"O, Şuşa və Hadrutun geriyə qaytarılması ilə bağlı sərsəmləyənlərə növbəti tərs silləsini vurdu"


GÜNDƏM 10 may 2021, 23:59
Bu gün, mayın 10-da ölkə Prezidenti, Qalib, Müzəffər Ali Baş Komandan, xalqının Xilaskar oğlu cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfər etdi.
Bu səfər ölkə Prezidentinin 18 illik hakimiyyəti dövründə Naxçıvana sayca 15-ci səfəri idi.


Hər bir səfərdə olduğu kimi, bu səfərdə də tarixi açılışlar yaşandı, bir sıra müəssisələr, obyektlər istifadəyə verildi.

O obyektlər, o müəssisələr ki, hər biri həm Naxçıvanın, həm də bütövlükdə Azərbaycanın inkişafına birbaşa töhfə verəcək müəssisələr və nəticə etibarı ilə iş yerləridir.
Yenə onlarla, yüzlərlə insanımız, vətəndaşımız işlə təmin olunacaq, sevindiriləcək, güzəranını, sosial durumunu yaxşılaşdıracaq, eyni zamanda, sürətli və dinamik inkişaf yolunda inamla irəliləyən Azərbaycanın növbəti hədəflərinə yürüməsində və çatmasında önəmli rola malik olacaq.

Naxçıvan səfəri, bir-birinin ardınca kəsilən qırmızı lentlər həm də  bir daha Azərbaycanın gücünü, qüdrətini, əzmini dünyaya nümayiş  etdirmiş oldu.
Bəli, biz güclüyük, qüdrətliyik, əzmliyik və bizə güc verən, bizi qüdrətli edən, bizi əzmli edən də dövlətimiz, onun Liderlər Lideri-ölkə rəhbəri cənab İlham Əliyevdir.
Biz cənab İlham Əliyevlə bu günə kimi, çox uğurlara, çox Qələbələrə, çox Zəfərlərə imza atmışıq və bundan sonra da növbəti nailiyyətlərə, uğurlara imzamızı atacaq, möhürümüzü vuracağıq!

Səfəri zamanı növbəti dəfə Azərbaycan Televiziyasına müsahibə verən Ali Baş Komandan bir daha tarixi bəyanatları, ünvanlı, hədəfli mesajları və sərt xəbərdarlıqları ilə yadda qaldı.

Müsahibəsində yenidən və bir daha əzmli, qətiyyətli şəkildə Zəngəzur dəhlizi məsələsini dilə gətirən Ali Baş Komandan açıq bildirdi ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.

Bu məsələ təsadüfi deyil ki, 10 noyabr tarixli birgə Bəyanatda da təsbit edilmişdir. Həmçinin, ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılmaqdadır. 

Və əminliklə deyə bilərik ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. 
Eyni zamanda, məlum olduğu kimi,  Ali Baş Komandanın Qarabağa səfərlərindən biri zamanı Horadiz-Ağbənd dəmir yolunun təməl daşı atıldı. Odur ki, burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcək, yəni, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaq. 
 
“O ki qaldı, Ermənistan ərazisində olan hissəyə, bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik”-deyən dövlət başçısının bəyan etdiyinə görə,  Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla birləşdirmək və Türkiyə ilə körpü salmaq bizim növbəti tarixi nailiyyətimiz olacaq. 

Bəli, bunlar olacaq, buna heç bir şübhə yoxdur. Və bir daha qeyd etmək istəyirik ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın. 

Müsahibəsi zamanı həmçinin, Ermənistanda revanşizm hissi alışıb-yananlara sərt xəbərdarlığını bildirən Ali Baş Komandan bir daha öz qətiyyətini və birmənalı mövqeyini ortaya qoydu.

Xüsusilə, Şuşa və Hadrutun geriyə qaytarılması ilə bağlı sərsəmləyənlərə növbəti tərs silləsini və şapalağını vurdu.

Bildirdi, bəyan etdi ki, heç kim odla oynamasın, əks halda, çox sərt cavab alacaqlar.

“Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv ediləcəklər. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnaqarası “müzəffər və güclü” ordu ilə öyünürdülər. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər”-deyən Ali Baş Komandan vurğuladı ki,  bu yumruq, “Dəmir Yumruq” yerindədir. 

Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər.
Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir.

Bəli, Şuşa da, Hadrut da, dağlı-aranlı bütün Qarabağ da bizimdir və bizim olacaq!

Artıq hər kəs ağlını başına yığsın, necə deyərlər, ayağını yorğanına görə uzatsın!

Heç kim Azərbaycanın səbrini yenidən tarıma çəkməyə çalışmasın və çalışarsa da, peşimanı biz yox, onlar olacaqlar!

Yaşasın və var olsun, Qalib, Müzəffər Azərbaycan!
 
Jalə Əliyeva
Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri
Komitəsinin sədr müavini 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyn 2021, 18:28
Top