Ölkəmizə xarici investisiyaların cəlbində iqtisadi diplomatiyanın rolu artmalıdır

İQTİSADİ 28 iyl 2021, 19:46
Azərbaycana investisiyaların cəlb olunmasında mühüm rol oynayan xarici ölkələrdəki səfirliklərimizin, nümayəndəliklərin, müxtəlif ölkələrlə hökumətlərarası komissiyaların fəaliyyətlərini qənaətbəxş saymaq mümkündürmü? Təbii ki, yox və mənzərə ürəkaçan deyil. 

Birincidən başlayaq. Ölkəmizin diplomatik orqanlarının işinin adekvat olmamasını Prezident İlham Əliyev  ötən il Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən açıq şəkildə vurğulamışdı: “Bizim xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalıdır, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir. Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər”. 

Prezidentin diplomatik korpusla görüşlərində bu qəbildən olan digər irad və tapşırıqlarına nəzər salsaq görərik ki, əsas ana xətti fəal iqtisadi diplomatiyanın həyata keçirilməsi, ölkəmizin iqtisadi maraqlarının təşviq edilməsi və xarici investisiyaların cəlb olunması təşkil edir. Bu gün Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin qarşısında duran əsas vəzifələrdən biri də məhz budur: fəal iqtisadi diplomatiyanın yürüdlməsi.

Təəssüf ki, bu gün Azərbaycanın diplomatik xidmət orqanlarının bu istiqamətdə xüsusi qeyd olunası hər hansı samballı işi ortada yoxdur və mövcud fəaliyyət həyata keçirilən siyasətə cavab vermir. Ölkəmizin son illərdə qazandığı nailiyyətlərin təşviqi, xarici iş adamlarının Azərbaycana gəlməsi və investisiya yatırması yönündə diplomatik korpusların işi yetərli deyil. Hansı ki, bu istiqamətdə fəal iş görmək üçün əlverişli mühit var və Azərbaycan investisiya qoyuluşu üçün ən uyğun məkana çevrilib.
İslahatların davamlılığı baxımından ölkəmiz son illәrdә yeni vә daha intensiv mәrhәlәni yaşayır. Prezident İlham Əliyev islahatları yeni dövrün tәlәblәri sәviyyәsindә davam etdirərək Azәrbaycanın Cәnubi Qafqaz regionunda böyük nüfuz sahibinә, lokomotiv dövlәtә çevirilməsinə nail olub.  Qlobal enerji vә kommunikasiya layihәlәrinin ardıcıl surәtdә hәyata keçirilmәsi, bazar iqtisadiyyatı prinsiplәrinin tam bәrqәrar olması, xarici investisiyaların regionların inkişafına yönәldilmәsi, ölkәdә azad sahibkarlıq vә biznes mühitinin formalaşdırılması kimi vacib mәqamlar da mövcud iqtidarın siyasәtinin prioritet istiqamәtlәri sırasında xüsusi vurğulanmalıdır. 
Qeyri-neft sektorunun möhkәmlәnmәsinə, iqtisadiyyatın neftdәn asılılıq dәrәcәsinin azaldılmasına, sosial infrastruktun yenilәşdirilmәsinə, özәl sektorun vә sahibkarlığın inkişafına xüsusi diqqәt mövcuddur və real nəticələr göz önündədir. 

Ən əsası bütün  görülən işlər beynəlxalq qiymətlə tamamlanıb və  “Doing Business” hesabatında Azərbaycan 20 ən islahatçı ölkədən biri elan olunub. Dünya Bankı kimi nüfuzlu bir qurumun hesabatında Azərbaycanın ən islhatçı ölkələrdən biri kimi yer alması xarici investisiyaların cəlb edilməsində, Azərbaycanın iqtisadi imkanlarının tanıdılmasında mühüm faktor kimi çıxış edir.

Bu ayın əvvəlində Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərazimində sərmayə qoyuluşu baxımından ölkəmizin cəlbedici ölkə olduğunu sübut edən faktorlardan geniş bəhs edib və bu gün Azərbaycana qoyulan, həmçinin qoyulacaq sərmayələrin əsas şərtlərindən birincisinin ictimai-siyasi sabitlik, xalq-iqtidar arasındakı birlik olduğunu da xüsusi önə çəkib: "İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Biz bunu etməmişik. Çünki bunu etsək, investorları qaçırdacağıq. Yəni, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə, Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək”. 

Prezident müsahibəsində ümumilikdə ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsinin prioritet vəzifələrdən biri kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb: “Mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər. Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın”.
Prezidentin qarşıya qoyduğu bu vəzifəni əsas götürərək diplomatik orqanlarımız öz işlərində ciddi dönüş yaratmalı, praktiki nəticələr ortaya qoymalıdırlar. Xarici iş adamlarının Azərbaycana gəlməsi və investisiya yatırması üçün bütün potensial imkanlardan istifadə edilməklə əməli iş görülməlidir. 
Prezident İlham Əliyevin müsahibəsində yer alan məqamlar onu vurğulamağa tam əsas verir ki, bundan sonrakı dövrdə səfirliklərin işinin qiymətləndirilməsində bu amil ən önəmli göstəricilərdən biri olacaq. 

Təkcə səfirliklər, nümayəndəliklər öz fəaliyyətlərini yenidən qurmalı deyillər. Bu gün Azərbaycanın müxtəlif ölkələrlə hökumətlərarası komissiyalarının fəaliyyəti də Prezidentin qarşıya qoyduğu vəzifələrə cavab vermir. Bu komissiyaların işinin qeyd edilən istiqamətdə səmərəli olmaması faktı ortadadır. Gəlin baxaq: hansı ciddi praktiki nəticələri saymaq mümkündür?

Bugünkü reallıq odur ki, hökumətlərarası komissiyalarin indiyə qədərki işləri bəlli qəlibdən kənara çıxmayıb. Onlar öz işlərini əvvəlcədən razılaşdırılmış proqram üzrə qurur və daha çox podratçı şirkətləri ölkəyə cəlb etmək üçün çalışır. Lakin  reallıq nəzərə alınmır. Nəzərə alınmır ki, son 15 ildə dövlət sərmayəsi hesabına Azərbaycanda böyük işlər görülüb. Ötən dövrdə bütün infrastruktur tamamilə yenilənib, müasir standartlara uyğunlaşdırılıb və s.
Bir sözlə, hazırkı mərhələdə hökumətlərarası komissiyaların fəaliyyəti kökündən dəyişməlidir. İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, Ələt Azad İqtisadi Zonası kimi mühüm əhəmiyyətə malik layihələrin reallaşdırılmasına xarici investisiyaların cəlb edilməsi qarşıda duran əsas vəzifə olmalıdır. 

İrəlidəki dövrdə Azərbaycan reallıqları düzgün təbliğ edilməli, xaricdən vəsaiti Azərbaycana gətirmək sahəsində real iş görülməlidir. Bu tələb iqtisadi diplomatiyanın məsuliyyətini daha da artırır.

Elman Babayev
Əməkdar jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top