Deputat: "Toylarla bağlı yeni şərtlər hazırlanmalıdır"

GÜNDƏM 20 may 2021, 12:21
"Pandemiya təkcə Azərbaycanda deyil, bütün dünyada çətinliklər yaradıb. Qərar verərkən, həm də dünyada koronavirusla bağlı vəziyyətə nəzər yetirmək lazımdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev toyların keçirilməsinə icazə verilməsi ilə bağlı danışarkən deyib:

"Pandemiyanın nə vaxt sonlanacağı bəlli deyil. Bizdə vəziyyət yaxşıdır, lakin digər ölkələrdə bu, belə deyil. Ona görə də, insanlar pandemiyanın yaratdığı yeni şərtlərlə yaşamağa öyrəşməlidirlər. Operativ Qərargah yeni şərtlər hazırlayaraq, onların əsasında toy mərasimlərinin keçirilməsinə icazə verə bilər. Toy keçirmək istəyənlərin, bunu tələb edənlərin, həmçinin karantin şərtlərini pozaraq, gizlin şəkildə toy edənlərin sayının artması da siqnaldır. Artıq toylarla bağlı yeni şərtlər hazırlanmalıdır".



Deputatın sözlərinə görə, bu işdə vətəndaşların üzərində böyük məsuliyyət olacaq:

"İnsanlar toylara icazə tələb etməklə yanaşı, öz məsuliyyətlərini unutmamalıdırlar. Vaksinasiya olunan şəxslərin sayı nə qədər artsa, toylara icazə də bir o dər tez veriləcək. Karantin şərtlərində yumşalma tələb edənlər həm də öz məsuliyyətlərini yerinə yetirməlidirlər".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top