Politoloq: “Azərbaycan təcili Rusiya səfirliyinə nota verməlidir"

SİYASƏT 07 apr 2021, 22:49
Şuşada “İskəndər-M” raketinin qalıqlarının aşkar olunması haqqında xəbərlər səngimək bilmir. Hazırda Azərbaycan tapılan raketlərin qalıqlarının dünya ictimaiyyətinə təqdim etsə də, hələ ki, heç bir rəsmi qurum bunun haqqında açıqlama vermir və birbaşa məsuliyyətdən boyun qaçırır.

Bu dəqiqə nəzərlər ən çox Rusiyanın üzərində dolaşmaqdadır. Lakin Rusiyanın məsələyə rəsmi şəkildə münasibət bildirməməsi, yalnız mediada işinin nəzarətə götürülməsi barədə məlumatlar Azərbaycan ictimaiyyətinin narahatlığını aradan qaldırmır. Buna baxmayaraq, Rusiyanın aidiyyəti orqanları - Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi isə susur.  

Rusiyanın Azərbaycandakı səlahiyyətli səfiri də məsələyə rəsmi münasibət bidirimir. 

Azərbaycan ictimaiyyəti isə aidiyyatı yerlərdən açıqlama gözləyir:

“İskəndər-M” raketi Şuşaya necə düşüb və kim tərəfdən atılıb?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikrincə, raketin qalıqlarının tapıldığı ilk zamanlarda Rusiya bunu gizlətməyə çalışırdı, ona görə məsələyə susqunluqla yanaşıb:

“Ancaq biz bütün dünyaya raketin qalıqlarını nümayiş etdirdik. Hazırda bu barədə biz rəsmi cavab tələb etməliyik. Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi bəyanat yaymalıdır. Daha sonra Rusiyanın Azərbaycandakı səfiri XİN-ə çağırılıb, ona nota verilməlidir ki, məsələ ciddiyyət qazansın. Əks halda gələcəkdə yenə bir müharibə olsa bu raketlər bizə qarşı istifadə olunacaq. Əsas sual da ondan ibarətdir ki, raketi Azərbaycana atmağı kim əmr edib?

Hansısa erməni generalının əmri ilə icra olunub yoxsa Rusiya Hərbi bazasından atılıb? Çünki tapılan raketlər Ermənistana satılan raketlər deyil. Bunlar Rusiyaya məxsus olan raketlərdir”.

Politoloq həmçinin qeyd edib ki, hadisələrin gedişatı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Rusiyanın Azərbaycandakı səfirinə nota verilməsi məsələsini gündəmə gətirir:

“Rusiyanın Ermənistandakı səfiri gündə Azərbaycana qarşı təxribat xarakterli açıqlamalar verir.

Xatırladım ki, səfir özbaşına, icazəsiz açıqlama verə bilməz. Gah deyir ki, biz Ermənistanı silahlandıracağıq, gah deyir biz əsirlərin məsələsini həll edəcəyik. O, Azərbaycanın daxili işlərinə qarışır. Ancaq buradakı səfir özünü çox rahat hiss edir, çünki bizim Xarici İşlər Nazirliyimiz fəaliyyət göstərmir.

Nazirlik məsələ ilə bağlı təcili olaraq bəyanat, nota verməlidir. Əlbəttə ki, heç nə edilməyəndə onlar da özlərini rahat hiss edəcək”./Bizim.Media

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top