"Prezident gənclər və idman nazirini qəbul edərkən yeni hədəflər müəyyənləşdirdi" — DEPUTAT

DAXİLİ SİYASƏT 08 sen 2021, 18:53
“Azərbaycan prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərdən sonra yaranmış reallıqlara uyğun bütün sahələrdə, həmçinin idman sahəsində yeni mərhələnin başlanması prosesini həyata keçirir. Dövlət başçısı dünən yeni gənclər və idman nazirini qəbul edərkən bir sıra vacib məqamlara toxundu, yeni hədəflər müəyyənləşdirdi və bu istiqamətdə öz tapşırıqlarını verdi”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov bildirib.

Deputat qeyd edib ki, əsas məsələlərdən biri Azərbaycan gənclərinin xarici təsirlərdən qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlıdır:

“Prezident vurğuladı ki, istər məktəblərdə, istərsə də ailə mühitində hər bir gənc vətənpərvər ruhunda böyüməli, tərbiyə edilməlidir. Bu, böyük bir çağırış, həmçinin yeni nazirin qarşısında qoyulan ən prioritet vəzifələrdən biri oldu. Biz Vətən müharibəsində Azərbaycan gəncliyinin qəhrəmanlığını gördük, Vətənə bağlılığının şahidi olduq. Bu, ölkəmizdə gənclərlə bağlı aparılan siyasətin məntiqi nəticəsidir. Azərbaycan gənclərinin döyüş meydanındakı qəhrəmanlığı dünyada örnək kimi göstərilir. Təəssüf ki, zaman-zaman gənclərə xarici təsirlər də olur. İstər müstəqilliyin yeni əldə olunduğu dövrdəki xaotik vəziyyətdə, istərsə də “Narıncı inqilab” vasitəsilə Azərbaycan gəncliyinə müəyyən təsir göstərmək cəhdləri edildi. Həm Tovuz döyüşləri zamanı, həm də ondan sonra Azərbaycandakı milli birliyin şahidi olduq. Bu birliyin lokomotiv hissəsini gənclər təşkil edir. Buna görə də, ölkəmizdəki qaraguruh qüvvələrin gənclər üzərində xarici təsirləri həyata keçirmək ehtimalları da artır. Həmin qüvvələr başa düşür ki, Azərbaycan məhz gənclərin vasitəsilə milli birliyi nə qədər möhkəmlətsə, ölkəmiz bir o qədər sürətlə inkişaf edəcək. Müharibədən sonra gənc nəslin tərbiyə olunması xüsusi əhəmiyyət kəsb edir”.

Azərbaycanın idman sahəsində ciddi uğurlar qazandığını xatırladan deputat bildirib ki, son Olimpiya Oyunlarındakı nəticələr əvvəlki illərlə müqayisədə qənaətbəxş deyil:

“Azərbaycan idman ölkəsidir. Son illərdə ölkəmizdə keçirilən beynəlxalq idman tədbirləri, böyük idman infrastrukturunun yaradılması, həmçinin Azərbaycan idmançılarının beynəlxalq arenalarda yüksək nəticələr qazanması üçün şəraitin təşkil edilməsi dövlətin bu sahəyə diqqət və qayğısının nəticəsidir. Lakin nöqsanlar da var və Prezident dünənki çıxışında bu nüanslara toxundu. Xüsusilə, Azərbaycan idmançılarının son Olimpiya Oyunlarında əvvəlki illərdə əldə etdiyimiz nəticələrlə müqayisədə daha az medala sahib olması və qızıl medal qazana bilməməsi narahatedici məqamlardandır. Digər tərəfdən, Prezidentin də vurğuladığı kimi, medal qazanan idmançılarımız arasında gənc nəslin nümayəndələri olmayıb. Bu sahəyə daha çox diqqət yetirilməsi ilə bağlı yeni təyin olunmuş nazirin qarşısında vəzifə qoyuldu. Federasiyaların fəaliyyətinin ciddi təftiş olunması, məşq prosesinin səviyyəsi, yaradılan idman infrastrukturundan nə dərəcədə istifadə olunmasının təhlilinin əhəmiyyəti dövlət başçısı tərəfindən vurğulandı. Növbəti mərhələdə isə bu məsələlərlə bağlı ciddi tədbirlər görülməlidir”. 

C.Osmanov vurğulayıb ki, builki turnirdə paralimpiyaçılar idman tariximizdə yeni uğura imza atdılar:

“İdmançılarımız ölkəmizin hesabına 14-ü qızıl olmaqla, 19 medal yazdırdı. Bununla da, Azərbaycan dünyanın ən güclü 10 ölkəsi arasında qərarlaşdı. Biz idmançılarımızın bu nailiyyəti ilə fəxr edirik, lakin eyni uğuru digər turnirlərdə, o cümlədən Olimpiya Oyunlarında da göstərmək əhəmiyyətlidir. Azərbaycan artıq qalib xalqdır, buna görə də, üzərimizdəki diqqət daha çoxdur. Artıq idman sahəsində ciddi sıçrayışlar etməli, tarixi naliyyətlər qazanmalıyıq. Tokio-2020 Yay Olimpiya Oyunlarında buraxılan səhvlər ciddi təhlil olunmalı, yeni hədəflər müəyyənləşdirilməlidir. Bu səbəbdən, yeni təyin olunmuş gənclər və idman nazirinin qarşısında ciddi tapşırıqlar qoyuldu. Yeni nazirə uğurlar arzu edirəm. Yeni nazirin bu günə qədər gördüyü işlər, bu sahədəki fəaliyyəti hər birimizdə Azərbaycanın beynəlxalq arenalarda öz sözünü deyəcəyinə əminlik yaradır. Prezidentin rəhbərliyi və yaradılan şəraitlə Azərbaycan buna nail ola bilər”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top