Oğlunun məzarıyla dərdləşən şəhid atası — VİDEO

GÜNDƏM 07 iyl 2021, 18:28
Şəhid Veyis İsmayılovun atası hər gün oğlunun yol kənarında yerləşdirilən fotosunun önünü təmizləyir. Onun görüntüləri sosial şəbəkələrdə yayılıb.

Baku TV şəhidin evində olub.

Qonşuların sözlərinə görə, şəhidimizin atası Əflatun kişi hər gün övladının dəfn olunduğu məzarlığa da gedir. 

Evin sonbeşiyi olan V.İsmayılovu çox böyük çətinliklərlə böyüyüb. Həm atası, həm də anası uşaqlar böyüyənə qədər hər işi görüb, hər əziyyətə qatlaşıblar. Uzun illərdir kirayədə yaşadığı üçün elə V.İsmayılovun da ən böyük arzusu ev alıb, valideynləri ilə birgə o evdə yaşamaq olub. 

Şəhid ailələrinə edilən yardımdan aldıqları ödənişlə Zabrat qəsəbəsindən iki sot torpaq ala biliblər. Amma Veyisin böyüyüb, boya-başa çatdığı doğma qəsəbədə ev tikmək arzusunu reallaşdırmağa, təəssüf ki, ailənin gücü çatmır. 

Döyüşdə olan zaman da V.İsmayılovdan xəbər ala bilməyən ailə onu xəstəxanalarda axtarmaq qərarına gəlir. Bunun üçün yeddi min manat sələmə pul da götürürlər. Bu axtarışlar nəticə vermir və V.İsmayılovun şəhid xəbəri gəlir. Elə ailə şəhid ailələri üçün nəzərdə tutulan ödənişin çox hissəsini də həmin borcu ödəməyə sərf edir. 

Ailəsindən xəbərsiz səfərbərliyə yazılan Veyis İsmayılov Suqovuşanda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 

Şəhidimizin anası Zeynəb İsmayılova deyir ki, necə sağlığında oğlu ilə fəxr edirdisə, indi də fəxr edir: “Bizim oğlumuz Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda can verdi”. 

İsmayılovlar ailəsinin tək istəyi isə bütün şəhidlərimizin şərəfinə məhəllələrində tikməyə çalışdıqları bulağı tez bir zamanda ərsəyə gətirməkdir.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top