Müşfiq Ələsgərli: "Bu yardımlar onlayn media sferasında yeniləşməni, peşəkarlaşmanı stimullaşdıracaq"

MEDİA 02 iyl 2021, 15:27
“İnformasiya məkanında media subyektlərinin (audiovizual, çap və onlayn media subyektləri, informasiya agentlikləri) hər birinin öz yeri, əhəmiyyəti var.  Onlayn media isə yaşadığımız dönəmdə digərlərindən fərqli olaraq, ikiqat əhəmiyyətə malikdir. Onlar da medianın digər qolları ilə birlikdə informasiya təminatını, məlumatlandırma, maarifləndirmə funksiyasını yerini yetirirlər”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.

Media eksperti onlayn medianın Azərbaycan reallığını dünyaya çatdırmaq baxımından mühüm rol oynadığını qeyd edərək bildirib ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi müsabiqə medianın bu sahəsinin inkişafına töhfə verəcək:

“Bu gün Azərbaycanın marağında olan  informasiyaların xarici auditoriyaya çıxarılması üçün ən yaxşı vasitə onlayn media qurumlarıdırlar. Onlar heç bir maneə, heç bir baryer olmadan, hər hansı izafi xərc çəkmədən lazımi informasiyanı xarici aləmə ötürə bilirlər. Bu baxımdan onların peşəkarlaşması, institutlaşması vacib məsələdir. Fikrimcə, Medianın İnkişafı Agentliyinin ayırdığı maliyyə yardımları bu yöndə proseslərin uğurla tamamlanmasına ciddi töhfələr verəcək. Açıqlanan nəticələrə əsasən, 39 onlayn media resursu, 18 çap media qurumu- qəzet  (ümumilikdə 57 media qurumu)   maliyyə yardımı müsabiqəsinin qalibi olub. Bundan öncəki, sonuncu müsabiqənin nəticələri ilə müqayisə etsək görərik ki, qaliblərin sayı təqribən 3 dəfə artıb. Çoxlu sayda yeni adlar görürük, hansılar ki, indiyədək müsabiqə qalibi olmayıblar. İndiki yeniliyin əsas mahiyyəti onlayn media qurumlarına müsabiqədə iştirak etmək və qalib gəlmək şansı verilməsidir. Onlayn media qurumlarının bu tip müsabiqələrdə iştirakı ilk təcrübədir. Hesab edirəm ki, bu yardımlar onlayn media sferasında yeniləşməni, peşəkarlaşmanı stimullaşdıracaq. 

Müsabiqə qalibi olmuş bütün KİV təmsilçilərini təbrik edirəm, yardımdan uğurla faydalanmalarını arzu edirəm”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top