Türk və azərbaycanlı diplomatlara qarşı terror dalğası başlaya bilər — ASALA Baydenin qərarından məmnundur

TƏHLİL 26 apr 2021, 19:07
ABŞ-ın yeni prezidenti Co Baydenin erməni yalanlarına söykənərək, "soyqrımı" ifadəsini dilə gətirəcəyi gözlənilən idi. Amma heç də Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatda erməni lobbisinin qondarma, yalan və saxta məlumatlara əsaslanan təbliğatına uyduğu üçün "soyqrımı" ifadəsini işlətdiyi qənaətində deyiləm. Amerika üçün ermənilər bəhanədir, hədəf bəlli - Türkiyə!

Deyərdim ki, Bayden bu bəyanatı ona görə vermədi ki, o, artıq həqiqətin inkarına dözə bilmir. Bu, onun ədalət tərəfdarı olduğu üçün edilən bir "etiraf" da deyil. Sadəcə dünyadakı geosiyasi vəziyyət dəyişdi. Əslində, bəlkə də ABŞ elitasının ermənilərlə düşündüyümüz kimi münasibəti yoxdur. Görünən odur ki, ermənilər ABŞ üçün sadəcə bir silahdır, vasitədir. Hansı ki, yüz ildir anbarda saxlanılırdı. Bu gün isə o silahı lazım olan anda üzə çıxardılar. 

Əgər Bayden bu qədər demokratdırsa, ədalətlidirsə, ermənilərin "qanpulunu" da cibindən versin. Üstəlik, sümüklərinin üstündə dövlət qurduqları hinduları da soyqırıma məruz qoyduqlarını etiraf etsin. Çünki bu, siyasətçilərin deyil, tarixçilərin görəvidir. Tarixində Xirosima və Naqasaki ləkəsi olan bir dövlətin başqa bir ölkəni soyqırımında ittiham etməsi XXI əsrin lətifəsi olsun gərək...

Bəs bir vaxtlar regionada əsas müttəfiqinə qarşı ABŞ-ı belə bir addım atmağa nə vadar etdi?

I. Öncə qeyd etmək istəyirəm ki, Bayden administrasiyası Suriya məsələsində (Türkiyə Suriyada bir terror dəhlizinin qurulmasının qarşısını almaq üçün mübarizə aparır), "S-400" zenit-raket komplekslərinin alınması məsələsində fikir ayrılıqları yaşadıqlarına görə, "soyqrımı" vasitəsi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan qisas almaq niyyətindən irəli gələrək bu addımı atdı. Xüsusi ilə son illərdə artıq heç kimdən asılı olmayan siyasət yürüdən, sürətlə inkişaf edən, güclənən, regionun şəksiz liderinə çevrilən, dünyanın güc mərkəzlərindən biri olan Türkiyəyə təsir göstəmək istəyən ABŞ özünə qarşı alternativləri, güclü müstəqil meylləri qəbul etmədiyini bu qərarı ilə bir daha açıq ortaya qoydu.

II. Baydenin Amerikada fəaliyyət göstərən erməni lobbisi ilə yaxın əlaqələri məlum idi. Bu səbəbdən o seçkiqabağı kampaniyada Amerikada yaşayan ermənilərə verdiyi sözü tutduğunu göstərərək, başqa qərarlarında da ABŞ hakimiyyətinə güclü təsir gücünə malik 3 milyonluq erməni lobbisinin dəstəyini hiss etmək istəyir. Onu da qeyd edim ki, hazırda ABŞ administrasiyası və konqresdə erməni lobbisinin təsirində və maliyyə asılılığında olan çoxlu sayda rəsmilər var. Buna misal olaraq Ağ Evdə 2 erməni əsilli, və həm də erməni diasporasının fəal təmsilçilərindən olan ABŞ vətəndaşları Ceff Marutyan və Ayk Hacınəzəryanın adını çəkmək kifayətdir. 

III. 30 illik erməni işğalı zamanı Minsk Qrupunda olmasına baxmayaraq, ABŞ problemi həll etmək üçün heç nə etmədi. Əvəzində Türkiyənin sərgilədiyi siyasət Azərbaycanın 44 günlük müharibə ilə işğalda olan ərazilərinin azad edilməsində əvəzedilməz pay sahibi oldu. Bu isə beynəlxalq miqyasda ABŞ-ın Minsk Qrupunda yarıtmaz fəaliyyətindən irəli gələrək nüfuzuna ciddi zərbə idi.

Bu addım tarixin saxtalaşdırılmasına, terrora,cinayətkarlığa dəstək, Avrasiyada və xüsusilə Yaxın Şərqdə nüfuzu azalmaqda olan ABŞ-ın milli maraqlarına zərbədir. Belə olmasaydı 100 il bundan əvvəl baş vermiş hadisələr yanlış təqdim edildiyi, təhrif edildiyi halda 30 il bundan əvvəl Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımı ABŞ dövləti tanımış olardı, bununla bağlı susqunluq nümayiş etdirməzdi. Xocalı soyqırımına hələ də ədalətli qiymətin verilməməsi qərəzlilik və ikili standart nümunəsidir.

İki gün qabaq Ermənistanın növbəti hərbi cinayətinin üstünün açılması isə erməni cinayəti ilə bağlı bitmək bilməyən faktlardan sadəcə biridir. Belə ki, 1993-cü ilin aprel ayının əvvəllərində Ermənistanın Kəlbəcər rayonu işğal olunarkən rayonunun Başlıbel kəndində qətlə yetirilən azərbaycanlıların cəsədlərinin basdırıldığı yerlər aşkarlanıb. Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Başlıbel kəndində mülki əhaliyə qarşı törətdiyi cinayətlər barədə məlumatlar daxil olub və vəhşicəsinə qətlə yetirilmiş şəxslərin cəsədlərinin basdırıldığı yerlər müəyyən edilib.

Hər gün Ermənistanın faşizm əməllərini əks etdirən yeni faktlar ortaya çıxdığı halda ABŞ-ın reallıqdan kənar, tarixi həqiqətlərin təhrif olunması, erməni təbliğat maşınının xəstə təfəkkürünün məhsulu olan uydurma "soyqırımı" tanıması özünü demokratiyanın beşiyi adlandıran bir ölkə üçün beynəlxalq hüququn nüfuzdan salınmasından başqa bir şey deyil. 

Nəzərə alsaq ki, ilk dəfə "erməni genosidi" ifadəsini 1982 ci ildə ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan səsləndirib və nəticədə erməni terror təşkilatı ASALA-nın bütün dünyada türk diplomatlarına qarşı silsilə terror aktları ilə nəticələndi, o zaman Baydenin heç bir tarixi həqiqətə sığmayan düşüncəsiz qərarının hansı teraktlara yol açacağını düşünmək çətin deyil. Bu, dövlət ideologiyasının faşizm, terror üzərində qurulan Ermənistanın əl-qolunu açmağa xidmət edən qərar oldu. Gələcək günlərdə erməni terrorizmi yenidən baş qaldırarsa, buna görə ilk məsuliyyəti Bayden administrasiyası daşımalıdır. 
Təhməz Əsədov
Milli.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top