Yeni yaradılan Müşahidə Şuraları təkcə müşahidəmi edəcək?


GÜNDƏM 06 apr 2021, 15:26
Şuralar şəffaflıq və hesabatlılıq vəd edir

Son dövrlər aparılan struktur islahatları çərçivəsində dövlət müəssisələrində Müşahidə Şuralarının yaradılması prosesi intensivləşib. Bu şuralar nə vəd edir? Formalaşan şuralar icra orqanlarının fəaliyyətində hansı müsbət dəyişikliklərə gətirib çıxaracaq? Onların səlahiyyətləri, vəzifələri harada başlayıb, harada bitir?

Cəmiyyətdə bu istiqamətdə gedən müzakirələr zamanı təkcə bu suallara cavab axtarılmır. Eyni zamanda, bu yeni idarəetmə mexanizminin nə dərəcədə işlək olub-olmayacağı məsələsi də qabardılır.

Bu məsələlərə aydınlıq gətirməzdən öncə onu vurğulamaq vacibdir ki, ötən il Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) fəaliyyətə başlayıb. Ardınca AİH-in tabeliyinə verilən dövlətə məxsus müəssisələrdə, şirkətlərdə Müşahidə Şuraları yaradılmaqdadır. Və korporativ idarəetməyə keçidin tətbiqinin şahidiyik. 

Bu yeniliklər hansı zərurətdən yaranıb? Söhbət ondan gedir ki, dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac var. Hamının qəbul etdiyi reallıq odur ki,  bu qurumların fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması zamanı çoxdan yetişib. Bu istiqamətlərdə uğurlu nəticə əldə etmək üçün ilk növbədə struktur islahatlarının dərinləşdirilməsi tələbinin həyata vəsiqə qazanması vacib idi.  Əsas hədəf kimi dövlət şirkətlərinin və müəssisələrinin,  habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin 

- vahid prinsiplər əsasında idarə olunması, 

- onların fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, 

- rəqabət qabiliyyətinin artırılması, 

- maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması 

seçilib. AİH-in idarəetməsinə o qurumlar verilib ki, məhz yuxarıda qeyd olunan istiqamətlər üzrə islahatlara ciddi ehtiyac duyulur. Həmin qurumlarda yeni yaradılan Müşahidə Şuraları isə qarşıya qoyulan hədəflərə çatmaq üçün mühüm rol oynayacaq. Şuralar müsbət dəyişikliklər vəd etməklə yanaşı, qarşıya qoyulan vəzifələrin daha effektiv, işlək, səmərəli formada həyata keçirilməsinə gətirib çıxaracaq. 

Qeyd etmək yerinə düşər ki, dövlət müəssisələrinin Müşahidə Şuralarının və icra orqanlarının səlahiyyətləri nizamnamə və daxili sənədlərdə dəqiq reqlamentləşdirilir. Onların fəaliyyətinin korporativ idarəetmə prinsiplərinə uyğunluğu isə AİH tərəfindən təmin edilir.
 
Əfsuslar olsun ki, bir sıra hallarda Müşahidə Şuraları haqqında müzakirələr zamanı, ya keçmişdə olan hansısa neqativ məqam qabardılır və ya Şuranın səlahiyyətlərinə aid olmayan məsələlərə diqqət yönəldilərək aparılan islahatları gözdən salmağa cəhdlər edilir. Reallıq odur ki, olduqca vacib bir proses başlanılıb, idarəetmə təkmilləşdirilir və onun uğurlu nəticələrini görmək müəyyən zaman tələb edir.

Müşahidə Şuraları haqqında danışarkən aşağıdakıları bilmək vacibdir:

1. Şuralar dövlət müəssisələrinin icra orqanları üzərində nəzarəti və strateji idarəetməni həyata keçirən, habelə dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı əsaslı, dəqiq, hərtərəfli və şəffaf qərarların qəbul olunmasını təmin edən orqan kimi çıxış edir.

2. Hər bir dövlət müəssisəsinin Müşahidə Şurası korporativ idarəetmə orqanlarının sırasında mərkəzi yer tutmaqla ona ümumi rəhbərliyi və nəzarəti həyata keçirəcək, onun strategiyasını müəyyənləşdirəcək, icra orqanının fəaliyyətini qiymətləndirəcək. Bununla belə Şura həmin qurumun cari əməliyyat fəaliyyətini idarə etmək səlahiyyətinə malik deyil. 

3. Şuralar dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı vacib qərarları təsdiqləyir, məsuliyyəti bölüşür, hesabatlılığı təmin edirlər. Şuralar öz vəzifələrinin icrası üzrə dövlət müəssisələrinin təsisçisi  (təsisçiləri) qarşısında hesabatlıdırlar, Şuranın üzvləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

4. Şuraların əsas məqsədləri onların cari rəhbərliyinin fəaliyyətinin səmərəliliyinə nəzarətin təmin olunması, peşəkar yardım və dəstəyin göstərilməsi, həmçinin dövlətin tənzimləyici qismində olan funksiyalarının onun səhmdar (təsisçi, mülkiyyətçi) kimi funksiyalarından ayrılmasıdır.

Xüsusi vurğulanmalı məqam odur ki, indiyədək bir sıra dövlət müəssisələrinin fəaliyyəti ilə bağlı olan vacib qərarların böyük əksəriyyəti onların icra orqanları tərəfindən qəbul edilirdi. İndi isə tamamilə fərqli mənzərə ortada olacaq:

- Birinicisi, Müşahidə Şuralarının yaradılması ilə bu qərarların qəbul edilməsi zamanı səlahiyyət və məsuliyyət bölüşdürülür.

- İkincisi, təsisçi olan dövlətin maraqlarını təmin edəcək yeni model formalaşdırılır.

Beləliklə, aparılan struktur islahatları, xüsusilə, strateji rəhbərlik və nəzarəti həyata keçirəcək Müşahidə Şuralarının yaradılması və fəaliyyətinin təmin edilməsi dövlət müəssisələrinin fəaliyyətinin effektivliyinin və şəffaflığının daha da artmasına gətirib çıxaracaq. 

Yeni yaradılan bu idarəetmə modeli dövlətin tənzimləyici və səhmdar (təsisçi, mülkiyyətçi) kimi funksiyalarının bölüşdürülməsi, qərarların qəbul edilməsi və icra olunmasına nəzarət üçün vahid məsuliyyət və maraqların toqquşmasının qarşısının alınması prinsiplərinə uyğundur. 

Dünyada mövcud olan təcrübələr də isbat edir ki, korporativ idarə olunan şirkətlərdə şəffaflıq və hesabatlılıq yüksək səviyyədə olur.  Və hər bir dövlət müəssisəsinin uğurlu fəaliyyəti, ilk növbədə onun qabaqcıl korporativ idarəetmə standartlarına uyğun olaraq idarə edilməsi ilə şərtlənir. Bu isə, əsasən onun təsisçisi olan dövlətlə fəaliyyətinə cari rəhbərliyi həyata keçirən icra orqanı arasında Müşahidə Şurasının fəaliyyət göstərməsi, həmçinin bu idarəetmə orqanları arasında dəqiq və işlək səlahiyyət bölgüsünün aparılması ilə təmin edilir.

Elman Babayev
Əməkdar jurnalist 

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top