Baydenlə Putin Bakıda görüşə bilər — Azərbaycan regionun "təhlükəsiz məkanı" rolunda (ŞƏRHLƏR)

SİYASƏT 06 may 2021, 17:03
ABŞ prezidenti Co Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüşün Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi ehtimalı yaranıb. Bakı görüşün keçirilməsi üçün seçilən beş variant şəhərdən biridir. 

Müharibədən sonra Azərbaycanın regionda əhəmiyyətinin artması da bu məsələyə öz müsbət təsirini göstərib. 

Bəs görüş üçün seçilən şəhərlərin arasında Bakının olmasını səbəbləri və əhəmiyyəti nədir? 



Politoloq Qabil Hüseynli Demokrat.az-a verdiyi açıqlamada bu görüşün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

"Bakı uzun müddətdir beynəlxalq görüşlərin keçirildiyi mühüm şəhərə çevrilib. Paytaxtımızda multikultural, dini problemlərə dair beynəlxalq forumlar, humanitar tədbirlər keçirilib. Bu görüşlərdə müxtəlif ölkələrin sabiq prezident və baş nazirləri, həmçinin fəaliyyətdə olan baş nazir və prezidentləri iştirak edir və aktual problemlər müzakirə edilir. Bakının son vaxtlarda bir neçə dəfə Rusiyanın və ABŞ-ın baş qərargah rəislərinin görüş yeri kimi seçilməsi onu göstərir ki, görüşün keçirilməsi üçün ideal şəraitin yaradıldığı məkan məhz Bakıdır. Tərəflərin bir neçə dəfə burda görüşməsi Bakının beynəlxalq görüşlər üçün təcrübə topladığını da göstərir. Bu baxımdan, prezidentlərin görüşünə də yüksək səviyyədə hazırlaşıb, keçirə bilər".
 
Onun fikrincə, görüş Bakıda keçirilsə, bu, Azərbaycanın regiondakı mövqeyinə də təsir edəcək:

"Görüşün Bakıda keçirilməsi şəhərin beynəlxalq münasibətlər sistemində dinamik rol oynamasına stimul verəcək. Üstəlik, görüşdə yəqin ki, Cənubi Qafqaz bölgəsindəki problemlər, onların müzakirəsi də üstünlük təşkil edəcək. Belə məsələlərin müzakirəsi də görüşün Bakıda keçirilməsi ehtimalını artırır. Üstəlik, görüşün Bakıda keçirilməsi Bakıya Ermənistan-Azərbaycan müharibəsindən sonra sülh yaratmaq imkanı yaradır. Fikrimcə, bu görüş həm də müharibədən sonrakı Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınmasına ciddi töhfə verə bilər".



Milli Məclisin deputatı Hikmət Babaoğlu da Demokrat.az-a açıqlamasında sözügedən görüşün Bakıda keçirilməsi ehtimalını dəyərləndirərək, bunun Azərbaycan üçün əhəmiyyətli hadisə olacağını bildirib:

"Azərbaycanın xarici siyasətinin əsas strateji istiqamətlərindən biri regional və qlobal əməkdaşlığa əsaslanan xarici siyəsət kurusu kimi müəyyənləşdirilib. Əgər müstəqillik dövrü tariximizə nəzər salsaq görəcəyik ki, bu siyasətin iqtisadi-siyasi müstəvidə əsaslarının qoyulması tarixi 1993-cü ildə imzalanan "Əsrin Müqaviləsi" anlaşmasına qədər gedib çıxır. Biz hazırda Cənubi Qafqazda qarşılıqlı maraqlara əsaslanan  geniş bir tərəfdaşlıq platforması görürüksə, bunun üçün regionumuz Azərbaycanın xarici siyasətinə borcludur. 

Eyni tezisi Xəzər hövzəsində artıq mövcud olan əməkdaşlıq haqqında da deyə bilərik. Ona görə də Azərbaycan ərazilərinin  Ermənistan tərəfindən  işğal altında saxlandığı illərdə belə ikitərəfli və çoxtərəfli əməkdaşlıq platforması yarada bilibsə, hazırda öz ərazi bütövlüyünü bərpa etmiş, qalib bir ölkə kimi bunu daha da inkişaf etdirməyi bacaracaqdır. Ən əsası odur ki, çoxsaylı dünya ölkələri Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır və zaman zaman dünyanın müxtəlif siyasi qütblərinin təmsilçiləri, yaxud rəsmiləri Azərbaycanda görüşlər keçirilər. Biz NATO və Rusiya Federasiyası rəsmilərindən tutmuş İƏT və AŞPA –ya qədər müxtəlif səviyyəli nümayəndə və yaxud təmsilçilərin Bakıda keçirdikləri çox mühüm görüşlərə şahidlik etmişik. 
Yəni, Bakı artıq mühüm beynəlxalq və ikitərəfli  görüşlərin keçirildiyi paytaxtlardan birinə çevirilib. Ona görə də ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putinin mümkün görüşünün keçiriləcəyi şəhərlərdən biri kimi Bakının da adının həmin siyahıya daxil edilməsi tamamilə əsaslı və təcrübi baxımdan realdır. Paytaxt Bakı şəhəri etibarlı bir tərəfdaş ölkənin birinci şəhəri kimi tamamilə belə bir etimadı haqq edir".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top