Deputat: "Media haqqında yeni qanunun qəbulu informasiya təhlükəsizliyinin təmin olunmasına da ciddi töhfə verəcək"

MEDİA 06 iyl 2021, 10:57
“Artıq Azərbaycan mətbuatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Mediada yeni münasibətlər yaranıb, yeni media subyektləri formalaşmaqdadır, media anlayışı yeni məzmun kəsb etməkdədir. İctimai münasibətlərimizi geniş əhatə edən yeni istiqamətlər formalaşmaqdadır. Bütün bunların yeni qanun layihəsi ilə tənzimlənməsi zərurəti var”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O, media ilə bağlı yeni qanunun qəbu edilməsinin zərurətinə toxunub:



“Qanunun ilkin layihəsi ilə tanış olmuşuq, daha sonra qanunda təkmilləşmələr aparılıb. Media haqqında qəbul ediləcək yeni qanun yeni məzmunu əhatə etməklə, həm də media münasibətlərində hüquqi nizamlama platforması yaradacaq. Bu, media mühiti üçün olduqca vacibdir.
Həmçinin məlumdur ki, medianın müxtəlif seqmentlərinin maddi təminatları ilə bağlı zaman-zaman problemlər yaranır. Bunların həll edilməsi və şəffaflığın yaradılması üçün media subyektlərinin vahid struktur, biznes vahidi kimi çıxış etməsi lazımdır. Yeni qanunun qəbulu ilə bunun üçün ciddi əsaslar yaranacaq”. 

Deputatın sözlərinə görə, yeni qanunun qəbulu informasiya təhlükəsizliyinin təmin olunmasına da ciddi töhfə verəcək:

“Biz informasiya müharibəsi və informasiya təhlükəsizliyi müstəvisində yeni qlobal çağırışlarla üz-üzəyik. Yeni qanunun qəbulu bu prosesdə milli informasiya təhlükəsizliyimizin qorunması üçün də ciddi hüquqi əsaslar yaradacaq. Hazırkı mərhələdə bu, olduqca aktual və vacibdir. Mediamızın inkişafı, informasiya təhlükəsizliyimizin təmin olunması baxımından yeni qanunun qəbulu olduqca zəruridir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top