“Ögey atam məni və anamı küçə söyüşləri ilə təhqir etdi” — Sumqayıtda dəhşətli cinayət

KRİMİNAL 31 mar 2021, 11:25
Sumqayıt şəhərində 2002-ci il təvəllüdlü İlkin ögey atasını Sehranı qanına boyayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 12-ci mikrorayon, yataqxana 33A, otaq 32 ünanıda baş verib.

İlkin evə daxil olduqda ögey atası Dehranın sərxoş vəziyyətdə yeməyi vaxtında hazırlamadığına görə anası ilə mübahisə etdiyini və sonuncunu vurmaq istədiyini görüb. O, ogey atasına iradını bildirib və onun hərəkətlərinin qarşısını almaq üçün araya girib.

Bu zaman Sehran hərəkətlərini davam etdirib, nalayiq ifadələr işlətməklə əli ilə İlkini və anasını vurub. Bu səbəbdən aralarında yaranmış mübahisə zamanı otaqdakı stolun üzərində olan bıçaqla Sehran bir dəfə zərbə vurub.

İstintaq orqanı tərəfindən İlkinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

İlkinin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə araşdırılıb.

Mühakimə olunan İlkin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası atası Elbrusdan ayrıldıqdan sonra anası ilə Sumqayıt şəhəri 12-ci mikrorayonda yaşayıblar: “Bir müddətdən sonra anam Yeganə Sehranla ailə həyatı qurdu və Sehranda bizimlə bərabər yaşamağa başladı. Sehran son vaxtlar demək olar ki, hər gün evə içkili gələrək anam və mənimlə mübahisə edib, anamı incidib. Uşaq yaşlarından Sehran mənə atalıq edib, mənim qayğıma qalıb. Lakin son illərdə içkiyə qurşandığına görə Sehran məni və anamı haqsız yerə incidim, nalayiq sözlərlə təhqir edib”.

İlkinin ifadəsinə görə, hadisə baş verən günü saat 22 radələrində həyətdən evə gəlib: “Atalığım Sehranın yenə içib anam ilə mübahisə etdiyini gördüm. Mübahisə vaxtı Sehran anamı söyərək vuranda əsəbləşdim. Sehrana öz iradımı bildirdim. Sehran məni və anamı küçə söyüşləri ilə təhqir etdi. Yenə də anamı vurmaq istəyəndə araya keçdim. Lakin Sehran məni itələyərək öz hərəkətlərini davam etdirdi. Anamın və mənim ünvanıma nalayiq söyüşlər işlətməsi, anamı vurması mənə çox pis təsir etdi. Əsəbləşərək Sehrandan hərəkətlərini dayandırmasını tələb etdim. Hərəkətlərini davam etdirdiyi halda əl qaldırmağa məcbur olacağımı bildirdim. Sözlərimə cavab olaraq Sehran stolun üzərində olan mətbəxt bıçağını götürərək, digər əli ilə stolun üzərində olan su butulkasını baş nahiyəmdən vurdu. Mənim və anamın ünvanına küçə söyüşləri söyərək bıçağı mənə tərəf uzatdı. Dedi ki, kişisənsə, vurmaq istəyirsən, al vur. Sehranın bıçaqla mənə və anama xəsarət yetirəcəyini düşündüm. Əsəbləşərək bıçağı Sehranın əlindən aldım, bir dəfə Sehranın qarın nahiyyəsindən vurdum. Anam bunu görən kimi qışqırdı. Qorxudan bayıra qaçdım. Pilləkənlərdə oturaraq ağladım. Özümə gələndən sonra Təcili Tibbi Yardım Stansiyasına zəng vuraraq həkim çağırdım. Onlara gələn həkimlər Sehranı maşına mindirərək apardı. Həkimlərlə bərabər mən də xəstəxanaya getdim. Sonra polis bölməsinə gedərək törətdiyim əməli etiraf etdim. Cinayət törətdiyimə görə səmimi peşiman olduğumu bildirdim”.

İlkin qeyd edib ki, atalığı Sehrandan üzr istəyərək onunla barışıb, hadisədən sonra və hazırda da ailə kimi bir evdə yaşayırlar.

Məhkəmənin hökmü ilə İlkinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top