Azərbaycan RƏSMƏN TƏSDİQLƏDİ: “Ermənistan Şuşanı dağıtmaq üçün “İsgəndər” raketləri tətbiq edib”

QARABAĞ 31 mar 2021, 13:00
Füzuli rayonundan Şuşa şəhərinə çəkilən avtomobil yolunun keçəcəyi ərazilər minalardan təmizlənir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz inzibati mərkəzinin təmizləmə qrupunun əməliyyat meneceri Mədət Məmmədov deyib.

Onun sözlərinə görə, ilk mərhələdə ANAMA tərəfindən Şuşaya çəkilən yolun keçəcəyi ərazinin 34 kilometrlik hissəsində təmizləmə işləri icra olunur.

"Füzulinin Alxanlı və Seyidəhmədli kəndlərinin ərazisi də daxil olmaqla, yolun keçdiyi yerlərdə indiyədək 207 ədəd tank əleyhinə, 168 ədəd piyada əleyhinə, 5 ədəd partlamamış digər hərbi sursat aşkarlanıb. Hazırda kommunikasiya xətlərinin keçdiyi ərazilər minalardan təmizlənir. Ümumilikdə, azad olunmuş ərazilərdə bu günədək 4224 ədəd piyada əleyhinə, 1181 ədəd tank əleyhinə, 2064 ədəd tank əleyhinə minanın partladıcısı, 300 ədəd bombacıq aşkarlanıb. Həmçinin 3 milyon 600 kvadratmetr ərazi təmizlənib. Minatəmizləmə əməliyyatları davam edir".

ANAMA nümayəndəsi deyib ki, 2021-ci il martın 15-də ərazilərin təmizlənməsi üzrə aparılan əməliyyat zamanı iki partlamış raketin qalıqları tapılıb. Həmin qalıqların tapıldığı ərazinin koordinatları belədir: 39°45'38.10«N 46°44'33.90»E и 39°45'27.80«N 46°45'25.80

Agentliyin mütəxəssislərin apardığı araşdırmalar zamanı qalıqların 9M723 raketinə aid olduğu müəyyənləşib. Həmin raket isə “İsgəndər” operativ-taktiki raket kompleksinə aiddir. “Hətta açıq internet mənbələrində araşdırma aparanda məlum olur ki, 9M723 identifikasiya nömrəsi “İsgəndər” raketlərinə aiddir. Bütün bunlar göstərir ki, Vətən müharibəsi zamanı Şuşa şəhərini dağıtmaq üçün Ermənistan “İsgəndər” raketləri tətbiq edib”,-ANAMA nümayəndəsi bildirib.

Qeyd edək ki, “İsgəndər” raketlərinin tətbiq edildiyini, amma “10 faiz partladığını, yaxud partlamadığını” Ermənistanın baş naziri Nikol Paşinyan açıqlamışdı. Ondan əvvəl isə keçmiş baş qərargah rəisi Movses Akopyan müharibənin son günlərində “İsgəndər” raketlərinin tətbiq edildiyini bildirmişdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top