Deputat: “Azərbaycanda Aİ-95 və Aİ-98 markalı benzinin bahalaşması...”


GÜNDƏM 03 iyn 2021, 12:24
“Son günlər dünya bazarında neftin qiymətinin artması neft məhsullarının da qiymətində artımlara gətirib çıxarır. Xüsusilə də yüksəkoktanlı benzin  qiymətində artımların olması diqqətçəkən məqamlardandır. Məlum olduğu kimi ölkəmizdə yüksəkoktanlı benzin istehsal olunmur, ölkəyə idxal olunur – qiymət idxal edilən ölkələrin, yəni beynəlxalq bazarın qiymətlərindən asılıdır. Bahalaşma bu markalı benzinin xaricdən alış qiymətinin artmasının nəticəsidir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, benzin istehsalı ilə məşğul olan ölkələrin ixrac siyasətinin dəyişməsi qiymətlərin bahalaşmasının əsas səbəbidir: “Ölkə daxilində bu benzin növlərinin qiymətinin artımı dünya bazarında yüksəkoktanlı yanacağın bahalaşması ilə birbaşa əlaqədardır. Beləliklə, dünyada neft məhsullarının bu növünün qiyməti artdıqca, Azərbaycanda da qiymət artır, azaldıqca – azalır. Məsələn, pandemiyadan əvvəl Aİ-95-in bir litrinin qiyməti 1,5 manat idi, daha sonra, pandemiya dövründə 1,2 və 1,1 manat oldu. İndi isə dünyada qiymət artıb və bununla əlaqədar olaraq idxal edilən benzin növlərinin qiyməti Azərbaycanda da yüksəlib. Bir sözlə, bahalaşma ölkədaxili təşəbbüsün nəticəsi deyil. Dünya bazarında neftin qiymətin artmasına isə bir sıra amillər səbəb olur. Dünyada gedən siyasi proseslər, münaqişələr, İran ətrafında gedən proseslər, Rusiya-ABŞ münasibətlərinin gərginləşməsi, dünyada yüksəkoktanlı benzinə olan tələbat və bir sıra digər geosiyasi amillər dünya bazarında neft və neft məhsullarının qiymətinə bilavasitə təsir edə bilir. Yüksəkoktanlı benzinin bahalaşmasının  ölkə iqtisadiyyatına təsir etməyəcək. Belə ki, Azərbaycanda yüksəkoktanlı benzinə olan tələbat cəmi 5 faizdir. Sözügedən markalı yanacaqlardan əsasən mühərrikləri güclü olan bahalı avtomobil sahibləri istifadə edirlər. Ona görə də bu markalı benzinlərin bahalaşması orta təbəqənin gəlirlərinə və ya ərzaq məhsullarının bahalaşmasına təsir etməyəcək. Ölkəmizdə istifadə edilən əsas yanacaq növləri dizel və Aİ-92 markalı benzindir ki, bunlar da ölkə daxilində istehsal olduğuna görə, onların qiymətini dövlət özü tənzimləyir. Yüksəkoktanlı benzinin qiymətlərində baş vermiş dəyişikliklər təqribən 12% təşkil edir ki, bu da dünya yanacaq bazarında olan dəyişikliklər fonunda böyük bahalaşma kimi dəyərləndirilə bilməz. Bu növ benzinin qiyməti ölkəmizdə qonşu ölkələrlə müqayisədə aşağıdır. Qonşu ölkələrdən Gürcüstanda 95 oktanlı benzinin satış qiyməti 1,75 AZN, 98 oktanlı benzinin satış qiyməti isə 1,82 AZN-dir. Türkiyədə bu qiymət müvafiq olaraq 1,94 AZN və 2 AZN təşkil edir. Ukraynada da bu növdə avtomobil benzinlərinin satış qiyməti 2 AZN-dir. Ölkə iqtisadiyyatının dünyadakı benzin qiymətlərindən asılılığının azaldılması Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Belə ki, beynəlxalq yanacaq bazarındakı qiymət dəyişikliklərindən asılılığı azaltmaq üçün Azərbaycanda yeni zavodların inşası nəzərdə tutulub. Heydər Əliyev adına Neftemalı Zavodunda aparılan modernizasiya nəticəsində 2022-ci ildən sonra ölkəmizdə Aİ-95 markalı benzinin istehsalı mümkün ola bilər. Belə olduğu halda, bu benzinin idxalından asılılığımızı azalda və yaxud ümumiyyətlə aradan qaldıra bilərik. Nəticədə isə dövlət öz siyasətinə uyğun olaraq qiymətləri tənzimləyə biləcəkdir”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top