Deputat: "İlham Əliyev dünyada 100 milyonluq əhalisi olan bir ölkə başçısı qədər tanınır"

GÜNDƏM 26 may 2021, 13:16
"Dünya liderləri çox yaxşı başa düşürlər ki, Azərbaycan 10 milyonluq əhalisi olan dövlət olmasına baxmayaraq, 50 milyonluq xalqın bir parçasıdır. Bunun da xüsusən qonşu dövlətlərə çox ciddi siyasi təsiri var. Bu səbəbdən Azərbaycanın dünyadakı çəkisi öz miqyasından daha böyükdür".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat dünyanın böyük dövlətlərinin başçılarının Azərbaycan Respublikasının Prezidentinə təbrik göndərmələrini bir neçə istiqamətdə şərh edib: "Birincisi, bu, Azərbaycanın özünü beynəlxalq aləmdə təsdiq etməsi, müharibədə qalib gəlməsi, çox böyük regional proqramlarda, strateji məsələlərdə iştirak etməsi ilə bağlıdır. Yəni Azərbaycan öz sözünün yiyəsidir. Məhz bu baxımdan hesab edirəm ki, hər şeydən öncə gələn səbəb Azərbaycanın bir dövlət kimi dünyada varlığının sübutu ilə bağlıdır. İkincisi isə, Azərbaycan Prezidentinin dünyanın bütün aparıcı mətbuat orqanları vasitəsilə və digər formada müxtəlif dillərdə çox aydın şəkildə Azərbaycanın mövqeyini, strateji və taktiki baxışını ifadə etməsi ölkəmizin beynəlxalq arenada ciddi şəkildə tanınmasına gətirib çıxarır. Prezident İlham Əliyev dünyada 10 milyonluq deyil, bəlkə də 100 milyonluq əhalisi olan bir ölkə başçısı qədər tanınır. Üçüncü əhəmiyyətli məqam Azərbaycanın olduqca önəmli coğrafiyada yerləşməsidir. Beləliklə, Bakı bütün Avrasiya məkanını dəyişə biləcək ciddi strateji layihələrin həyata keçirilməsində yaxından iştirak edir və bu, Avropa, eləcə də Amerika dövlətlərinin maraqları ilə üst-üstə düşür. Həmçinin Qafqazın ən böyük dövlətlərindən biri olaraq da bizim inkişafımız xarici ölkələrin diqqətini cəlb edir. Bu sadalanan faktorlar çox ciddi əhəmiyyətə malikdir".

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top