Məhkəmə AZAL prezidentinin xanımının iddiasını əsassız hesab etdi

HADİSƏ 05 iyl 2021, 18:02
“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov AZAL rəhbəri Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevadan şikayətlərinə görə məhkəməyə verilib.

İsmayılov dövlət orqanlarına ünvanladığı şikayət məktublarında, mediaya müsahibələrində iddia edirdi ki, Həmzəyeva zorla “İdeal”ı onun əlindən alıb, bu məqsədlə o, sifarişlə həbs etdirilib.

“Premium Bank”ın əsas səhmdarı olan Həmzəyeva məhkəməyə özü müraciət etməyib. Onun ünvanına səslənən fikirlərə görə hüquqşünası və nümayəndəsi Məharət Hüseynli xüsusi ittiham qaydasında iddia qaldırıb. İsmayılovun CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması tələb edilib.

İddiaya Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyev baxıb. İyulun 5-də çıxarılan hökmdən məlum olub ki, məhkəmə iddianı əsassız hesab edib. Belə nəticəyə gəlib ki, İsmayılovun AZAL prezidentinin xanımına böhtan atması, onu təhqir etməsi haqda iddialar sübuta yetirilməyib. Ona görə də məhkəmə prosesinin əvvəlində CM-nin 147 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində tanınan İsmayılova bu ittihamlar üzrə bəraət verilib.

İş adamı İsmayılov hazırda həbsdədir. O, CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib. Həmzəyeva həm də Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan “Gazelli Group”un rəhbəridir.

“Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adını “SilkWay Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Bankın səhmdarları Zərifə Həmzəyeva, “VIP Aviation Services” MMC və Elvira Əhmədovadır.(Azadlıq Radiosu)

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top