Deputat: “Azərbaycan hökuməti istəsə də, “əsirləri” buraxa bilməz”


GÜNDƏM 29 apr 2021, 08:30
“Avropa İttifaqının İnsan hüquqları üzrə komissarı namərdcəsinə mövqe bildirdi. Onlar 30 il ərzində ermənilərin azərbaycanlılara qarşı etdiklərini görməzlikdən gəldilər. Bir dəfə də reaksiya verməyiblər. Deyiblər ki, siyasi məsələdir, insan hüquqlarına aid deyil. Amma ermənilərə gəldikdə, dərhal onların lehinə mövqe bildirirlər, tələb edirlər ki, Azərbaycan “əsirləri” buraxsın. Biz buna əhəmiyyət verməyə də bilərik. Düşünürəm, bununla bağlı bir daha izahat verməliyik, beynəlxalq instansiyalara məktublar göndərməliyik”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

T.Kərimlinin sözlərinə görə, rəsmi müraciətlərdə qeyd edilməlidir ki, Azərbaycan tərəfində saxlanılan şəxslər əsir deyillər: “Onlar ərazimizə 2020-ci ilin 10 noyabr bəyanatından sonra keçiblər. Belə olan halda, həmin şəxslər terrorçu hesab olunurlar. Guya bəyanatdan xəbərləri olmayıb... Yalan deyirlər, onlar diversiya ilə məşğul olublar, dörd hərbçimizi də öldürüblər. Hazırda cinayət işi qaldırılıb. İkincisi də, bu, məhkəmə instansiyasına aid olan işdir. Məhkəmə də müstəqildir. İcra hakimiyyəti məhkəmə hakimiyyətinə deyə bilməz ki, kimlərisə azad et. Azərbaycan hökuməti istəsə də, “əsirləri” buraxa bilməz. Çünki məhkəmə qiymət verməlidir, hökm çıxarıldıqdan sonra beynəlxalq Sazişlər əsasında baxmaq olar. Nə edək ki, xristian təəssübkeşliyi, erməniləri müdafiə edənlər var... Nə Amerika, nə də Avropa Azərbaycanın Türkiyə ilə birgə qələbəsini həzm edə bilmirlər, ona görə də təzyiqlər edirlər. Bizdə də məlumatlar var ki, Ermənistan itkin düşən Azərbaycan vətəndaşlarını buraxmır. Bilirsiniz ki, birinci Qarabağ müharibəsində 4 minə yaxın insan itkin düşmüşdü, onlardan bir qismi hələ də Ermənistanda saxlanılır. Avropa İttifaqının İnsan hüquqları üzrə komissarı bununla məşğul olsun...”

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top