Deputat: "Azərbaycan bölgədə sülhün yaranmasında əsas, həlledici qüvvəyə çevrilib"

GÜNDƏM 05 iyl 2021, 16:44
“Minalanmış ərazilərin xəritəsinin alınması prosesində həlledici qüvvə Azərbaycan prezidentidir. Xəritələrin alınmasında ABŞ, Gürcüstan, Rusiya və digərləri sadəcə vasitəçi rolunu oynayırlar. Əsas məsələni həll edən güc, qüvvə Azərbaycan və onun prezidentidir. Prezidentin apardığı güclü siyasət öz nəticəsini verir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O, Azərbaycn prezidenti və diplomatiyasının apardığı siyasətin öz nəticəsini göstərdiyini qeyd edib:

“Bu siyasət həm də bölgədə sülhün, problemlərin dinc həllinə töhfə verir. 97 min, ardınca 92 min basdırılmış minaların xəritələrinin əldə edilməsi əhalinin bölgəyə qayıdışını sürətləndirəcək. Mina xəritələrinin alınması işğaldan azad edilmiş bölgələrdə tikinti, bərpa, infrastruktur işləri ilə məşğul olanların təhlükəsizliyinin təmin olunması üçün vacib amillərdən biridir. Ərazilərin minalardan qısa zamanda təmizlənməsi əhalinin də daha erkən doğma yurdlarına qayıtması demək olacaq. Bu prosesin danışıqlar çərçivəsində, dinc yolla həll edilməsi Azərbaycanın humanist və düşünülmüş siyasətinin göstəricisidir”.

Deputat minalanmış ərazilərin xəritələrinin əldə edilməsində müxtəlif dövlətlərin vasitəçiliyinə də toxunub:

“Rusiya bu vasitəçiliyi çoxdan etməli idi. Sülhməramlılıq missiyasını öz üzərinə götürən məhz Rusiya oldu və bu işlər də həmin sülhməramlılıq missiyasına aiddir. Ağdamın mina xəritəsinin alınmasında Rusiya da iştirak edə bilərdi, amma görünür hansısa səbəblərdən bu prosesdən kənarda qaldı. Ağdam rayonunun mina xəritəsinin ABŞ və Gürcüstanın vasitəçiliyi ilə alınmasından sonra Rusiya regionda mövqelərinin zəifləməsindən, nüfuzuna xələl gələ biləcəyindən ehtiyat etdi. Bunu başa düşən Rusiya fəaliyyətə keçdi və Füzuli ilə Zəngilanın mina xəritələrinin alınmasında vasitəçi oldu. 

Biz Azərbaycan tərəfi olaraq sülhün yaranması, qarşılıqlı münasibətlər və əməkdaşlıq məsələlərinə hansı dövlətlər müsbət tərəfdən çıxış etsə, onların niyyətlərini alqışlayırıq. Azərbaycan bölgədə sülhün yaranmasında əsas, həlledici qüvvəyə çevrilib. Dövlətimiz bu prosesdə dəstək olan, vasitəçilik etmək istəyən hər bir dövlətin təşəbbüsünü dəstəkləyir”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top