boğazdan yuxarı bizə dost, qardaş deyir. Bu sözlərdə səmimidirsə, niyə bu narahatlıq var? İranın bu qərəzli hərəkətləri sözdə bildirdiyi kimi dost olmadığımızı göstərir. Yəni, bizə sadəcə qonşu dövlət kimi münasibət göstərir. Bu fikirlərim İran xalqına aid deyil, mənim bu xalqa böyük hörmətim var, onların arasında 30 milyon soydaşımız yaşayır. Mənim dediklərim İranı idarə edən molla-fars rejiminə aiddir. Bu fikirləri İslam dəyərlərini dağıdan, murdarlayanlarla dostluq edən rejimə bildirirəm ki, etdiklərinizdən nəticə çıxarın. Siz Ermənistanla əməkdaşlıq edirsiniz, bu, iki dövlət arasında məsələdir, biz qarışa bilmərik, özünüz bilərsiniz. Amma sizə kim ixtiyar verir ki, dəfələrlə sizə nota verilməsinə, xəbərdarlıq edilməsinə baxmayaraq, Azərbaycan ərazisində 30 ilə qədər mövcud olan separatçı, cinayətkar qurumla əməkdaşlıq edirsiniz? Hələ də bu yaramaz fəaliyyəti davam etdirirsiniz. Hüquqa zidd, Azərbaycan qanunlarına, ərazi bütövlüyünə qarşı hörmətsizlik göstərirsiniz. Bu suallara cavab verməyə çalışın, bu hallardan narahat olun, yoxsa Xəzərin Azərbaycan hissəsindəki təlimlərin sizə nə aiddiyatı?".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top