3 Cənubi Qafqaz ölkəsinin yürütdüyü siyasət: Regionun gələcəyi nə vəd edir?

DAXİLİ SİYASƏT 08 iyul 2025, 21:03
"Bu gün Cənubi Qafqazı bütöv bir geosiyasi məkan kimi görmək mümkün deyil. Ona görə ki, Cənubi Qafqazın 3 ölkəsinin siyasəti bir-birindən fərqlidir. Gürcüstanın nə Qərb, nə də Rusiya ilə müəyyənləşən siyasəti var. Ermənistan Rusiyanın zərbələrindən yayınaraq, Qərblə yaxınlaşmaq yolundadır. Azərbaycan isə nə Rusiya, nə də Qərbin istəklərinə meyillənmədən, müstəqil siyasət aparmaq yolundadır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib. 

O bildirib ki, məhz bu siyasətə görə Azərbaycan Qarabağa qarşı Rusiyanın bitərəf mövqeyini təmin edə, Qərbin isə bir qədər ərazi bütövlüyümüzə dəstəyini qazana bildi:

"Dövlətlərin fərqli siyasətlərə sahib olması regionun sabahı üçün aydın perspektiv saxlamır. Xüsusilə Ermənistanın aktiv şəkildə Qərblə yaxınlaşmaq, Azərbaycanla sülh sazişinin imzalanması müddətini uzatmaq siyasəti bölgədə vəziyyəti gərginləşdirir. Bölgədə özünü ən çox itki qarşısında hiss edən Rusiyadır. 

Rusiya illərdir ki, Gürcüstanla diplomatik siyasi gərginlik yaşayır, Ermənistan isə müharibədən sonra Rusiyada qopmaq siyasətini açıq şəkildə ortaya qoyub. Azərbaycan isə Rusiya ilə nə qədər sabit şəkildə münasibətləri davam etdirməyə çalışsa da, müəyyən qüvvələr münasibətləri pozmağa çalışırlar".

Politoloqun sözlərinə görə, əsas məqsəd Azərbaycanın xarici siyasətində birmənalı olaraq Rusiya maraqlarına cavab verən, əlaltı ölkə olmasıdır:

"Bunu Azərbaycan qəbul etməyəcək. Rusiya Ermənistandakı hərbi bazasını gücləndirərək Azərbaycana yönəlik də siyasət aparır. Hərbi bazanı gücləndirməklə yanaşı istəyir ki, Azərbaycan Rusiyanın Ermənistana qarşı işlətdiyi siyasətdə aktiv olsun. 

Azərbaycan xarici siyasətini ancaq öz maraqlarına uyğun şəkildə müəyyən edir. Rusiyada Azərbaycanın xarici siyasətindən məmnun qalmadığını hər addımda nümayiş etdirir. Bu, bölgədə böyük gərginlik mənbəyinə çevrilir və regionun sabit gələcəyi haqqında proqnoz verməyi çətinləşdirir".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top