İranın Azərbaycana qarşı “PKK planı”: “Böyük təhlükə yaradacaq”

SİYASƏT 06 sen 2021, 19:52
Cənubi Azərbaycanda PKK terrorçularının azərbaycanlılara hücumu ilə bağlı məlumat yayılıb.

Video və fotogörüntülərlə yayılan məlumatda bildirilir ki, PKK terrorçuları Sulduz şəhəri yaxınlığında bəzi kəndələrə hücum edib, qadınları zorla qaçırmaq istəyib, azyaşlı uşaqları döyüb. Bəzi məlumatlara görə, kəndin kişilərindən bir neçə nəfəri özləri ilə aparıblar.

Qeyd edək ki, məlumatı Cənubi Azərbaycandan olan jurnalist Mesut Haray özünün sosial şəbəkə hesabında yayıb. Jurnalist PKK-çıların Saxsıtəpə kəndinə də basqın etdiyini bildirib.

Bu, ilk belə hadisə deyil, zaman-zaman PKK və onun İran uzantısı olan PJAK tərəfindən soydaşlarımıza qarşı bu cür hücumlar baş verir. Yayılan son məlumatda baş verən hadisəyə İran tərəfinin susqun yanaşması da qeyd olunur.

PKK terrorçuları indiki zamanda azərbaycanlıları niyə hədəf alıb? İran rəsmiləri bu hücumlara niyə göz yumur? İran Azərbaycana indi də bu yolla təzyiq etmək istəyir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Cebhe.info-ya deyib ki, İranın təhlükəli planları var:

“Əvvəllər də belə məlumat var idi ki, İranın PKK ilə təmasları var. Düzdür, əslində PKK-nın bir qolu var ki, orada İranın radikal kürdləri təmsil olunur və onlar İrana qarşı savaşırlar. Buna baxmayaraq, İran əvvəllər də PKK-dan istifadə edib. Başqa məlumatlar da gəlirdi ki, radikal kürdlərin Cənubi Azərbaycana köçürülməsi məsələsi var.

Həmin vaxt radikal kürdlərlə bölgədə yaşayan azərbaycanlılar arasında toqquşmalar olurdu. Hazırda yayılan xəbər doğrudursa, bu, daha ciddi rezonans doğuracaq. Çünki artıq söhbət silahlı PKK-çılardan və onların azərbaycanlılara qarşı birbaşa hücumundan gedir. Buna ilk növbədə İranın müvafiq orqanları reaksiya verməlidir. Əgər reaksiya verilmirsə, deməli, İranın yenə də təhlükəli planları var. Bu yolla azərbaycanlı fəalları susdurmaq istəyirlər”.

Politoloq əlavə edib ki, bu, İranın özü üçün böyük təhlükə yaradır və yaradacaq:

“Düşünürəm ki, rəsmi Tehran bu məsələyə reaksiya verməsə, mövzu Türkiyə və Azərbaycanda diqqətlə izlənəcək. Onsuz da bizdə İranın siyasəti ilə bağlı suallar var. Məsələn, İrandan yüklər niyə Ermənistana danışınırdı? Baxmayaraq ki, İran səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, amma bu məsələ hələ tam aydınlaşmayıb. Azərbaycanlıların PKK-çılar tərəfindən təqibi isə həm İranın özü, həm də İran-Azəraycan münasibətləri üçün daha ciddi təhlükədir. Ola bilər ki, rəsmi Bakı buna reaksiya verməsin, amma Azərbaycan cəmiyyətində çox ciddi narazılıq doğura bilər”. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top