Politoloq: “Paşinyan Azərbaycanla sərhəd məsələsini həll edərək, Ermənistan tarixinə öz adını yazdıra bilər”

GÜNDƏM 28 iyn 2021, 12:14
“Prezident İlham Əliyev Silahlı Qüvvələr Günündə Azərbaycan Ordunun rəhbər və şəxsi heyəti ilə görüşündə bir daha Ermənistana yeni şərtlər irəli sürdü. Bu, həm də xəbərdarlıq xarakteri daşıyır. Ermənistan bir daha Dağlıq Qarabağ sözündən istifadə etməməli, bununla da qonşuları ilə normal münasibətlər yaratmaq istiqamətində səy göstərməlidir”.

Bu sözləri Demokrat.az-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O, Azərbaycanın Ermənistana inkişaf etmək, regionda proseslərin iştiraçısı olmaq üçün tarixi şans verdiyini bildirib:

“Prezident öz çıxışında növbəti dəfə həm Ermənistana, həm də beynəlxalq aləmə səslənərək, Azərbaycanın baxış bucağını hər kəsin diqqətinə çatdırdı. Azərbaycanın yanaşmasına görə, gələcəyi düşünmək, yeni proseslərin iştirakçısı olmaq lazımdır. Ermənistan artıq Azərbaycan və digər qonşuları ilə əməkdaşlıq qurmaq üçün qərarlar verməlidir. Prezident çıxışında bu yeni proseslərin Ermənistanın xeyrinə olduğunu vurğulayıb. Azərbaycan onsuz da regionda lider dövlətlərdəndir, beynəlxalq layihələrə rəhbərlik edir. Prezident bunu vurğulayaraq, Ermənistanı da yeni proseslərin iştirakçısı olmağa dəvət etdi. Bunun üçün Ermənistan Azərbaycanla sərhədlərin müəyyənləşməsi proseslərinə başlamalı, müvafiq komissiya yaratmalıdır”. 

Politoloqun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan İlham Əliyevin irəli sürdüyü şərtlərlə razılaşaraq, ölkənin tarixi liderinə çevrilə bilər:

“Paşinyan üçün bu, çox vacib tarixi dövrdür. O, Azərbaycanla sərhəd məsələsini həll edərək, Ermənistan tarixinə öz adını yazdıra bilər. Məlumdur ki, Paşinyan hakimiyyətə gəlsə də, ölkədə revanşist qüvvələr qalmaqdadır. Bu kimi qüvvələr Ermənistan dövlətçiliyini zərbə altında qoyur. Paşinyan Azərbaycanla sülh və əməkdaşlıq yolunu seçsə, bu ehtimallardan qurtula bilər. Sərhəd problemi nə qədər tez həll edilsə, bu, Ermənistanın təhlükəsizliyi üçün olduqca əhəmiyyətli rol oynayacaq. Əslində, Paşinyan çox vacib imkan qazanıb. Bu şansdan istifadə edib-etməyəcəyi isə Paşinyan hakimiyyətinin nə qədər müstəqil olmasından asılıdır. Ermənistan hazırkı siyasi, iqtisadi böhrandan xilas olmaq, inkişaf etmək üçün ən vacib fürsətlərindən birini qazana bilər”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top