Deputat: "Toyda hamı bir-birini görən kimi "maç" edir, bu da virusun yayılmasına şərait yaradır"


GÜNDƏM 23 iyn 2021, 17:36
"Bizim toylarda adətdir: hamı bir-birini görən kimi "maç" edir. Əvvəllər təkcə qadınlar idisə, indi kişilər də öpüşüb görüşürlər. Elə təkcə bu, toylarda virusun yayılmasına şərait yarada bilər. Bu baxımdan, maskadan istifadə vacibdir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti hər zaman adət-ənənələri qoruyub saxlayıb: "Pandemiya şəraiti ilə əlaqədar, artıq uzun müddətdir ki, ölkədə toyların təşkilinə qadağa qoyulmuşdu. Qadağa isə iyulun 1-dən etibarən qüvvədən düşəcək və toy mərasimləri yenidən təşkil olunmağa başlayacaq. Dünya ölkələri ilə müqayisə etsək, görərik ki, Azərbaycan koronavirusdan ölüm halı ən az qeydə alınan ölkələr sırasındadır. Bunun da səbəbi pandemiyanın başladığı ilk günlərdən ölkədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsidir. Qəbul edilən qərarların hər biri vətəndaşların sağlamlığının qorunmasına xidmət edir. Toyların təşkil edilməsi üçün tərtib edilən şərtlər və qaydalar da eynilə vətəndaşların xeyrinə hesablanıb. Çünki bizim toylarda ünsiyyət çox olur, istər masa ətrafında, istər rəqs edərkən. Toya gələn kimi də , hamı bir-birini öpməyə, görüşməyə başlayır. Heç olmasa, vətəndaşlar bilməlidirlər ki, "maç" eləmək olmaz. Əgər vətəndaşlara oynayan vaxtı da maskadan istifadə tapşırılacaqsa, fikrimcə, əməl etmək lazımdır. Çünki dövlət istəyir ki, uzun müddətdir toyu, nişanı gözləyən gənc qızlar, oğlanlar arzularına çatsın".

Qeyd: Azərbaycanda iyulun 1-dən etibarən toy mərasimlərinin təşkilinə icazə veriləcək.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top