Tural Abbaslı: “Bu qurumların başında duran adamların özləri böyük oliqarxa çevriliblər”

GÜNDƏM 31 mar 2021, 12:17
“Struktur islahatları həyata keçirilərkən bunun vətəndaşların gündəlik həyatına da birbaşa təsiri nəzərə alınmalıdır. Həmçinin şirkət tərəfindən dövlətə verimlilik artmalıdır. Bu iki məqam hələki gözə dəymir. Bizim üçün nə fərq edir ki, pulları dünən Cahangir Əsgərov yeyirdi, bu gün başqası yeyəcək?!”

Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyasının sədri Tural Abbaslı deyib.

Partiya sədri bildirib ki, dünən imzalanan sərəncamlarda köhnə rəhbərliyin statusu ilə bağlı məsələ qaranlıq qalır: “Ötən gün Prezident İlham Əliyevin sərəncamları ilə AZAL, Bakı Metropoliteni və digərləri Azərbaycan İnvestisiya Holdinqinə tapşırıldı və Müşahidə Şuralarının yaradılması haqqında Müşahidə Şuralarının tərkibi təsdiq edildi. Bu, əslində yeni strukturlaşma, yeni yanaşma və idarəetmə metodu olmalıdır. Lakin nümunə kimi İnvestisiya Holdinqinə tapşırılan SOCAR, “Azərsu” kimi böyük şirkətlərə numünə kimi baxanda görürük ki, mahiyyət etibarilə dəyişən heç nə yoxdur: Xüsusi kadr islahatları həyata keçirilməyib, yanaşma dəyişməyib. Beləliklə, yenə də strukturların başında əvvəlki insanlar dayanır və qərarı onlar verir. Əslində bu holdinqin də vəzifə və səlahiyyətləri bir qədər müəyyən deyil. Sərəncamda aydın göstərilmir ki, Azərbaycan İnvestisiya Holdinqinə birləşdirilən şirkətlərdə rəhbərlik kimə aid olur”.

T.Abbaslı hesab edir ki, iqtidar sözügedən islahatlarla dəyişimə cəhd edir.

Onun sözlərinə görə, hər şeyə rəğmən bu və ya digər səbəblərdən birdən-birə dəyişiklik etməkdən çəkinir: “Deyə bilərik ki, bu qurumların başında duran adamların özləri böyük oliqarxa çevriliblər, onların əllərində külli miqdarda maliyyə var. Ola bilsin ki, dövlət onların topladıqları maliyyəni tədricən əritməyə, onları xırda-xırda neytrallaşdırmağa çalışır. Bilinmir necə olacaq, nə baş verəcək… Bəlkə də sonradan həmin holdinq ləğv ediləcək və həmin məmurlar yenidən təkbaşına hakimiyyətə qayıdacaqlar. Və yaxud da ola bilər ki, növbəti günlərdə Müşahidə Şuraları qərarlar verəcək və tətbiqinə başlanılacaq. Yəni bu barədə danışmaq hələ tezdir…”

T.Abbaslı həmçinin qeyd edib ki, nümunələrdən dolayı bu məsələdə pessimistdir: “Təkrar edirəm, əvvəlki nümunələrdə mahiyyət etibarilə böyük dəyişiklik olmadı. Hesab etmirəm ki, dünən haqqında sərəncam imzalanan şirkətlər də tez görünə bilən, insanların həyatına birbaşa təsir edəcək islahatlar həyata keçirələr. Bəlkə də 1 il və ya il yarım sonra nələrsə olsun, amma indilik perspektiv görmürəm. Bu gün investisiya holdinginə verilən AZAL yenə Bakı-istanbul biletlərini 300-400 dollar təyin edirsə, bizimçün nə mənası var?!”

Qeyd: Ötən gün Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları”, “Azərbaycan Hava Yolları” və “Bakı Metropoliteni” QSC-lərinin Azərbaycan İnvestisiya Holdinqinə həvalə edilməsi ilə bağlı sərəncam imzalayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top