Deputat: "Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və intibaha doğru irəliləyir"

GÜNDƏM 26 apr 2021, 15:43
"Azərbaycanın daha böyük perspektivləri var. Çünki Qarabağ münaqişəsi artıq başa çatıb, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf və intibaha doğru irəliləyir. Məsələn, ölkəmizin təşkilatçılığı ilə ərsəyə gələn nəqliyyat dəhlizlərindən bütün qitə ölkələri istifadə edə biləcək, o cümlədən Azərbaycanın iqtisadiyyatı güclənəcək".

Bunu Pravda.az-a Milli Məclisi deputatı Azər Badamov Prezident İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı barədə danışarkən deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin həmin sessiyaya dəvət almasını və orada çıxış etməsini Azərbaycana dünya səviyyəsində verilən böyük dəyər kimi qiymətləndirir: "Cənab Prezident çıxışında auditoriyanı Azərbaycanın bu illər ərzində keçdiyi çətin və keşməkeşli yollar, eyni zamanda qarşılaşdığı beynəlxalq səviyyəli problemlər və bugünkü reallıqlar haqqında məlumatlandırdı. Təbii ki, dövlət başçısı əvvəlcə BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsini yenidən gündəmə gətirdi və həmçinin təklif etdi ki, BMT Təhlükəsizlik Şurasının qəbul edəcəyi qətnamələrin icra edilməsinin yeni mexanizmi formalaşdırılsın. Burada ikili standartların meydana gəlməməsinə xidmət edəcək bir mexanizmin yaradılması nəzərdə tutulur. Qeyd etmək istərdim ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun müddət icra olunmayan qərarlarını özü öz gücünə icra etməklə Şuranın işinə töhfə verib".

Deputat əlavə edib ki, Prezident çıxışı zamanı vaksinlərin ədalətli bölgüsünün həyata keçirilməsinin vacibliyini bir daha gündəmə gətirib: "Həmçinin Azərbaycanın bu istiqamətdəki töhfələri və İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən BMT-nin İnsan Haqqları Şurasının bu məsələ ilə bağlı qətnaməsini bir daha auditoriyanın diqqətinə çatdırdı. Əlavə olaraq, 44 günlük Vətən müharibəsindən sonra əldə olunan üçtərəfli bəyanatın həyata keçirilməsi və bu bəyanatın tərkib hissəsi olan Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat marşrutlarının daha da səmərəli olması istiqamətində müsbət təsiri barədə söz açdı. Təbii ki, Zəngəzur dəhlizinin əhəmiyyəti böyükdür və qitələri birləşdirən dəhlizdir. Azərbaycan öz coğrafi mövqeyindən çox səmərəli şəkildə istifadə edərək beynəlxalq dəhlizlər yaradıb. Zəngəzur dəhlizi də beynəlxalq yükdaşımalarında Azərbaycanın artan rolunun göstəricisi olacaq".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top