Deputat: “Xarıbülbül” musiqi festivalı hər birimizi duyğulandırdı və qürurlandırdı

GÜNDƏM 18 may 2021, 13:39
Ötən həftənin ən böyük hadisəsi Qarabağın qəlbi Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı oldu. Bu festival həm əhəmiyyətinə, həm də məzmununa görə Şuşanın işğaldan azad edilməsi qədər hər birimizi duyğulandırdı və təsirləndirdi. Heydər Əliyev Fondunun yüksək təşkilatçılığı ilə bərpa olunan bu festival 44 günlük Vətən müharibəsində tarixi Qələbəmizin yeni rəmzinə çevrilməklə həm də hər kəsi yenidən qürurlandırdı.

Ulu Öndər Heydər Əliyev Şuşanın Azərbaycan və xalqımız üçün nə qədər mühüm olduğunu bildirərək demişdi: “Qarabağsız Azərbaycan, Şuşasız isə Qarabağ yoxdur”. Vətən müharibəsi günlərində isə Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi zamanı qeyd etmişdi ki, “Şuşasız bizim işimiz yarımçıq olar”. Bəli, 44 günlük müharibədə bütün Azərbaycan xalqı Şuşanın azad olunacağı günü böyük səbirsizliklə gözləyirdi. Çünki Şuşa bizim tariximizdir, mədəniyyətimizdir və milli mənəviyyatımızın məbədidir. Və inanırdıq, əmin idik ki, bir gün cəbhədən gələn xəbərlərdə, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərində Şuşanın işğaldan azad olunması müjdəsini mütləq eşidəcəyik. Tezliklə həmin gün yetişdi və noyabrın 8-də Şuşanın işğaldan azad olunması Vətən müharibəsinin ən mühüm hadisəsi oldu. Təsadüfi deyil ki, Şuşanın azad edilməsindən sonra Ermənistan kapitulyasiya bəyanatına imza atmağa məcbur oldu. Şuşanın azad olunduğu gün isə tariximizə Zəfər günü kimi həkk olundu.

Şuşa qalasının və şəhərinin banisi Qarabağ xanlığının əsasını qoyan Pənahəli xandır. Şəhərin arxitekturası, memarlıq ansamblı xalqımızın milli dəyərlərini özündə əks etdirir. XIX əsrdən etibarən həm də Qarabağın mədəni mərkəzinə çevrilən Şuşada Azərbaycan xalqına məxsus ədəbi-bədii mühit hökm sürmüşdür. Bu şəhər milli mədəniyyətimizin ünvanı, musiqimizin beşiyi olmuşdur. Ona görə 28 illik işğal dövründə Ermənistan nə qədər çalışsa da, Şuşanı erməni şəhəri kimi tanıtdıra bilmədi. Şəhərin adını da dəyişmişdilər, abidələrimizə qarşı cinayətlər törədərək erməniləşdirməyə cəhd etmişdilər. Amma Şuşa onları qəbul etmədi, saxtakarlığı yaxına buraxmadı, 28 illik işğal dövründə ermənilərə yad şəhər oldu. Ona görə də azad olunduqdan sonra Şuşa acınacaqlı durumda idi. Şəhəri erməniləşdirə bilməyən düşmən onu dağıtmış, talan etmişdi.

İndi vəziyyət dəyişib, artıq Şuşa azaddır. İndi Şuşa xoşbəxtdir, çünki onun küçələrindən öz sahiblərinin, doğmalarının səsi gəlir. “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” - deyən Prezident İlham Əliyev Şuşanın bərpasına xüsusi həssaslıqla yanaşır. Bunu  yanvar ayından etibarən cənab Prezidentin 3 dəfə Şuşaya səfər etməsi də göstərir. Dövlət başçısı Novruz çərşənbəsini də Şuşada keçirdi, bayram münasibətilə xalqımıza müraciətini də müqəddəs məkandan etdi.

Xatırladaq  ki, Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-ci illərində Şuşanın inkişafı ilə bağlı böyük işlər görmüş və bütün bunlar Qarabağın Azərbaycan torpaqları olması barədə həqiqətləri dünyaya çatdıraraq erməni iddialarına böyük zərbə vurmuşdu. Bu gün isə Prezident İlham Əliyev Şuşanı bərpa edir, yenidən qurur.  Lakin bərpa olunan Şuşanın yalnız dağıdılmış, talan olunmuş tarixi görkəmi, binaları, küçələri deyil. Bərpa olunan həm də Şuşanın milli kimliyidir, tarixboyu daşıdığı mənəvi statusudur. İlham Əliyev Şuşanın həm də onun milli-mənəvi keçmişini özünə qaytarır. Bu gözəl Azərbaycan şəhərini nəinki Qarabağın, bütün regionun mədəni mərkəzinə çevirir.

Cənab Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Şuşanın yenidən qurulması nəticəsində həm də Vaqifin, Natəvanın, Bülbülün, Üzeyir bəy Hacıbəylinin, Seyid Şuşinskinin, Xan Şuşinskinin ruhları rahatlıq tapır, sevinir. “Xarıbülbül” musiqi festivalı isə daha təxirə salınmayacaq və beynəlxalq mədəniyyət tədbiri kimi populyarlaşaraq Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünyaya bəyan edəcək.

Könül Nurullayeva
Milli Məclisin deputatı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top