Deputat: "Hərbi qulluqçuların aylıq məvacibinin artırılması onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək"

GÜNDƏM 25 iyn 2021, 15:55
“Hərbçilərimizin sosial müdafiəsinin daha da gücləndirilməsi Azərbaycanda həyata keçirilən siyasətin əsas prioritetlərindəndir. Bu baxımdan Azərbaycan prezidenti İlham Əliyevin son olaraq imzalandığı sərəncamla Azərbaycanın hərbi qulluqçularının məvacibinin artırılması bu istiqamətdə atılmış yeni addımdır”. 

Bu sözləri Demokrat.az-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

O, işğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbçilərin vəzifə maaşlarına Prezidentin əlavəsinin müəyyən edilməsi ilə bağlı sərəncamın əhəmiyyətinə toxunaraq, bu addımın hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə töhfə verəcəyini bildirib:



“Hərbi qulluqçuların məvaciblərinə əlavənin təyin edilməsi hərbçilərin sosial müdafiəsinin gücləndirilməsinə imkan verəcək. Nəzərə alsaq ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra ordumuzun daha da gücləndirilməsi və bütövlükdə Azərbaycanın müdafiə qabilliyyətinin daha da artırılması istiqamətində işlər davam etdirilir. İşğaldan azad olunmuş ərazilərimizdə xidmət edən hərbi qulluqçuların aylıq məvacibinin artırılması da nəticə etibarilə hərbçilərimizin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək. Bu, bir daha göstərir ki, hərbçilərimizin sosial təminatı Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir”.

Bundan əvvəlki dövrdə də hərbçilərin sosial təminatının və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində addımların atıldığını vurğulayan deputat, bu siyasətin davam etdiriləcəyini qeyd edib:
“Əvvəlki illərdə də hərbçilərimizin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların mənzil şəraitinin yaxşılaşdırılması, əmək haqqlarının artırılması istiqamətində addımlar atılıb. Birmənalı şəkildə gələcəkdə də hərbçilərimizin sosial təminatının gücləndirilməsi istiqamətində yeni addımların atılmasını müşahidə edəcəyik. Hərbçilərimizin sosial və mənzil təminatının yaxşılaşdırılması Azərbaycanda həyata keçirilən addımların əsas elementlərindən biri olaraq qalacaq”.

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top