"Zamanında YAP-da bölgüçülüklə məşğul olanlar, indi partiyada deyillər, rəhbərlikdə təmsil olunmurlar" — MÜSAHİBƏ


MÜSAHİBƏ 13 iyl 2021, 14:25
Milli Məclisin deputatı Ramil Həsənin Demokrat.az-a müsahibəsi:

- ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətinin - Rusiya, ABŞ və Fransanın ölkəmizdəki səfirlərinin Şuşaya təşkil olunan səfərdən imtina etmələri ilə bağlı nə deyə bilərsiniz?

- Sadə dillə desək, bu səfirlər tərəfkeşlik edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət və milli maraqları yüksəkdə tutması bir çox dövlətləri narahat edir. Biz 44 günlük müharibədə bunun aydın şahidi olduq. Bəzi dövlətlər baş verənlərə münasibət bildirmədi, bəziləri Azərbaycanı günahlandırdılar, bəziləri isə Ermənistana qanunsuz yolla silah satışı həyata keçirdilər. Bununla da, onlar öz mövqelərini ortaya qoymuş oldular. Bu cür münasibətə baxmayaraq, Azərbaycan həm də sağlam qonşuluq, ikitərəfli münasibətlərin inkişafı və əlaqələrin gücləndirilməsi istiqamətində maraqlı olduğunu ortaya qoydu. Biz prezidentin rəhbərliyi altında yürüdülən bu siyasətin necə uğurlu olduğuna və ölkəmizin hücum siyasəti ilə bərabər tolerant siyasət həyata keçirdiyinə şahidlik etdik. Prezidentin tapşırığı və yaratdığı şəraitlə diplomatik korpusun Azərbaycanın tarixi şəhəri olan Şuşaya səfərində Minsk qrupunun həmsədr ölkələrin səfirlərinin iştirak etməməsi heç də təsadüfi deyil. Çünki hamımız çox yaxşı bilirik ki, hər bir ölkənin səfiri öz ölkəsinin həmin dövlətdəki səlahiyyətli, yüksəkvəzifəli nümayəndəsidir və öz ölkəsinin maraqlarını müdafiə edir. Şübhəsiz ki, səfirlər ölkələrindən təlimat almadan bu cür addım atmazdılar. Bunu da unutmamaq lazımdır ki, böyük dövlətlərdə müxtəlif maraqların toqquşması baş verir. Açıq danışsaq, Rusiyada belə Azərbaycanla sağlam və normal münasibətlərin inkişafının tərəfdarı olan qüvvələr mövcuddur, lakin həm də Ermənistanı korpus kimi saxlayıb, ondan Azərbaycana təzyiq kimi istifadə etməyə çalışan, Sovet İttifaqının məntiqindən çıxmamış qüvvələr də var. Bu hal ABŞ-da da mövcuddur. ABŞ prezidenti Co Baydenin Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmağa cəhd etməsi və paralel olaraq müxtəlif təzyiqlərdən sonra “erməni soyqırımı”nı tanıması buna misal ola bilər. Həmçinin, dövlət katibi ilə digər struktur rəhbərinin açıqlamalarının bir-birilə ziddiyyət təşkil etməsi halı ilə qarşılaşmışıq. Bu cür hallar əslində böyük dövlətlər üçün spesifik xarakter daşıyır. Buna görə, nəzər yetirmək lazımdır ki, səfirlərin addımı təmsil etdikləri dövlətin qərarıdır, yoxsa həmin ölkədəki hansısa qrupların gündəmə gəlmək, münasibətləri gərginləşdirmək üçün növbəti cəhdlərindən biridir? Məsələyə bu cür yanaşsaq, daha doğru olar. Fikrimcə, Minsk qrupunu diriltməyə cəhd etmək və Azərbaycanın tarixi torpağı olan Şuşaya getməkdən imtina etmək bir-birilə bağlantılıdır. Məlum olduğu kimi, Azərbaycan prezidenti ilə görüşlərdə və danışıqlarda bu qrupun fəaliyyəti ilə bağlı belə təkliflər səsləndirilir. Bununla bağlı prezidentin çox gözəl ifadəsi var, ATƏT-in Minsk qrupu ölü təşkilatdır. Bu təşkilatın etmək istədiyi və etməli olduğu işləri Azərbaycan özü yerinə yetirdi. Prezidentin də vurğuladığı kimi 28 ilə qədərdir Minsk qrupunun nümayəndələri Qarabağa ancaq turistik səfərlər həyata keçiriblər, yeyib-içməklə məşğul olublar. Bu baxımdan, səfirlərin Şuşaya səfərdən imtina etmələrinin səbəblərini bir-birinə bağlasaq, açıq-aydın bir tablo ortaya çıxır, adətən fikirləri və maraqları toqquşan ölkələrin üçünün də marağı bu dəfə üst-üsə düşüb. 
No description available.
- Yəni, həmsədr ölkələr münaqişənin davam etməsinin tərəfdarıdır?

- Münaqişənin qalmasının və ya elə bu cür davam etməsini istəyirlər, lakin Azərbaycan prezidentinin də vurğuladığı kimi artıq Qarabağ münaqişəsi yoxdur. Bu məsələ ilə əlaqədar bizə bağlı olan, müəyyən mənada qaranlıq qalan nüanslar var, bunlar da Rusiya sülhməramlılarının olduğu ərazilərlə bağlıdır. Lakin əminəm ki, bu məsələlər də zamanla yoluna qoyulacaq. Artıq Azərbaycan qəti mövqeyini ortaya qoyub. Burada bir məsələyə də toxunmalıyıq. Heç şübhəsiz, Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa bəyannaməsi müxtəlif zümrələri narahat edib və etməkdədir. Narahatlığı da bu cür ortaya çıxarırlar. Azərbaycan bu cür yanaşmalara baxmayaraq, öz siyasətini yürüdür və öz müttəfiqini seçib. Azərbaycanın qardaş Türkiyə ilə birgə və bərabər addım atması müxtəlif insanları və dairələri narahat edə bilər, amma hər iki ölkənin dövlət başçısının vurğuladığı kimi, “bu müttəfiqlik bizə zərər vermək istəməyən, bizimlə əməkdaşlıqda maraqlı olanlara qarşı yönəlməyib”. Dolayısı ilə, biz “6-lıq” platformasını təklif edən dövlətlərik. Azərbaycan prezidenti bütün çətinliklərə baxmayaraq, Ermənistanı da bu prosesə qoşulmağa dəvət etdi, tolerant mövqe göstərdi. Azərbaycan və Türkiyənin xoşniyyətindən sonra hələ də “bəlkə də, torpaqları qaytardılar” düşüncəsi ilə yaşayan qüvvələrin olması qərəzdən, iki dövlətə qarşı ikili standartlardan xəbər verir. 

- Uzun müddət türkdilli ölkələrlə işləmisiniz. Artıq hamımızın uzun müddətdir gözlədiyimiz türkdilli dövlətlərin ortaq fəaliyyəti reallaşır. Bunun bariz nümunəsini Şuşada gördük. Necə düşünürsüz, Şuşanın Türk dünyasının mərkəzi olması, burada həmin ölkələrin diplomatik nümayəndəliklərinin açılması mümkündür?

- Bu, çox gözəl ideyadır. Keçən ilin dekabr ayında parlamentdə çıxışım zamanı təklif etmişdim ki, Şuşanın təhlükəsizliyini təmin etmək və mədəniyyət paytaxtı kimi ön plana çəkmək üçün orada Türkiyənin konsulluğu açılmalıdır. Mənim arzuladığım bu fəaliyyət Azərbaycan prezidentinin qəti iradəsi və Türkiyənin dəstəyi ilə reallaşdı. Artıq yaxın gələcəkdə Şuşada Türkiyənin konsulluğunun fəaliyyətinə şahidlik edəcəyik. Bu, əslində böyük stimuldur. Türk dövlətləri arasında əlaqələrdə Azərbaycan və Türkiyə lokomotiv rolunu oynamaqdadır. Mən həm Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi kimi, həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının başçısı kimi şahidi olmuşam ki, Azərbaycan və Türkiyənin aktivliyi digər ölkələrin də aktiv fəaliyyətinə mükəmməl şərait yaradır. Xüsusilə, 2018-ci ildə Özbəkistanın tam hüquqlu dövlət olmaq üçün müraciəti, 2019-cu ildə Bakıda keçirilən zirvə görüşündə bu müraciətin qəbul edilməsi, Macarıstanın müşahidəçi statusundan prosesə qoşulması, Türkmənistanın dövlət başçısının bəyanatı ilə noyabrda keçirilməsi planlaşdırılan Türk dövlətlərinin toplantısında iştirakını təsdiq etməsi bizim uzun illərdir arzu və cəhd etdiyimiz, bütün istiqamətlərdə addımlar ataraq, nəticə əldə etmək üçün çalışdığımız prosesin bəhrə verdiyini göstərir. İqtisadi, siyasi və bir çox digər aspektlərdən Türk dövlətlərinin birgə və bərabər fəaliyyəti üçün yaradılmış indiki münbit şərait uzun illər görülən işlərin nəticəsidir. Mart ayında Türk dövlətlərinin videokonfrans formatında qeyri-rəsmi görüşü baş tutdu və bu iclasda dövlətlərin Əməkdaşlıq Şurasının adının Türk Dövlətləri Birliyi olaraq dəyişdirilməsi barədə qərar qəbul edildi. Bu qərarın rəsmiləşdirilməsi barədə qərar da dövlətlərin növbəti iclasında veriləcək. Bu qərar Avropa Birliyi istiqamətində gedən proseslərin Türk dövlətləri istiqamətində də getdiyini göstərir. Bu baxımdan əminəm ki, Şuşada Türkiyənin konsulluğunun açılması gələcəkdə Özbəkistan, Qazaxıstan, Macarıstan kimi ölkələrin də orada konsulluq açmasına imkan yaradacaq. Ümid edək və inanaq ki, bunun şahidi olacağıq.
No description available.
- Türk dövlətlərinin vahid ordusunun yaradılması ideyası da gündəmə gəlir və hər kəsin istəyindən xəbər verir. Bu ideyanın reallaşması nə dərəcədə mümkündür?

- Bu məsələdə daha realist olmaq lazımdır, bu, real ideya görünmür. Məncə, belə bir ordunun olmaması da daha yaxşıdır. Biz müstəqil dövlətlərik və bəzi ölkələrin müxtəlif təşkilatlara hərbi baxımdan üzv olduğunu unutmamalıyıq. Məsələn, Türkiyə NATO-nun üzvüdür. Azərbaycan isə heç bir təşkilata hərbi blokla qoşulmur. Azərbaycan da, Türkiyə də, digər dövlətlər də beynəlxalq hüquq və normalara uyğun addımlar atır. Hətta “Şuşa bəyannaməsi”ndə də BMT-yə istinad edildi. Bu qurumun müvafiq qanunlarına, maddələrinə uyğun olaraq, gələcəkdə iki dövlətdən birinə qarşı hansısa hərbi təcavüz və təhlükə yaranarsa, bu dövlətlər bir-birlərinə dəstək verə bilərlər. Hazırda belə bir ordunun yaradılmasından söhbət gedə bilməz, amma gələcəklə bağlı eyni fikirləri deyə bilmərik. Lakin terrora qarşı birgə mübarizə, fəaliyyət mexanizmi həyata keçirmək olar. Terror təşkilatlarına qarşı mübarizədə Azərbaycan, Türkiyə və Özbəkistan birgə addım atırlar. Son dövrlərdə həm Azərbaycanın, həm də Türkiyənin birgə hərbi təlimlər həyata keçirməsi müsbət mənada digər ölkələrə də təsir göstərib. Bu mənada Özbəkistanın iki dəfə Türkiyə ilə bərabər hərbi təlimlərə başladığı qeyd oluna bilər. Bu, böyük irəliləyişdir. 20 ilə qədər təşkilatdan uzaq duran, fəaliyyətində heç cür iştirak etməyən Özbəkistanın birdən-birə hətta hərbi təlimlər həyata keçirməsi doğru istiqamətdə irəlilədiyimizin tərənnümüdür. Mənim üçün böyük fəxrdir ki, azı 10 ilə qədərdir ki, bu proseslərdə kiçik də olsa, fəaliyyət göstərmişəm.

- Müharibədən sonra Türkiyə ordusunun Qarabağda olması ilə bağlı cəmiyyətdə çağırışlar var. Xarici təhdidlərə qarşı mübarizədə qardaş ölkənin hərbi gücünün olması vacib hesab edilir. Bu fikirlərə münasibətiniz necədir?

- Hazırda rəsmi şəkildə belə bir qərar yoxdur. İnsanların fikirlərinə hörmətlə yanaşmaq lazımdır, arzularını, düşüncələrini ifadə edirlər, mən də hörmətlə yanaşıram. Lakin ona da fikir vermək lazımdır ki, iki ölkə arasındakı bəyannamə müttəfiqlik haqqındadır. Yəni, biz yaxın gələcəkdə müttəfiqlik bəyannaməsinə uyğun olaraq ikitərəfli sazişlərin imzalanmasının şahidi olacağıq. Prezidentin müharibə və müharibədən sonra səsləndirdiyi bir fikri unutmaq olmaz - “biz nəyi harada, necə etmək lazımdır, çox yaxşı bilirik”. Şübhəsiz ki, biz dövlət başçısı qədər məlumatlı ola bilmərik, çünki bütün proseslərin mərkəzində duran lider kimi o, daha yaxşı bilir. Mənim şəxsi düşüncəm budur ki, hazırda Azərbaycan Ordusu Qarabağdakı prosesləri nəzarətdə saxlayacaq qədər gücə sahibdir. Hər kəs yumruq kimi birləşib və "Dəmir yumruq" hələ də var, öz əhəmiyyətini qoruyur. "Şuşa bəyannaməsi"nin imzalanması göstərdi ki, ölkəyə olan təhdidlər və təzyiqlər böyüyərsə, Azərbaycan üçün ciddi təhlükə halını alarsa, onda Azərbaycanın Türkiyəyə hərbi dəstək üçün müraciət etməyə tam hüququ var. Bu nüans da bir çox qüvvələr üçün ciddi mesajdır. Türkiyə ordusunun Qarabağda olub-olmamasından asılı olmayaraq, Azərbaycan Ordusu gücü və qabiliyyəti ilə bu proseslərdə öz qəti addımlarını ata bilər, lakin təzyiqlərin əhatə dairəsi genişlənərsə, məlumdur ki, Azərbaycan və Türkiyə yumruq kimi birləşib həmin qüvvələrin başını əzmək qabiliyyətindədir.
No description available.
- Prezident öz çıxışında bildirdi ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Bu dəhlizin Türk dünyası üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- İnanılmaz dərəcədə vacib bir addım olacaq. Vaxtilə Zəngəzur dəhlizi Türk dövlətləri arasında əlaqələrin kəsilməsi üçün bağlandı. Bununla, Ermənistandan İrana çıxış verildi. Yüz il əvvəl qurulan plandan ermənilər müharibə zamanı istifadə etdilər. Prezidentin Ağdam səfərində çox əhəmiyyətli müsahibəsi oldu. Oradan prezidentin bir sitatını xatırlatmaq istəyirəm. Dövlət başçısı dedi ki, təəssüf ki, Sovet İttifaqı dağılandan sonra 30 il ərzində Ermənistan müstəqil dövlət ola bilmədi. Müstəqil ola bilsəydi, biz onlarla problemi çoxdan həll etmişdik. Bu, bir çox sualların və qaranlıq məsələlərin cavabıdır. Zəngəzur dəhlizi ilə bağlı anlaşmada Ermənistan Rusiyanı qarant göstərib. Rusiyanın sərhəd xidməti bu məsələdə məsuliyyəti öz üzərinə götürüb. Prezidentin də dediyi kimi, dəhlizlə, dəmiryolu ilə bağlı biz Ermənistanla deyil, Rusiya ilə danışıqlar aparırıq. Bu danışıqların bir görüşü Antalyada Türkiyə və Rusiya xarici işlər nazirlərinin iştirakı ilə baş tutdu. Bizim hədəfimizdə hansısa ölkə, yaxud dövlət yoxdur. Bu baxımdan, Zəngəzur dəhlizinin qısa müddətdə fəaliyyətə başlaması qədim İpək yolununun və Türk dövlətləri arasında münasibətlərin bərpasına müsbət təsir göstərməklə bərabər, bütün digər dövlətlərinə, habelə, İrana, Rusiyaya, Gürcüstana, Ermənistana da böyük faydası olacaq. Bütün dövlətlər anlamalıdırlar ki, bu faydadan istifadə etmək üçün Azərbaycan və Türkiyə ilə nə qədər yaxın münasibət qursalar, o qədər yaxşıdır.

- Son günlərin əsas narahatedici məsələsi narkomaniya və onun gətirdiyi fəaləkətlərlə bağlıdır. İndiki məqamda, məsələnin həlli yolları ilə bağlı fikirlərinizi bilmək istəyirik. 

- Biz bu məsələdə gənclərə yaradılan şəraitə toxunmalıyıq. Məsələn, Ucarda gənclərin vaxt keçirməsi üçün bir idman kompleksi belə yoxdur. Onların asudə vaxtlarını səmərəli keçirmələri üçün mərkəz yaradılmayıb. Bununla bağlı Milli Məclisdə məsələ qaldırmışam, keçən il hökumətə müraciət etmişəm, bu il də müraciətimi yenilədim. Rayonlar üçün ögeylik-doğmalıq münasibəti göstərilir. Ucar da nədənsə hər zaman ögey münasibətlə qarşılaşır. Potensial gücə və enerjiyə malik olan gəncləri doğru yönləndirməsəniz, "qara qüvvələr" onlardan başqa məqsədlər üçün istifadə edəcək. Hər şeyi prezidentin üzərinə yükləməli deyilik. O, dünya siyasətində Azərbaycanın məqsədlərini qoruyur, iqtisadi inkişafla bağlı qərarlar verir, pandemiya ilə mübarizə, Qarabağ məsələsinin kökündən həll edilməsi və daha onlarla məsələylə məşğuldur. Ona görə də, digər məsul şəxslərin də qollarını çirmələyib bu işlə məşğul olmaları lazımdır. Prezident kimə nə səlahiyyət verilibsə, gedib o işlə məşğul olsun. Hər kəs öz işi ilə məşğul ola bilsə, bu istiqamətdə böyük irəliləyiş əldə edərik. Təsəvvür edin ki, Ucarda gənclər pul toplayıb Göyçaya futbol oynamağa gedirlər. Rayonun gənclər mərkəzində öz hesablarına kiçik idman zalı qurublar, amma 90 min əhalisi olan rayon üçün bu zal çox kiçikdir, istifadəsi məhduddur. Müharibədə iştirak edən gənclər boş vaxtlarını səmərəli keçirə bilmirlər. Gəncləri işlə təmin olunması da narkomaniyadan qorunma üsullarından biridir. Bununla bağlı dövlətin müvafiq qurumları lazımi addımları atmalıdırlar. Hər birimiz bu mübarizədə yer almalıyıq. Həm Milli Məclis, həm dövlətin digər qurumları birləşərək gənclərimizi "ağ bəla"dan qurtarmalıyıq. Əks halda zəhərlənən, dünyasını dəyişən, həyatı məhv olan yenə özümüz, öz vətəndaşlarımız olacaq.

- Dediyiniz məsələdə Gənclər və İdman Nazirliyinin də üzərinə böyük iş düşür. Sadaladığınız boşluqlar isə daha çox Ramiz Mehdiyevin zamanında yaranan problemlərdir...

- Onun dövründə yaranan prosesdən sonra pandemiya bəlası ilə qarşılaşdıq. Həmin vaxt isə əsas məqsəd vətəndaşlarımızın sağlamlığı, ölkənin yaranan vəziyyətlə mübarizəsi idi. Onda prezident də bildirmişdi ki, iki seçim vardı, iqtisadi tənəzzülün qarşısını almaq və ya vətəndaşı qorumaq. Biz də vətəndaşlarımızı qorumağı seçdik. Bayaq sadaladığım gənclərlə bağlı boşluqları doldurmaq lazımdır. Başa düşürəm ki, artıq 2021-ci ilin büdcəsində bu, mümkün deyil, amma növbəti ilin büdcəsində nəzərə alınmalıdır. Biz hətta təklif etmişik ki, bəlkə, özəl strukturlar hesabına rayon ərazisində stadion tikək, gənclər başqa bölgələrə getmək əvəzinə öz rayonlarında oynasınlar, asudə vaxtlarını boş keçirməsinlər. Bu nöqteyi-nəzərdən inanıram ki, 2022-ci ilin dövlət büdcəsində Ucarla bağlı da müsbət addımlar olacaq.

- Son vaxtlar Yeni Azərbaycan Partiyasında da rəhbər dəyişikləri və islahatlar oldu. Sizcə, boşluqlar nədən ibarətdir və bundan sonrası üçün sizin gözləntiləriniz nədir?

- 2005-2010-cu illərdə YAP-ın rayon təşkilatının sədri olmuşam. Həmin vaxt yeni ideya və layihələrin Azərbaycanda tətbiqi, gənclərin asudə vaxtının, yay və qış məktəblərinin təşkilini həyata keçirdik. Göründüyü kimi, YAP da dövlət islahatlarından kənarda qalmadı. Prezidentin tapşırığı və göstərişi əsasında yeni idarə heyəti formalaşdırıldı. Gənclər birliyinin idarəetmə strukturunda da müəyyən dəyişikliklər oldu. Bəxtiyar İslamov birliyin sədri təyin olundu. Səmimi şəkildə qeyd edirəm ki, qısa müddətdə olmasına və çətinliklərlə üzləşmələrinə baxmayaraq, Bəxtiyar İslamovun başçılığı ilə yeni seçilən 30 nəfərlik heyət aktiv fəaliyyət göstərməyə çalışdı. Bu prosesi rayonlarda da həyata keçirmək lazımdır. Birlik bir neçə faydalı layihə hazırlayıb, Azərbaycan ictimaiyyəti və gənclər üçün maraq doğuran layihələrdir. İnanıram ki, bu layihələri rayonlarda da təbliğ edəcəklər. Oradakı gənclərə stimul lazımdır. Bu gənclərə şərait yaradılması, əziyyətlərinin qiymətləndirilməsi ondan sonra gələcək gənclər üçün də işıq olacaq. Bu proseslər zəncirvari gedir. Mərkəzdə həyata keçirilən uğurlu işlərin davam edəcəyinə, bölgələrdə də eyni uğurla keçiriləcəyinə inanıram. Bu, inkişafın predmeti içərisində rayonların da öz yerini alacağına şərait yaradacaq. 
No description available.
- Prezident İlham Əliyev iki il əvvəl Bakı Dövlət Universitetinin 100 illik yubileyində çıxış edərkən bildirdi ki, ideoloji boşluqlarımız var. Bu çıxışdan bir müddət sonra da məlum kadr islahatları həyata keçirildi. Sizə elə gəlmirmi ki, partiyada yaranan boşluqların, problemlərin başında da Ramiz Mehdiyev, Əli Həsənov durub?

- Kim hansı vəzifədə çalışmasından asılı olmayaraq bilməlidir ki, bu partiyanı Heydər Əliyev kimi dahi şəxsiyyət qurub. İndi də İlham Əliyev bu partiyanın sədridir. Təəssüf ki, partiyanın fəaliyyətinə kölgə sala biləcək nüansların şahidi olduq. Sevindirici haldır ki, prezident yumruğunu masaya vuraraq, partiyada yeniliyin başlanğıcını qoydu. Hazırda YAP-da sağlam ab-havanın hökm sürməsi üçün geniş imkanlar və şəraitlər yaradılıb. Biz artıq keçmiş fəaliyyətdən çıxaraq yeni prosesə qədəm qoymuşuq. Partiya rəhbərliyində dörd nəfər təmsil olunur, partiyanın sədri İlham Əliyev, sədrin birinci müavini Mehriban Əliyeva, Mərkəzi Aparatın rəhbəri və sədrin müavini Tahir Budaqov və Baş nazirin müavini Əli Əhmədov. Prezidentin məsləhətlərinə uyğun olaraq, yeni hədəflər müəyyənləşdirmişik. Biz bu şəxslərin əmr, tövsiyələrinə uyğun olaraq addımlar atmalıyıq. Partiyanın güclənməsi, gənclərlə işin daha yaxşı təşkili üçün öz üzərimizə düşən addımları atmaqla bərabər, şəxsi düşüncələri kənara qoymalı, şəxsi ambisiyalardan qaçmalıyıq. Kiminsə kiməsə antipatiyası, yaxud simpatiyası ola bilər, amma komanda fəaliyyəti varsa və rəhbər istiqaməti sizə göstərirsə, əmrə tabe olmalıyıq. Demokratiya da bunu tələb edir. Hamımız yaxşı bilirik ki, demokratiya qanunun aliliyidir. Əmrə tabe olmaq demokratiyadan kənara çıxmaq deyil, bilavasitə demokratiyanın özüdür. Hər bir şəxs partiya nizamnaməsi ilə tanış olur, orada da şərtlər qeyd olunub. Heç kim kimsəni məcburi ora gətirmir. Kimsə tabe olmaq istəmirsə, burada məcburiyyət yoxdur. Hər bir şəxs öz düşüncə və qərarında sərbəstdir, azaddır. Tabe olmaq istəməyən ərizəsini yazıb gedə bilər. Amma partiyanın içərisindəsinizsə və burada qalmaq istəyirsinizzsə, əmrlərə tabe olmalısınız. Zamanında YAP-da bölgüçülüklə məşğul olanlar partiyada deyillər, rəhbər strukturda təmsil olunmurlar. Demək ki, prezident bununla bağlı düşünülmüş və uzaqgörən addım atıb. 

- Yeri gəlmişkən, bir neçə gün əvvəl Hesablama Palatası məlumat yaydı ki, YAP-da yoxlamalar aparılır. Yəqin ki, bu, köhnə haqq-hesablardır. 

- Partiyanın deputatı olsam da, birbaşa partiya daxilində çalışan şəxs deyiləm. Beynəlxalq təşkilatlar və partiyalarda da audit yoxlamaları var. Kənardan auditi də struktur özü seçir. Bu, Hesablama Palatası da ola bilər, hansısa beynəlxalq audit şirkəti də ola bilər, yəni seçim müstəqildir. Həmin qurum da müstəqil şəkildə yoxlamalar həyata keçirir, partiyanın fəaliyyətinin mexanizmini yoxlayırlar. Mənə elə gəlir ki, bu proses çox normaldır, çünki elə bu amil də partiyanın şəffaflığını göstərir. YAP şəffaf və təmiz bir  təşkilat olduğunu ortaya qoyaraq, Hesablama Palatasını dəvət edib. Bunun özü də partiyanın cəmiyyətə açıq olduğunu göstərir. Düşünürəm ki, bu, başqa qurumlar üçün də örnək olacaq. 
No description available.
- Adətən rayon sakinlərindən məmurlarla bağlı şikayətlərin olduğunu görürük. "Azərsu", "Azərenerji" ilə bağlı narazılıqların şahidi oluruq. Bu baxımdan, sizin rayonda vəziyyət necədir? Hansı sahə ilə bağlı şikayət daha çoxdur? 

- Şikayətlərin vacib bir hissəsi su ilə bağlıdır. Şoran torpaqların olması və vaxtında düzgün iş aparılmadığı üçün vaxtilə keçmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərlərinin düşünülməmiş addımı ilə şirə kanallarının üstünün örtülməsi torpaqların daha da şoran olmasına gətirib çıxarıb. Suvarma kanallarından istifadədən vahid sxemin mövcud olmaması da ciddi problemdir. Məsələn, Göyçay və ya Ağdaş kanalından Ucara gələn suyun ortada hansısa sehrli qüvvə tərəfindən yoxa çıxması hansısa işbazların prosesdə iştirakını göstərir. Onlar suyun arxlar vasitəsilə camaata getməsinin qarşısını alır. Bu baxımdan bir neçə kompleks tədbirlər həyata keçirilməlidir. Yeri gəlmişkən, Milli Məclisin son iclasında çıxışım zamanı bu məsələni açıq-aydın şəkildə, faktlar və həlli yolları ilə bərabər təqdim etmişəm. Artezian quyularının qazılması şərtdir. Kəndlərdə vaxtilə bulaqlar tikilmişdi, sonra o bulaqları bağladılar. Əhali tələb edir ki, bulaqlar açılsın. Suyun israf olduğunu düşünürlərsə, sayğac qoysunlar, çünki suyu bağlamaq problemin həlli deyil, onu daha da dərinləşdirməkdir. İki cür su problemi var, içməli su və əkin sahəsi üçün suvarma su problemi. Bu problemlərin heç biri ilə bağlı ciddi irəliləyiş yoxdur. Kəndləri çoxunda olmuşam, inanın ki, əhalidə su ilə bağlı çox ciddi problemlər var. "Azərsu"yun, “Meliorasiya və Su Təsərrüfatı”nın rəhbərliyinə yeni gəlmiş dostlar bu prosesdə doğru addımlar atacağına inanıram. Qazla bağlı ciddi problem yoxdur. Sadəcə bir kənddə qazlaşdırma problemi var, o da Ucardan daha çox Ağdaş üzərindədir. Açığı, həftənin beş günü dövlət strukturlarına təklif və şikayətlər yazıram. Ən böyük şikayət və problem elə su ilə bağlıdır. İşıqla bağlı isə bir  vacib şikayət işıq sayğaclarının quraşdırılması və kabelləri çəkilməsi üçün vəsaitin vətəndaşların özləri tərəfindən ödənilməsi ilə bağlıdır. Bu, ciddi problem yaradır. Məsələn, sayğacın quraşdırıldığı yer vətəndaşa verilən torpaq sahəsindən çox aralıdır. Bu zaman vətəndaş məcbur olur ki, həmin məsafə üçün kabeli özü çəksin. Həmin kabel çəkilişinin də Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş standartları var. Bütün bunlar birlikdə 3000 manatadək xərc deməkdir. Bu məbləğə vətəndaş Ucar kimi yerdə özünə 10 sot torpaq ala bilər. Bu nüansı da Milli Məclisdə təqdim etdim. Bunlar əslində texniki nüanslardır.

- Yeni Media haqqında Qanunun qəbulu müzakirə edilir, hələ ki, detallar ictimaiyyətə açıqlanmır. Yeni qanunun qəbul olunmasına münasibətiniz necədir?

- Qanunun detalları və müzakirələr mənə məlum olmasa da, beynəlxalq qanunların əsas götürülərək yeni layihənin hazırlanacağını düşünürəm. Medianın İnkişafı Agentliyinin (MEDİA) həyata keçirdiyi uğurlu layihələr, addımlar Azərbaycan mediasının inkişafına və güclənməsinə xidmət edir. Bu, həmçinin əlində qələm olanın bu fürsətdən sui-istifadəsinin də qarşısını alır. İnsanları şantaj etmək, onların şərəf və ləyaqətinə toxunmaq, şəxsi həyata müdaxilə, siyasi görüşlərinə görə təhqir etmək kimi hallar hələ də mövcuddur. Bu, zaman-zaman bizim də başımıza gəlib. Azərbaycan Konstitusiyasının müvafiq maddələrinə görə bu, qadağandır, amma bunların şahidi oluruq. Ona görə düşünürəm ki, Media haqqında Qanun həm də tarazlıq gətirəcək. Medianın müstəqilliyinə və söz azadlığına mane olmamaq şərtilə onun fəaliyyət mexanizmi işləyib hazırlanmalıdır. Hər kəsin hüququna, düşüncəsinə hörmətlə yanaşılacaq. Sağlam cəmiyyətin qurulması üçün prezident çalışır. Media da bu işə köstək yox, dəstək olmalıdır. Reket jurnalistikadan bir an öncə qurtulmaq lazımdır. Rəqabət də sağlam olmalıdır. Sağlam rəqabət yaxşı iş ortaya qoyan media qurumunu kölgələmək yox, "mən daha yaxşı işləyərəm" deməkdir. Sağlam rəqabət təbii süzgəcdir. Həmin süzgəc özü reketliklə, şantajla məşğul olanları süzüb atacaq. Süzüləndən sonra yerdə qalanlar öz gücləri ilə fəaliyyətə davam edəcəklər. Ağıl və dərrakə ilə işləyən qrup və qurumlar qorxmamalıdır, əksinə səbirsizliklə gözləməlidir ki, yeni proses başlayır. Məmurlar da, deputatlar da, siyasətçilər də medianın sağlam və təmiz olmasını arzu edir. Səhvim varsa, tənqid edin, amma sui-istifadə etməyin, şəxsi həyat prizmasından çıxış etməyin.

Aygül Qarayeva
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 17:27
26 sen 2021, 17:00
Top