AMEA əleyhinə verilən məhkəmə qərarı icra olundu

GÜNDƏM 15 apr 2021, 13:29
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın mart ayının 16-da qəbul etdiyi qərara əsasən bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Əlövsət Quliyev öz sosial şəbəkə hesabında paylaşıb.

Məlumat üçün bildirək ki, Əlövsət Quliyev AMEA Rəyasət Heyətinin 11 dekabr 2020-ci ildə keçirilən iclasında Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib və onun yerinə akademik Qərib Məmmədov direktor təyin olunub.

Onu da qeyd edək ki, hazırda işdən azad olunan daha 2 AMEA əməkdaşı işə bərpa üçün məhkəməyə müraciət edib. AMEA Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru Zülfüqarova Sevil Kamil qızı işə bərpa olunması üçün AMEA-ya qarşı məhkəmə iddiası qaldırıb.

Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Mədinə Bağırovanın icraatında olan işə hazırlıq iclası 19 aprel tarixində saat 11:40-da baxılacaq.

Bundan başqa AMEA Riyaziyyat və Mexanika İnstitutunun keçmiş əməkdaşı Usubova Vəfa Tofiq qızı da işə bərpa olunması üçün AMEA-ya qarşı məhkəmə iddiası qaldırıb.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışınskinin icraatında olan işə dünən - 14 aprel tarixində baxılması gözlənilirdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top